İyunun 14-də Latviyada Kommunist Soyqırımı Qurbanlarının Anım Günü qeyd edilir. 1941-ci il iyunun 13-dən 14-nə keçən gecə Latviya əhalisi SSRİ cəza düşərgələrinə və məcburi əmək poleqonlarına deportasiya olunub. Proses zamanı sürgün olunanlardan bir çoxu aclıqdan, xəstəlikdən və qeyri-insani münasibət nəticəsində dünyasını dəyişib.
Hafta.az-ın yazdığına görə, Latviya əslində iki kütləvi deportasiya yaşayıb: birincisi, 14 iyun 1941-ci ildə, əsasən, Latviya ziyalıları, ikinci isə, martın 25-də Latviya kəndləri sürgün siyasətinin qurbanı olublar. 14 iyun 1941-ci ildə Latviyanın yüz illik yolu faciəli itki ilə yadda qaldı - Sovet işğalı zamanı bir gündə 15443 Latviya sakini deportasiya edilib. Bu zorakılıq 5 mindən çox ailəni əhatə edib. Sovet rejimi təkcə böyükləri deyil, uşaqları da vəhşicəsinə hədəfə alıb. Deportasiya edilənlərin 15 faizi 10 yaşından kiçik uşaqlar olub. Sənədlər göstərir ki, deportasiya edilən ən gənc şəxs 1941-ci il iyunun 14-də Stende stansiyasında vaqonda doğulmuş Arvids Baumanisdir. O, 1942-ci il aprelin 4-də sürgün yollarındaca həlak olub.
Ümumiyyətlə, sürgün olunanlardan bəziləri, xüsusilə də kişilər, qısa zaman içində heç bir əsas gətirilmədən – məhkəməsiz-filansız güllələnib, digərləri isə Sibirə yerləşdirilib. Bu insanların böyük hissəsi Latviya siyasətinin, biznesinin, mədəniyyətinin fəalları idi. Onların əksəriyyəti 40-50 yaşlarında Riqa sakinləri olub. Ona görə də bu dəhşətli proses bəzən Stalinin Latviyanın "başını kəsmək" cəhdi kimi təsvir olunur.
Qeyd edək ki, deportasiya edilənlərin təxminən 40 faizi sügün zamanı yollarda, aclıqdan və xəstəlikdən və ya Sibirin sərt soyuğuna tab gətirməyərək ölüb.
1949-cu il martın 25-i tarixində isə sovet hakimiyyəti orqanları tərəfindən latış xalqına qarşı ən böyük deportasiya icra olunub. İşğal rejiminə müqavimətin qarşısını almaq üçün bir gündə - martın 25-də Latviyadan 42 minə yaxın insan sürgün edilib. Özü də onlara qarşı qeyri-insani rəftar olunub, insanlar mal-qara daşınan vaqonlara doldurularaq SSRİ-nin ucqar regionlarına göndərilib.
"Sahil dalğası" əməliyyatı 1949-cu ilin əvvəlindən diqqətlə hazırlanmışdı - silahlı qüvvələrin, avtomobil və dəmir yolu nəqliyyatının təşkili, deportasiya ediləcək şəxslərin siyahılarının tərtibi, habelə sürgün olunanların köçürüləcəyi yerlərin müəyyənləşdirilməsi və sair dəqiq planlaşdırılmışdı. 14 mindən çox hərbi qulluqçu və daxili işlər zabitindən ibarət 3005 əməliyyat qrupu təşkil edilib və hər qrupa 3-4 ailəni qatarlara mindirmək tapşırılmışdı. Sibirə ilk qatar Ropajidən martın 25-də günorta, sonuncu əlavə eşelon isə martın 30-da səhər yola salınıb.
Deportasiyanın əsas məqsədi kənd yerlərində əhalinin müqavimətinin qarşısını almaq, hədə-qorxu ilə kəndliləri kolxozlara qoşulmağa məcbur etmək idi.
Tarixi faktlar sübut edir ki, sürgün siyasəti latış cəmiyyətini tədricən, məqsədyönlü şəkildə məhvetmə idi. Kommunist soyqırımı təkcə fiziki qırğın deyildi, xalqın ruhunu sındırmaq, milli kimliyi məhv etmək, azad insanları sistemdə itaətkar dişlərə çevirmək cəhdi idi.
Onu da qeyd edək ki, yalnız latışlar deyil, Latviyada yaşayan bütün etnik azlıqların nümayəndələri - yəhudilər, almanlar və polyaklar sürgün edilib. Deportasiyanın struktur təhlili göstərir ki, təkcə 14 iyun tarixində sürgün olunmuş hər 10 Latviya sakinindən dördü – 6081 nəfəri həbsxanalarda və ya əmək düşərgələrində dünyasını dəyişib.
Sağ qalanların da bir çoxu ağır və sağalmaz xəstəliklərə tutulub, həyatları, sağlamlıqları və karyeraları məhv olub. Sürgündən qayıdan insanlar uzun illər müxtəlif ayrı-seçkiliyə məruz qalıblar. Onlara müsadirə olunmuş əmlakları geri qaytarılmayıb, təhsil almaqda, məsul vəzifə tutmaqda problem yaranıb. Deportasiya edilənlər özlərini sovet rejimi altında hüquqları məhdud olan və hakimiyyətin həmişə şübhə ilə yanaşdığı ikinci və ya üçüncü dərəcəli insanlar kimi hiss edirdilər.