“Arsenal”ın braziliyalı müdafiəçisi Qabriel Maqalyayns “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland haqda söhbət açıb.
Arena.az “City Xtra” dərgisinə istinadən, 27 yaşlı mərkəz müdafiəçisinin müvafiq açıqlamasını təqdim edir:
“O, sadəcə yırtıcıdır. Gözünü qırpmağın kifayətdir ki, o, dərhal vurduğu qolunu qeyd edir, bu qədər cəld və güclüdür. O, məndən boyca uca və çox qüvvətlidir. Hər şeydən yaxşısı, ona, topa nəzarət etməsinə imkan verməkdir, bu halda o, bir o qədər də təhlükəli deyil. Amma sizin, Bernardo Silva, Kevin De Bröyne kimi oyunçularınız olduqda… Bu oyunçular onun necə qaçıb açıldığını görəndə, dərhal azad bölgələrə ötürmə verəcəklər – işiniz bitəcək…”, deyə Maqalyayns vurğulayıb.
Mərkəz hücumçusu Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyul ayında 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib.
Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2034-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Erlinq “şəhərlilər”in heyətində bütün yarışlarda 44 oyuna çıxıb, 31 qol vurub, 4 məhsuldar ötürmə verib.
Halandın “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə 142 oyun, 121 qol və 20 məhsuldar ötürmədən ibarətdir.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland cari mövsümə isə İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.
Erlinq Haland hazırda kapitanı olduğu, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 43 oyuna 42 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.
