"ABŞ-da daxili qarşıdurmanın sərhədləri silinirmi?.."
ABŞ-ın ən böyük şəhərlərindən biri olan Los-Anceles son günlərdə bənzəri olmayan bir böhran yaşayır. Meksikalıların ön cəbhəsində yer aldığı miqrant etirazları nəinki sosial gərginliyi zirvəyə çatdırıb, həm də ABŞ tarixində görünməmiş zorakılıqlara yol açıb.
Moderator.az xəbər verir ki, bu barədə satirik "The Babylon Bee" portalı yazıb.
Bu hadisələrin fonunda satirik portalda yayımlanan, prezident Donald Trampın şəhərə nüvə bombası atdığına dair uydurma bir xəbər düşündürücü bir reallığı - ABŞ-ın daxilində getdikcə sərtləşən siyasi və sosial təzyiqləri karikatura kimi əks etdirir.
"Üsyan, təzyiq və Trampın ritorikası..."
Meksikanın "La Jornada" nəşrinin yazdığına görə, Los-Ancelesdə başlayan etirazlar sadəcə adi bir küçə hərəkatı deyil, daha genişmiqyaslı və dərin sosial ziddiyyətlərin partlayış nöqtəsidir. Şəhərdəki ləyaqətli və qanuni miqrantların sayı 40 faizə yaxınlaşır və onların bir qisminin radikallaşaraq küçələrə çıxması ABŞ hakimiyyətinin son illərdə apardığı təcridetmə və deportasiya siyasətinə birbaşa cavabdır. Trampın hakimiyyət ritorikası, xüsusilə latın və afroamerikalı və asiyalı icmaların "ölkənin problemi" kimi təqdim olunması onsuz da gərgin olan vəziyyəti qızışdırıb.
İmmiqrasiya və Gömrük Polisi və Daxili Təhlükəsizlik Departamentinin Los-Ancelesdə keçirdiyi kütləvi reydlər, o cümlədən qanuni statusa sahib insanların da tutulması xalq arasında hiddət doğurub. Ardınca ordu hissələrinin, xüsusən də Milli Qvardiyanın şəhərə göndərilməsi, Kaliforniya qubernatorunun razılığı olmadan baş verməsi, hüquqi və konstitusion çərçivələrin pozulması kimi qiymətləndirilir. Şəhər indi sözün həqiqi mənasında bir hərbi zona təsiri bağışlayır.
Sosial parçalanma və mübarizənin yeni forması
Los-Ancelesdə vəziyyət yalnız fiziki qarşıdurmalarla deyil, sosial əlaqələrin dağılması ilə də ağırlaşır. İnsanlar evlərindən çıxmır, miqrant mənşəli müəssisələr boş qalır, qorxu və güvənsizlik gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Həmkarlar İttifaqları və qeyri-hökumət təşkilatları ya susur, ya da öz varlığını qorumağa çalışır.
Eyni zamanda, bəzi yerli icmalar, xüsusilə də latın amerikalı qonşuluq birlikləri, mülki müdafiə mexanizmləri formalaşdırmağa başlayıb. Onların məqsədi sadəcə öz ailə və mülklərini qorumaq deyil, həm də ictimai bağların qopmasının qarşısını almaqdır. Çünki tarix göstərir ki, belə vəziyyətlərdə ən böyük dağıntı sosial toxumada baş verir.
Satira və reallıq arasında sərhəd silinir
Məhz bu fonda "The Babylon Bee" satirik xəbər saytının yaydığı "Tramp Los-Ancelesə atom bombası atdı" adlı yazı öz-özlüyündə təkcə yumor deyil, ictimai əks-səda doğuran dərin metaforadır. Yazıda Trampın şəhəri "bərpa olunmaz xaosdan" xilas etmək üçün "gözəl və qalın bomba" qərarı verdiyi deyilir. Bu absurd ssenari, əslində, prezidentin reallıqda da oxşar dərəcədə sərt qərarlar verə biləcəyi narahatlığını təcəssüm etdirir.
Yazıda istehzalı şəkildə göstərilir ki, bombanın partlayışı 7,5 kilometr yüksəklikdə baş verib, nəticədə yüz minlərlə insan ölüb və Tramp sosial şəbəkədə bunun "əla qərar" olduğunu bildirib. Bu, əslində, təkcə mübaliğə deyil, Trampın dilində tez-tez rast gəlinən ritorik həmlələrin ifrat formasıdır. Onun bəyanatlarında real zorakılıq çağırışları və ksenofobiya elementləri heç də nadir deyil.
ABŞ daxilində parçalanma təhlükəsi
Los-Ancelesdəki hadisələr göstərir ki, ABŞ daxilindəki etnik, sosial və siyasi parçalanma son dərəcə təhlükəli həddə çatıb. Trampın "Amerikanın böyüklüyünü geri qaytarmaq" şüarı altında yürütdüyü siyasət daxili düşmən obrazı yaradaraq toplumlararası uçurumu dərinləşdirir.
Bütün bunlar fonunda satira gerçəyə, zarafat isə qorxuya çevrilir. Əgər siyasi və ictimai elitalar bu gedişata qarşı dayanıqlı mexanizmlər qurmasa, Los-Ancelesdə baş verənlər nəinki bir şəhərin faciəsi, həm də bütöv bir ölkənin daxili dağılmasının başlanğıcı ola bilər.