BAKI, TurkicWorld
Depressiyaya ən çox məruz qalan peşələr açıqlanıb
TurkicWorld xəbər verir ki, ABŞ-da aparılan genişmiqyaslı araşdırma bəzi peşə sahələrində çalışan insanların depressiyaya daha çox məruz qaldığını ortaya çıxarıb. 2015–2019-cu illəri əhatə edən və 37 ştatdan 536,279 işçinin məlumatlarının təhlil edildiyi tədqiqatda iştirak edən 80,319 nəfər həyatlarının bir dövründə onlara depressiya diaqnozu qoyulduğunu bildirib.
Tədqiqat nəticələrinə görə, depressiyaya ən çox məruz qalanlar – 20,5 faizlə – icma və sosial xidmət sahəsində çalışanlardır. İkinci yerdə isə yemək hazırlama və xidmət işçiləri qərarlaşıb – 20,1 faiz.
Digər yüksək nisbətlərə sahib sahələr bunlardır:
İncəsənət, əyləncə, idman və media – 18,6%
Yaşayış və yemək xidmətləri – 18,4%
Səhiyyə və sosial yardım – 18,2%
Pərakəndə ticarət – 17,7%
Hüquq, təhsil və kitabxana sahələri – 16,1%
Ən az depressiya göstəricisi isə mədənçıxarma sahəsində müşahidə edilib – cəmi 6,7 faiz. Tikinti (8,9%) və kənd təsərrüfatı və maşınqayırma (9%) sahələri də aşağı göstəricilər arasındadır. Lakin qeyd olunub ki, bu sahələr eyni zamanda ABŞ-da ən yüksək intihar nisbətlərinin qeydə alındığı sektorlardır. Tədqiqatçılar bunun səbəblərindən biri kimi psixoloji dəstək xidmətlərinə çıxışın məhdudluğunu və bu peşələrdə çalışanların psixoloji yardım almağa qarşı mövcud olan sosial qərəzləri göstəriblər.
Qeyd edək ki, dekabr 2024-də Resume Genius tərəfindən dərc edilən digər hesabatda isə daha az stressə səbəb olan yüksək maaşlı işlər təqdim olunub. Bu işlər arasında astronom, riyaziyyatçı, ekoloji iqtisadçı, aktuar, coğrafiyaçı və su ehtiyatları üzrə mütəxəssislər yer alıb. Bu peşələrin ortaq xüsusiyyətləri arasında daha sabit iş saatları, idarəolunan iş yükü və dəstəkləyici iş mühiti göstərilib.