AZ

Pekində Çin Azərbaycan Gənclər Forumu keçirilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Pekin, 14 iyun, AZƏRTAC

Pekin Xarici Dillər Universitetində (PXDU) “Birinci Çin-Azərbaycan Gənclər Forumu: Yüksəksəviyyəli tərcümə və mədəniyyətlərarası ünsiyyət seminarı” keçirilib.

AZƏRTAC xəbər verir ki, PXDU-nun Asiya fakültəsinin təşkilatçılığı və Azərbaycan dili kafedrasının icraçılığı ilə keçirilən forumda iki ölkənin 20-dən çox ali təhsil ocağından 60 alim, tələbə, gənc tədqiqatçı, tərcümə eksperti iştirak edib.

Forumun sədri, PXDU Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev bildirib ki, qədim mədəni əlaqələrə malik Azərbaycan ilə Çin arasında hərtərəfli münasibətlər hazırda ölkə rəhbərlərinin müəyyən etdiyi strateji yolla sürətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Çinə dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da təhsil və elmi əlaqələrə, eləcə də Azərbaycan və Çin dillərinin tədrisinə xüsusi yer ayrılır. Sənədin ruhuna uyğun olaraq keçirilən Azərbaycan-Çin Gənclər Forumu iki dost ölkənin gəncləri arasında dialoqa töhfə verməklə bərabər, ümumilikdə mədəniyyətlərarası dialoqun intensivləşməsinə yardım etməyi hədəfləyib.

Pekin Xarici Dillər Universiteti Asiya fakültəsinin dekanı xanım Su Yinqyinq forumun Çin-Azərbaycan gəncləri arasında mübadiləni gücləndirmək, iki xalq arasında qarşılıqlı anlaşma və dostluğu dərinləşdirmək, “Kəmər və Yol” təşəbbüsü çərçivəsində mədəni və təhsil əlaqələrinə təkan vermək məqsədi daşıdığını diqqətə çatdırıb. O, xalqlarımızın mədəniyyət, adət-ənənə, milli düşüncə və dəyərlər baxımından bir-birinə çox yaxın olduğunu, təmsil etdiyi universitetdə 10 ilə yaxındır fəaliyyət göstərən Azərbaycan dili kafedrasının iki xalq arasında mədəni və təhsil mübadiləsinə önəmli töhfələr verdiyini deyib. PXDU-nun Azərbaycan dili kafedrası Azərbaycan dilinin tədrisindən başqa Çin-Azərbaycan mədəni münasibətləri yönündə fəaliyyət göstərir, lüğətlər tərtib edir, iki ölkənin elm və təhsil əlaqələrinin inkişafına təkan verir.

“Çin və Azərbaycan arasında münasibətlər günü-gündən dərinləşir, çinli alimlərin Azərbaycanla bağlı tədqiqatları və Azərbaycan haqqında bilikləri günü-gündən çoxalır, Çində Azərbaycan üzrə tədqiqatlar artıq zəngin potensiala malik bir elmi tədqiqat obyektinə çevrilib”, - deyən Su Yinqyinq əlavə edib ki, PXDU iki ölkənin elm və təhsil əlaqələrinin inkişafı üçün Azərbaycanın müxtəlif qurumları, o cümlədən Heydər Əliyev Fondu, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti ilə sıx əməkdaşlıq edir.

Azərbaycanın Çindəki səfirliyinin müşaviri İbrahim İbrahimov iki xalq arasında dostluq münasibətlərinin qədim tarixə və zəngin mədəni irsə əsaslandığını, hazırda ölkələrimiz arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək, yeni inkişaf mərhələsini yaşadığını diqqətə çatdırıb.

Forumun Azərbaycan və Çin gəncləri arasında dostluğun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm bir platforma olduğunu vurğulayan diplomat, tədbirin əsas mövzusu olan yüksək səviyyəli tərcümə və mədəniyyətlərarası ünsiyyətin qloballaşan dünyada olduqca aktual və vacib məsələ olduğunu deyib: “Dillər yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqların tarixini, mədəniyyətini və dünyagörüşünü daşıyan körpülərdir. Tərcüməçilər və dil mütəxəssisləri bu körpüləri quraraq, xalqlar arasında anlaşmaya və əməkdaşlığın təmin olunmasına töhfə verirlər”.

Sonra əsas məruzəçi qismində PXDU-nun Yüksək tərcümə fakültəsinin dekan müavinləri Yao Bin və Li Çanqşuan müvafiq olaraq “Süni intellekt dövründə şifahi tərcümə praktikası - insan tərcüməsinin unikal dəyəri haqqında” və “Tərcümə prosesində anlama, ifadə və çeviklik”, universitetin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev “Mədəniyyətlərarası ünsiyyət prizmasından Çin dilində mədəni yüklü sözlərin Azərbaycan dilinə tərcüməsi - klassik əsərlər nümunəsində” mövzularında çıxış ediblər. Forumun tematik panel iclaslarında Çin Sosial Elmlər Akademiyasının alimləri, Çinin və Azərbaycanın ali təhsil ocaqlarının ekspertləri, bakalavr, magistr və doktorant tələbələri müxtəlif mövzularda məruzələri dinlənilib.

Sonda forum iştirakçılarına sertifikatlar təqdim olunub. Bundan başqa, PXDU-nun Asiya fakültəsinin keçirdiyi tədbirlərə müntəzəm media dəstəyinə görə AZƏRTAC-ın və AzTV-nin Çin üzrə müxbirlərinə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, Çinin ən nüfuzlu ali təhsil ocaqlarından sayılan, 101 xarici dilin tədris olunduğu Pekin Xarici Dillər Universitetində 2016-cı ildə Azərbaycan dili kafedrası yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildən ali təhsil ocağında Azərbaycan dili ixtisas kimi tədris edilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
azertag.az

1Mənbələr