BAKI, 14 iyun. TELEQRAF
Bu gün Azərbaycanda 113 minə yaxın XI sinif şagirdi üçün son zəng çalındı. Onlar məktəb həyatı ilə vidalaşaraq yeni mərhələyə - müstəqil həyata qədəm qoyurlar.
Teleqraf-ın əməkdaşları Bakıda Sovet İttifaqı Qəhrəmanı HəbibullaHüseynov adına 83 nömrəli məktəb-liseyin “Son zəng” tədbirində iştirak ediblər.
Saat 10:00-da başlayan tədbirməktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin, qonaqların və şagirdlərin iştirakı ilə məktəbin həyətində keçirildi. Tədbirdə həmçinin şəhid baş leytenant Cəmil Nəcəfovun və şəhid Rövşən İsmayılovun anası da iştirak edirdi.
Təhsil ocağının direktoru Almaz Bayramova bu il XI siniflərdən 119 nəfər şagirdin məzun olduğunu deyir: bildirdi: “Onlardan 9-u fərqlənmə attestatına, 2 nəfər isə xüsusi nümunəli attestata və qızıl nişana namizəd göstərilib. Məzuniyyət isə son deyil, yeni həyatın başlanğıcıdır.
Arzu edirəm ki, şagirdlərimiz bu yolu uğurla davam etdirsinlər. Onlar qalib ölkənin gəncləridir və bugünkü gün onların həyatındakı ən əlamətdar tarixlərdən biridir. Ailələrinə layiqli vətəndaş olsunlar, məktəblərinin adını daim ucaltsınlar".
"Son zəng" tədbirinin təşkilinə gəlincə, direktor onunla bağlı məktəblərə müvafiq təlimatın göndərildiyini, bu günkü tədbirin həmin qaydalara əsasən keçirildiyini dedi.
Şəhid Cəmil Nəcəfovun anası müəllimlərə gözaydınlığı verir: "Neçə illərdir onlar bilik və təcrübələrini bu uşaqlara sevgi ilə ötürüblər. İndi onlar ali təhsil ocaqlarına qədəm qoyacaqlar. Vətənimizi sevsinlər, torpağımızı göz bəbəyi kimi qorusunlar. Hansı sahədə olmalarından asılı olmayaraq vətəndaşlıq məsuliyyətini heç vaxt unutmasınlar.
Evimin tək oğlu Cəmil bu gün yanımda olmasa da, sevinirəm ki, bu cür gənclər var. Bu, mənim üçün qürurvericidir”.
11 A sinfinin sinif rəhbəri, Azərbaycan dili müəllimi Zəhra Qəmbərova bu gün məzun olan uşaqlara 5-ci sinifdən dərs deyir:
“Bu illər ərzində mən onlar üçün təkcə müəllim yox, həm də bir ana olmağa çalışmışam. Nəinki bu gün, bərabər keçirdiyimiz çox gözəl günlər təkcə onların deyil, mənim də xatirəmdə əbədi qalacaq. Mənim sinfimdə 15 nəfər var idi. 680 və 685 bal toplayan şagirdlərimiz var. Əminliklə deyə bilərəm ki, bizim nəticəmiz 100 faizdir – sinfimin bütün şagirdləri artıq ali məktəbə qəbul olub”.
11 B sinfinin şagirdi Həsən İsfəndiyarov bu günün həm sevincli, həm də kədərli olduğunu deyir:
“Bu gün məktəb həyatımızın son günüdür, amma eyni zamanda yeni başlanğıcdır. 11 ilin şagirdi olaraq son dəfə bu həyətə daxil olduq. Sinif yoldaşlarımın hər birini təbrik edirəm. Onlara uğurlar arzulayıram.
Mən lll qrup üzrə 587 bal toplamışam və hüquq fakültəsinə qəbul olmaq istəyirəm. İkinci cəhd imtahanına da hazırlaşıram.
Bütün sinif yoldaşlarımın xatirəsi mənim üçün çox əzizdir, dostlarımla keçirdiyim xüsusi anlar isə unudulmaz olaraq qalacaq”.
11 C sinfinə 11 il ingilis dili fənnini tədris edən Nüşabə Musayeva isə şagirdləri ilə fəxr etdiyini deyir:
“Uşaqlarımız yüksək nəticələr göstəriblər. Olimpiadalarda qalib olan şagirdlərimiz var. Qəbul imtahanında yüksək bal toplayıblar. Onlarla bağlı xatirələrim çoxdur – şıltaqlıqları, gülüşləri, ağlamaqları… Tədbirdən əvvəl söhbət etdik, göz yaşlarımızı saxlaya bilmədik”.
11-ci sinif məzunu Nilufər həm təəssüratlarını, həm də uğurlarını bölüşür: “11 illik məktəb həyatımıza bu gün vida edirik. Dinlədiyimiz hər dərs, keçirdiyimiz hər gün bizi bu ana gətirdi.
Coğrafiya fənni üzrə üç dəfə Respublika Fənn Olimpiadasının qalibi olmuşam. Qızıl nişana namizədəm. Amma bu uğurlar yalnız mənim deyil – ailəmin, müəllimlərimin və məktəb rəhbərliyinin birgə zəhmətinin nəticəsidir. Məktəbdən ayrılsaq da, bu illər yaddaşımızda əbədi qalacaq.
9-cu sinifdən İqtisad Universitetinə qəbul üçün ciddi hazırlaşıram. Hədəfim bəllidir. Bu günə qədər qazandıqlarım sabahın əsasını təşkil edir”.
11 B sinif şagirdinin nənəsi Məruzə Abbasova əlində qızılgüllərlə nəvəsini gözləyir.
“Çox gözəl hisslər keçirirəm. Allah bütün balaların yolunu açıq etsin. Özüm terapevtəm, pensiyadayam. Bu gün tək nəvəm üçün yox, bütün məzunlar üçün sevinirəm. Uşaqlarımıza uğur arzulayıram. Onlar xalqımıza xeyirli övladlar olsunlar.”
İmtahanda 617 bal toplayan, məzun Akif Babazadə: “Bu gün 11 illik yolun sonudur. İnşallah, bu, bir son deyil, davamı olacaq. Həm kədər, həm sevinc var. Artıq məktəb olmayacaq, sinif yoldaşlarım olmayacaq. Ən çox sinif rəhbərim və riyaziyyat müəllimim üçün darıxacağam. İçimdə həm sevinc, həm qəribə bir boşluq var. Bu məktəbin həyətində son dəfə addımlamaq qəribə hissdir. Amma bilirəm ki, bizi daha böyük uğurlu yollar gözləyir”.
Məzunların hazırladığı rəqslər və çıxışlardan sonra saat 12:00-da tədbir yekunlaşdı. Sonda məzunlar və birinci sinif şagirdləri birlikdə “Son zəng”i çaldılar.
Bu gün məzun olan hər bir gənci təbrik edir, zehinlərinin açıq, yollarının uğurlu olmasını diləyirik.