AZ

"Öncə proksi qüvvələri məhv edib, sonra İranın üstünə gəldilər" - Partiya sədri PROQNOZLARINI AÇIQLADI

İranla İsrail arasında illərdir davam edən siyasi və hərbi qarşıdurmalar artıq silahlı toqquşmaya çevrilib. İki gündür ki, qarşılıqlı hava hücumları nəticəsində hər iki tərəfdən ölən və yaralananlar var, mülki və hərbi infrastruktura ciddi ziyan dəyib. Tərəflərin bir-birinə yönəlik sərt bəyanatları, raket zərbələri və hava hücumları bölgədə vəziyyəti daha da gərginləşdirib. Mövcud vəziyyət hadisələrin daha genişmiqyaslı müharibəyə çevrilə biləcəyi ehtimalını gündəmə gətirir. 

Bu mövzuyla bağlı Sitat.info-ya danışan ADP sədri Sərdar Cəlaloğlu münaqişənin ciddi müharibəyə çevrilmə ehtimalını istisna etməyib: "İran-İsrail arasında bu münaqişə gözlənilən idi. Bunun bir neçə səbəbi var. Birincisi,  biz həmişə deyirik ki, dünyada qlobal iqtisadi böhran var. Bu qlobal iqtisadi böhran, həm də siyasi böhranı tətikliyir. Yəni xroniki münaqişələrin və yaxud əsassız iddiaların hamısının aktivləşməsi üçün zəmin yaranır. Bir çox hallarda xalqların diqqətini daxili siyasətdən yayındırmaq üçün bu cür xarici münaqişələrə qoşulmaq hakimiyyətlər üçün göydən düşmə bir vasitə olur. İkinci səbəb  odur ki, İranın Ukrayna müharibəsində Rusiyanı açıq şəkildə dəstəkləməsi, öz dronlarını Rusiyaya verməsi, Rusiyaya tətbiq edilən sanksiyaların nəticəsiz qalmasında xüsusi xidməti var. Vaxtilə İrana qarşı sanksiyaların pozulmasında Rusiya müstəsna rol oynayırdı. Digər tərəfdən İranın nüvə tədqiqatlarının əksər elementləri, eləcə də mütəxəssisləri Rusiya tərəfindən hazırlanıb verilirdi. İran eyni zamanda özünün qüvvəlləri ilə Yaxın Şərqdə müəyyən bir təsir dairəsi yaratmaq istəyir. Təbii ki, bu da İsrail üçün bir təhlükədir. Ona görə də faktiki olaraq İsrail bu addımları atıbdır".

S.Cəlaloğlu qeyd edib ki, ABŞ və İsrail bu hücumdan öncə İranın regiondakı proksi qüvvələrini sıradan çıxardı: "Bundan qabaq biz məlumat aldıq ki, İran İsrailin nüvə tədqiqatları ilə bağlı siyahılarını, mütəxəssislərin ev ünvanlarına qədər bütün gizli sənədlərin hamısını ələ keçirib. Bunun özü də müharibənin başlanması üçün vacib bir səbəbdir. Yəni, o sənədlər əsasında İran daha sürətlə öz tədqiqatlarını başa çatdıra bilərdi və nüvə silahını da hazırlaya bilərdi. Nüvə silahının hazırlanmaması ilə bağlı Amerika-İran arasında da danışıqlar başlanmışdı, amma bu danışıqlar da demək olar ki, effektsiz qalmışdı. Bu da bu müharibəni zəruri edən səbəblərdən biri oldu. Ümumilikdə   uzun illərdir, bəlkə də elə İsrail yaranandan bəri İranla İsrail arasında bu cürə ideoloji  qarşıdurma var. Zaman-zaman bu hərbi qarşıdurmaya da çevrilir. Məsələn, son illər İsrailin İranın bütün proksi qüvvələrini sıradan çıxartması İranı xeyli zəiflətmişdi. İlk olaraq proksi qüvvələrini məhv etdilər, sonra İranın üstünə gəldilər. O qüvvələr məhv edilmədən İranın üstünə gəlmək olmazdı. Söhbət Həmasdan gedir, Hizbulladan , Yəməndəki husilərdən gedir".

