AZ

Müsəlman qalasından kral sarayına: “İspaniyanın ürəyi”ndən reportaj

Sevilya Əndəlusun paytaxtı olmaqla yanaşı, canlı tarixə, müxtəlif mədəniyyətlərin, dinlərin qarışığına və qədim ənənələrə malikdir. Üç min illik tarixi olan, romalıların, ərəblərin, normanların və bir çox başqalarının sahib olmaq uğrunda ölüm-dirim savaşı apardığı bir şəhərdir Sevilya.

Bu gün bu narıncı şəhərə gələn hər bir insan ürəyində buradan kiçik bir parça götürür. Turistləri incəsənət, tarix, əyləncə və zəngin mədəniyyət qarşılayır. Sevilya keçmişin heyrətamiz görməli yerləri və qalıqları, zərif memarlığı və sehrli atmosferi ilə öyünən İspaniyanın ən füsunkar şəhərlərindən biridir. Sevilyaya “İspaniyanın ürəyi” də deyirlər: İspaniyanın mədəni və tarixi ürəyi. Şəhər ilk baxışdan ovsunlayır. Sevilya turistləri həm də Avropada ən təhlükəsiz şəhərlərdən biri olması ilə cəlb edir.
Şəhər bütün dünyada Pasxa bayramı tədbirləri və aprel yarmarkası ilə məşhurdur. Səfərim aprel ayına təsadüf etdiyindən dini bayramın və yarmarkanın hazırlıqlarını müşahidə etmək fürsəti qazandım...

“Ortasından çay axan şəhərlər gözəl olur”

Şəhər turu Sevilyanın necə inkişaf etdiyi ilə bağlı tarixi səyahətə aparır. Triunfo meydanında - şəhərin mərkəzində UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş üç tarixi bina yerləşir. Dünyanın ən qədim saraylarından olan Kral Alkazar Sarayı, Hindistan Arxivi və Giralda Qülləsi olan Katedral - bütün Sevilyanı görə biləcəyiniz 90 metr hündürlüyündə zəng qülləsi...
“Ortasından çay axan şəhərlər gözəl olur” deyimi təsadüfi deyil: yamyaşıl Qvadalkivir çayı şəhəri iki hissəyə - tarixi mərkəzə və düzənlik Trianaya ayırıb.

Əndəlüsün füsunkar paytaxtında Şərq və Qərb mədəniyyətləri qəribə bir şəkildə toqquşur və qarışır. Şəhərin əsas cazibəsi orta əsr “Barrio Santa Cruz”un kiçik həyətlərində və dolama xiyabanlarında gizlənir.

Sevilya zərif binaları, daş döşənmiş küçələri, köhnə küçə lampaları və at arabaları, flamenkonun qızğın ritmləri, valehedici gitara səsləri ilə adamı ovsunlayır. Şəhər portağal, xurma ağacları, ərəb həyətləri və rəngli qapıları ilə tanınır. Sevilya - ispan həyat tərzindən zövq almaq üçün mükəmməl yerdir.

Küçələrdə gitaranın valehedici səsləri eşidilir. Şəhərin müxtəlif yerlərində ekspromt flamenko rəqsini görə bilərsiniz.

Müsəlman qalasından kral sarayına

Seçilən
13
publika.az

1Mənbələr