O gün saçlarım hörülmüşdü. Əynimdə məktəb forması, əlimdə çanta, qəlbimdə isə qarışıq duyğular vardı: sevinc, narahatlıq, bir az da kədər…
Məktəb həyətində son dəfə sıraya düzülmüşdük. Sinif yoldaşlarımla baxışlarımız toqquşanda yalnız susaraq təbəssüm edirdik. Sanki danışmağa çəkinirdik, səsimiz əsər, kövrələrik deyə. Əlimdən tutan birinci sinif şagirdinə baxanda, illər əvvəlki o balaca qızı – özümü – xatırlayırdım. Titrək addımlarla məktəbə qədəm qoyduğum, çantamdan çox valideynimin əli ilə məktəbə sarıldığım günləri.
Son zəng - o gün mənim üçün sadəcə tədbir günü deyildi. Daxilimdə baş verənləri sözlər ifadə etmək çətin idi. Gecə sinif yoldaşlarımla və müəllimlərimə vida məktubu yazmışdım:
“Bir yerdə böyüdük, eyni məktəbin divarları arasında uğurumuzu bölüşdük, məğlubiyyətimizlə barışdıq. Sabah hamımız fərqli küçələrə, fərqli yollarla çıxacağıq. Amma bu gün – bizim son birgə səhifəmizdir...”
Səhəri gün sinif rəhbərimizin vida nitqindən sonra söz istədim. Son dəfə məktəb lövhəsinin qarşısına keçib titrəyən səsimlə yazdığım sətirləri oxudum. Sinfimizə sükut çökmüşdü – müəllimlərim də, sinif yoldaşlarım də kövrəlmişdi. Bu anı illər sonra daha yaxşı anladım: bir günün dəyərli olması üçün nə bahalı geyimlər, nə bəzəkli paltarlar, nə də xüsusi bir atəşfəşanlıq gərəkdir.
İllər ötüb, indi mən müəlliməm. Təəssüf ki, son vaxtlar “Son zəng” mərasimləri mahiyyətindən uzaqlaşmağa başlayıb. İnsanlar bu tədbirə sanki məktəbə deyil, toy məclisinə gedirmiş kimi hazırlaşırlar. Bahalı avtomobillər, müğənnilər, dəbdəbəli dekorlar, foto və video çəkilişlər… Valideynlər isə bəzən imkanlarını aşaraq bu “yarışa” qoşulurlar – sosial mediada “gözəl görünmək” naminə.
Bu yanaşma, təəssüf ki, uşaqların həyatında mühüm mərhələ olan həmin günü süni və formal bir mərasimə çevirir. Halbuki, “Son zəng” məhz sadəliyi ilə yadda qalmalıdır. Bu gün – bir mərhələnin sonu, yenisinin başlanğıcıdır. Uşaqlıqdan gəncliyə keçidin simvoludur və bu keçid, onun zahiri görkəmində deyil, daşıdığı mənada gizlidir.
Məktəb təkcə bilik verilən yer deyil. O, xarakterin, dəyərlərin və şəxsiyyətin formalaşdığı mühümdür. Bu məkanı tərk edərkən, şagirdlər yalnız dərsləri deyil, həm də parta yoldaşlarının gülüşlərini, müəllimlərin nəsihətlərini və yaşadıqları hissləri özləri ilə aparırlar. Bu anların mahiyyəti təmtəraqda deyil, səmimiyyətdədir. Yaddaşlarda qalan isə geyim deyil, vidalaşarkən yaşanan duyğulardır.
Valideynlər övladlarına “ən bahalı tədbir”i deyil, “ən mənalı xatirə”ni bəxş etməyə çalışmalıdır. Çünki bu gün onların həyatındakı ilk ciddi vida günüdür. Bu, artıq övladlarının böyüdüyü, özlərini tanımağa başladıqları gündür. Onların baxışlarında əks olunan dəyərlər, sabahın cəmiyyətini formalaşdıracaq.
Son zəngin əsl dəyəri məktəbin divarlarında, müəllimin baxışında, parta yoldaşının sıxdığı əllərdə, sinif otağındakı son baxışlarda gizlidir. O gün nə geyindiyin deyil, kimə təşəkkür etdiyin və kiminlə vidalaşdığın yadda qalır. Bəziləri deyir: “Nə olsun, ömründə bir dəfə olur”. Məhz buna görə, bu gün bir dəfə yaşanmalı, amma ömürlük xatirəyə çevrilməlidir. Təmtəraqla deyil – təmkinlə və hörmətlə.
Məktəblər də bu baxışı rəhbər tutaraq, daha sadə və mənalı tədbirlər təşkil edə bilər. Məsələn, şagirdlərin məktuba yazdığı duyğuların paylaşılması, müəllimlərə təşəkkür nitqləri, xatirə lövhələrinin hazırlanması, gələcək arzuların səsləndirilməsi – bütün bunlar həm emosional, həm də yaddaqalan bir “Son zəng” üçün kifayət edir.
Dünyanın bir çox inkişaf etmiş ölkələrində – Finlandiya, Yaponiya, Estoniya kimi təhsil sistemi güclü olan cəmiyyətlərdə bu mərasimlər sadə, lakin dərin məna ilə keçirilir. Belə ölkələrdə israfçılığa yol verilmir, amma hər bir şagird bu günü minnətdarlıq və gələcəyə ümidlə xatırlayır.
Biz də bu mədəniyyəti özümüzə uyğun şəkildə bərpa edə bilərik. Hər məktəb dəyişikliyə öz daxilindən başlasa, bu ənənə yeni və sağlam bir forma ala bilər. Valideynlər övladlarına bahalı avtomobillər yox, duyğularla dolu xatirələr bəxş etməlidirlər. Müəllimlər isə son dəfə şagirdin əlini tutanda, onun gələcək həyatına işıq sala biləcək bir neçə cümlə deməyi unutmamalıdırlar.
Əgər sağlam cəmiyyət qurmaq istəyiriksə, bu cür simvolik mərasimlərə yanaşmamızı dəyişməliyik. “Son zəng” – ailə, məktəb və şagird üçbucağında dəyərlərin təcəssümü olmalıdır. Bu gün – uşaq düşüncəsindən çıxıb öz yolunu seçən bir fərdin həyat yoluna qədəm qoyduğu ilk gündür və bu gün – ciddi, dəyərli və unudulmaz şəkildə yaşanmalıdır.
Mənim üçün “Son zəng” təkcə məktəbi deyil, içimdəki o hörüklü qızın duyğularını və gələcəyə yazdığı arzuları xatırladır. Sonda bir müəllim, bir keçmiş şagird və bu günün valideyni olaraq deyə bilərəm:
Gələcəyin uğurlu insanlarını təmtəraqlı günlər yox, dəyərlərlə dolu anlar yetişdirir. “Son zəng” – səsli deyil, səssiz qalan duyğuların günüdür.
Şəxsi inkişaf üzrə kouç,təlimçi, marker, mentor,
müəllim, “Müasir metodist” layihəsinin metodisti,
yazar, “Özünə Yox De” kitabının müəllifi Nigar Mahi