Partiya sədrinin sözlərinə görə, indiki halda İsrailin birbaşa İrana hücum etməsi onu göstərir ki, artıq İranın proksi qüvvələri əvvəlki kimi funksionallaşa bilmir: "Heç təsadüfi deyil ki, Livandakı Hizbullahın rəhbəri də bəyan etdi ki, bu münaqişədə İranı müdafiə etməyəcək və münaqişəyə qoşulmayacaq. Bu da onu göstərir ki, Hizbullah kifayət qədər gücünü itirib və belə ciddi bir münaqişəyə girmək imkanlarına malik deyil. Təbii ki, İran İsraillə uzunmüddətli bir müharibə apara bilməyəcək. Bunun iki mühüm səbəbi var. Birincisi, İranın  hava hücumundan müdafiə sistemi yoxdur. İsrail birinci  radar sistemlərini  vurdu. Hansı ki, bu sistem hava hücumundan xəbərdar olmaq və onu neytrallaşdırmaq üçün vacib olan hərbi texnologiyadır.  Birincisi, o mənbələri vurdular. İkincisi, uzun müddət sanksiyalara görə İran özünün hərbi hava qüvvələrini yeni nəsil təyyərələrlə zənginləşdirə bilmədi və yalnız raket, dron zərbələri endirə bilər. İsrail də elə uzaq bir məsafədədir ki, bu məsafəni qət edənə qədər İsrailin 100 dəfə imkanı var ki, onları Suriya üzərində, İraq üzərində və yaxud da Livan üzərində neytrallaşdırsın. Məsələn,100 dənə dron göndərilsə də biri İsrailə çatmayıb. İndi 800  raket göndərildiyini deyirlər. Çox güman ki, onların bir neçəsi İsrailə gedib çata bilər və s. Yəni, bu texnika müharibəsidir. İndi texniki üstünlük İsrailin tərəfində olduğuna görə, burada hərbi qüvvələrin sayı elə bir əhəmiyyət kəsb etmir. Eləcə də hərbi hava qüvvələrinin təchizatına görə İsrail İrandan olduqca üstündür. Amerikanın da açıq şəkildə İsraili müttəfiqi kimi  dəstəklədiyini nəzərə almalıyıq. Tramp elan elədi ki, o, bu hücumdan xəbərdar olub. Xəbərdar nə deməkdir ? Yəni, İsrailin hücumunun qarşısına almaq üçün Amerika heç bir addım atmadı. Bu o deməkdir ki, İsrailin İrana hücumunu Amerika da bəyənib və özü iştirak etməsə də razılaşıb. Ona görə, əgər İran İsrailə qarşı atacağı addımlarda kifayət
qədər müvəffəqət olsa, qarşısında Amerikanı görəcək. Hesab edirəm ki, İran öz nüfuzunu qorumaq üçün bir-iki hücum təşkil edəcək, müvəffəqiyyətli ya müvəffəqiyyətsiz. Bununla da məsələlər öz həllini tapacaq. Çünki İsrailin əsas məqsədi İranın nüvə tədqiqatlarını dayandırmaq, nüvə mütəxəssislərini sıradan çıxartmaq, nüvə silahını hazırlamaq üçün lazım olan texnikanı, texnologiyanı məhv etmək idi. Buna da nail oldu. Faktiki olaraq bundan sonra İsrailin İranla bağlı hər hansı biri iddiası yoxdur.

S.Cəlaloğlu qeyd edib  ki, bu imkanlar əlindən çıxandan sonra İran beynəlxalq ictimaiyyətlə daha ciddi əlaqələr yaratmağa çalışacaq: "Çünki İranın Avropa və Amerikaya ilə münasibətlərin qarşısında duran ən ciddi məsələlərdən biri nüvə silahı hazırlanması idi ki, bu da aradan çıxandan sonra heç bir maneə qalmır. Təbii ki, burada Rusiyanın davranışlarından çox şey asılıdır. Əgər Rusiya Avropanın, İsrailin və Amerikanın İranı nüvə silahını əldə etməkdən çəkindirmək siyasətə ilə barışmayacaqsa, çox tezliklə İsrailin sıradan çıxartdığı o boşluğu doldurmağa cəhət edəcək. Gərək beynəlxalq ictimaiyət də buna çox diqqət etsin. Hər halda belə hesab edirəm ki, bu İsrail-İran münaqişəsi xroniki bir münaqişə olaraq davam edəcək. Zaman-zaman kəskinəşəcək, aktivləşəcək. Amma bütünlükdə dünyanın siyasətinə təsir etməyəcək. Bu gün İranın yanında heç bir dövlət yoxdur. İran özü elə bir siyasət aparır ki, Rusiyadan, Çindən və Koreyadan başqa özünə ciddi bir müttəfiq tapa bilməyib. Qonşu dövlətlərin hamısı ilə mübahisəsi var. İslam dövlətlərinin hamısı ilə münasibətlər
olduqca soyuqdur. Bəziləri ilə hətta düşmən münasibətindədir. Ona görə İranın özünü İslam dünyasındanvə qonşulardan təcrid etmək siyasəti bugün İranın müdafiə olunmasında, beynəlxalq ictimaiyyətin İranı müdafiə etməsində çox ciddi problem yaradır. Bunun da günahı İran hakimiyyətinin özündədir".

Əlisahib İbrahimli,

Sitat.info 

Seçilən
25
sitat.info

1Mənbələr