AZ

“İndiki durumda istər Rusiya, istərsə də Çin İrana hərbi dəstək verə bilməz...”

“İranın son Hindistan-Pakistan qarşıdurması zamanı Hindistanı müdafiə etməsi əminəm ki, Çinin xoşuna gəlməyib...”
 
Görəsən, bu ilin yanvarında müdafiə sahəsi də daxil olmaqla İranla Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalamış Rusiya BMT TŞ-nin son iclasında İsrailin İrana hücumunu pisləməklə kifayətlənəcək, yoxsa bu ölkəyə bacardığı hərbi dəstəyi də verəcək?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bunları dilə gətirib:
 
“Doğrusu, Rusiyanın hərbi sahədə İrana dəstək verəcəyini düşünmürəm. Həm də İsrail-İran müharibəsi indi başlamayıb axı... Geniş mənada bu savaş artıq bir ildir ki, gedir. İndiki əməliyyatlar sadəcə əvvəlkilərin davamıdır. Və bu günədək  həmin müharibəyə münasibətdə hansı dövlətin hansı mövqedə olduğu artıq bəllidir.  Bundan sonra da mövqelərin ciddi şəkildə dəyişəcəyini doğrusu gözləmirəm... 
 
Rusiya ilə İran arasında xatırlatdığınız müqaviləyə gəldikdə, iki ölkə arasında müqavilələr çoxdur. Amma real vəziyyətdə nə Rusiya İrana, nə də İran Rusiyaya kömək edə bilər. Çünki artıq İrana qarşı ssenari bəlli idi. Bir neçə ay öncədən bu ölkənin hava hücumundan müdafiə sistemi, demək olar ki, sıradan çıxarılıb. ABŞ və İsrail də açıq şəkildə bəyan ediblər ki, əgər İran nüvə proqramı və raket istehsalıyla bağlı danışıqlarda razılığa gəlməsə, nüvə obyektlərinə və hərbi bazalara zərbələr endiriləcək”. 
 
Bəs Çinin İrana hərbi dəstək verəcəyi gözlənilmir ki?” sualına isə sabiq baş diplomat belə cavablandırıb:
 
“Əvvəla, İranın son Hindistan-Pakistan qarşıdurması zamanı Hindistanı müdafiə etməsi əminəm ki, Çinin xoşuna gəlməyib. Çünki Pakistan Çinin yaxın hərbi müttəfiqlərindəndir. İlk  növbədə Hindistana qarşı... Yəni onların geniş münasibətləri var. İran isə özünün də Çinlə geniş münasibətləri olmasına rəğmən birdən-birə Hindistanı müdafiə edən bəyanatlar verdi.  Yəni inanmıram ki, Çin indiki mərhələdə İranın müdafiəsi üçün ciddi iş görə bilər...”
 
Sultan Laçın   
 
Seçilən
13
moderator.az

1Mənbələr