AZ

"Yaxın Şərqdəki gərginlik Rusiyanı gücləndirə bilərmi?" - ISW

 
"İran-İsrail toqquşması və neftin bahalaşması Kremlin Ukraynadakı müharibəsinə necə təsir edir?.."
 
Yaxın Şərqdə İsrail və İran arasında alovlanan gərginlik təkcə regionun təhlükəsizliyinə deyil, həm də qlobal enerji bazarına və dolayısı ilə Ukrayna müharibəsinə birbaşa təsir edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.
 
Hesabata əsasən, bu qarşıdurma Rusiyanın müharibə qabiliyyətinə təsir edə biləcək mühüm bir iqtisadi fürsət- neftinin qiymət artımını yaradır.
 
Neft bahalaşması Kreml üçün fürsətə çevrilə bilər
 
13 iyun tarixində İsrailin İrana endirdiyi zərbələrdən sonra "Brent" markalı neftin bir barreli 5 faizdən çox bahalaşaraq 74,47 dollara qalxıb. Bu artımın birbaşa nəticəsi olaraq neft gəlirlərindən asılı olan Rusiya iqtisadiyyatı müəyyən qədər nəfəs ala bilər. 2024-cü ilin rəsmi məlumatlarına görə, Rusiyanın federal büdcəsinin təxminən 30 faizi məhz neft və qaz satışından əldə edilir.
 
Son dövrlərdə sanksiyalar Kreml üçün böyük bir yükə çevrilib. Qərb ölkələrinin tətbiq etdiyi iqtisadi təzyiqlər Rusiyanın uzunmüddətli müharibə planlarını çətinləşdirib. Vladimir Putin isə açıq şəkildə neftin ucuzlaşmasından narahatlığını ifadə edib. O, enerji qiymətlərinin düşməsinin Rusiya iqtisadiyyatını sarsıdacağını dəfələrlə bildirib.
 
ISW qeyd edir ki, əgər neftin qiyməti 60 dollardan yuxarı qalarsa, Rusiya bu şəraitdən istifadə edib Ukraynadakı müharibəni daha uzun müddət maliyyələşdirə bilər. Yəni Yaxın Şərqdəki qeyri-sabitlik Kreml üçün fürsətə çevirə bilər.
 
İran-İsrail qarşıdurmasının Ukraynaya təsiri
 
Ukraynalı hərbi analitik Aleksandr Musiyenko bu münaqişənin Kiyev üçün həm risklər, həm də imkanlar yaratdığını vurğulayır. Risklər arasında neftin bahalaşması ilə Rusiyanın daha çox pul qazanması və Qərb ölkələrinin diqqətinin Ukraynadan İsrailə yönəlməsi göstərilir. Bu, Ukrayna üçün strateji dəstəyin zəifləməsi anlamına gəlir.
 
Bununla yanaşı, müsbət tərəflər də var. İrana qarşı artan təzyiqlər və təhlükəsizlik problemləri Tehranın Rusiyaya dəstək imkanlarını azalda bilər. Qeyri-rəsmi məlumatlara görə, İsrailin son hücumları nəticəsində Ali Lider Ayətullah Xameneinin yaxın müşaviri və Moskva ilə hərbi-texniki əməkdaşlığa cavabdeh olan Əli Şamxani həlak olub. Bu, Tehranın Kreml ilə koordinasiyasını zəiflədə bilər.
 
Qlobal böhranlar bir-birini gücləndirir
 
Yaxın Şərqdəki hərbi eskalasiya və Ukraynada davam edən müharibə göstərir ki, bölgəsəl münaqişələr bir-birini təsirsiz ötüşmür. Enerji bazarındakı hər bir dəyişiklik qlobal siyasi münasibətlərə yön verir. Rusiya isə bu xaosdan həm siyasi, həm də iqtisadi cəhətdən faydalanmağa çalışır.
 
Nəticə olaraq, İsrail-İran qarşıdurmasının kimin xeyrinə işləyəcəyi hələ tam bəlli olmasa da, Rusiya bu fürsəti öz xeyrinə çevirmək üçün addımlar atmağa başlayıb. Lakin bu, eyni zamanda, Qərbin daha çevik və strateji reaksiyasını zəruri edir. Çünki təkcə Ukrayna deyil, enerji təhlükəsizliyi və geosiyasi sabitlik də risk altındadır.
Seçilən
6
moderator.az

1Mənbələr