İsrailin İrana hücumundan sonra bütün regionda vəziyyətin son dərəcə gərginləşdiyini, bu gərginliyin yalnız münaqişə tərəflərinə deyil, digər qonşu dövlətlərə də bu və ya digər dərəcədə sirayət etdiyi şübhəsizdir. Təsadüfi deyil ki, rəsmi Bakı hadisənin elə ilk günündə bəyanat verərək baş verənlərdən narahatlığını dilə gətirib, tərəfləri bütün anlaşılmazlıq və problemləri sülh yolu ilə həll etməyə səsləyib.
İsrail-İran müharibəsinin alovlandığı bir zamanda Azərbaycan dövləti mehriban qonşuluq, sülh və dostluq siyasətinə uyğun olaraq həyatı real təhlükə altında olan, müharibədən zərər çəkə biləcək insanların xilası istiqamətində də konkret addımlar atmaqdadır. Artıq Azərbaycanın dəstəyi ilə İranda səfərdə olan Rusiyanın P. Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiya Federasiyasının Xalq artisti və rejissor Fyodr Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gəlməsi təmin edilib. Bu münasibətlə Rusiya Federasiyasının Xalq artisti və rejissor Fyodr Bondarçuk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib.
İrandakı Rusiya vətəndaşlarının təhlkəsizliyi istiqamətində atdığı addımlara görə Rusiyanın Xarici İşlər Nazirliyi də Azərbaycana təşəkkür ünvanlayıb. Təşəkkür məktubunda deyilir:
“2025-ci il iyunun 14-nə keçən gecə Rusiyanın İrandakı səfirliyi və Rusiyanın Azərbaycandakı səfirliyinin iştirakı ilə 86 nəfərlik birinci qrup (iki uşaq) Astara Çoxtərəfli Avtomobil Nəzarət Məntəqəsi vasitəsilə artıq İran və Azərbaycan arasında dövlət sərhədinin quru hissəsini keçib.
Söhbət dünya şöhrətli rusiyalı rejissor Fyodor Bondarçukun çəkiliş qrupundan gedir. Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsində, qrupun mehmanxanada yerləşdirilməsində və vətəndaşlarımızın Vətənə qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk”.
Onu da qeyd edək ki, Rusiya XİN-nin teleqram kanalında rusiyalı qrupun sərhəddən Azərbaycan avtobusu ilə Bakı istiqamətində daşınmasının videosu da paylaşılıb.
Azərbaycanın indiki mürəkkəb situasiyada – müharibə alovları içərisində Rusiya vətəndaşlarının öz ölkələrinə təhlükəsiz şəraitdə getməsinə verdiyi dəstək Prezident İlham Əliyevin nəcib təşəbbüsü, ölkəmizin sülhpərvər siaysətinin tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycan-Rusiya dostluğunun bariz nümunəsidir.
Zaxarovanın bəyanatı Azərbaycan-Dağıstan və Azərbaycan-Rusiya dostluğu haqqında nə deyir?
Azərbaycanla Rusiya arasındakı dostluq əlaqələri və əlaqələrin inkişafının önəmi zaman-zaman Rusiya rəsmilər tərəfindən də dilə gətirilməkdə, mədəni əlaqələrin sürətlə genişlənməsində öz əksini tapmaqdadır. Xatırladaq ki, bu il mayın 27-də
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Dağıstanın mərkəzi Mahaçqala şəhərində keçirdiyi brifinqdə bu barədə maraqlı fikirlər səsləndirib. Rusiyanın XİN rəsmisi bildirib ki, Dərbənddəki Azərbaycan Dram Teatrının yenidən qurulması başa çatmaq üzrədir və yaxın zamanlar öz fəaliyyətini bərpa edəcək.
Onu da qeyd edək ki, teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığını, təchizatın müasir tələblərə cavab vermədiyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə vəsait ayrılıb.
Zaxarova 10 iyun 2025-ci il tarixli bəyanatında da Azərbaycan-Rusiya dostluğuna diqqət çəkib, Rusiyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Günü münasibətilə Prezident Vladimir Putinə ünvanladığı təbrik məktubunda da iki dövlət arasındakı mehriban qonşuluq siyasəti öz əksini tapıb. Məktubda deyilir:
“Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək münasibətləri birləşdirir. Bu gün həmin nəcib ənənələr dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafı və məsələlərin geniş spektri üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı bünövrədir.
Əminəm ki, dost xalqlarımızın və ölkələrimizin maraqları naminə biz bundan sonra da Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi, strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda çoxplanlı qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün bütün səyləri göstərəcəyik”.
Həm Azərbaycan, həm də Rusiya rəsmilərinin verdiyi bəyanatlar göstərir ki, ikii dövlət arasında sıx dostluq və mehriban qonşuluq münasibətləri dinamik şəkildə genişlənməkdə davam edir və hər iki tərəf bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır.
Azərbaycan-Dağıstan dostluğu bütün Qafqazda sülh və təhlükəsizliyi necə təmin edir?
Son illər Azərbaycan-Rusiya münasibətlərində müşahidə edilən daha bir müsbət tendesiya Azərbaycan-Dağıstan əlaqələrinin genişlənməsi, respublikalar arasında dostluq münasibətlərinin inkişafıdır. Hansı ki, Azərbaycan-Dağıstan dostluğunun güclənməsi bütün Qafqazda sülh və təhlükəsizliyə töhfə verən mühüm amillərdən biridir.
Qeyd edək ki, Azərbaycan-Dağıstan dostluğu olduqca dərin tarixi-mədəni keçmişə söykənir. Hər iki xalq arasında uzun əsrlərdir möhkəm dostluq əlaqələrinin mövcudluğu, Azərbaycan və Dağıstan xalqlarının tarixin və taleyin ən həlledici məqamlarında bir-birlərinin yanında yer alması məlum həqiqətlərdən biridir. Oxşar inkişaf yolu keçən Azərbaycan və Dağıstanın zaman-zaman terrorizmdən, müxtəlif separatçı dəstələrdən, radukal dini qrupların təxribatçı fəaliyyətindən əziyyət çəkməsi, terrorizmə qarşı mübarizədə bir-birlərinin səylərini dəstəkləməsi də respublikalar arasındakı bənzər xüsusiyyətlərdən biridir.
Azərbaycan və Dağıstanın terrorizmə qarşı barışmaz mövqeyi, bu mübarizədə sərgilədikləri həmrəylik bu gün bütün Qafqazda sülh və təhlkəsizliyin təminində mühm rol oynayır. Dağıstanda çoxlu sayda azərbaycanlının yaşaması, onların Dağıstan Respublikaısnın iqtisadi-siyasi və mədəni həyatında yaxından iştirakı da dost respublika ilə Azərbaycan arasındakı əlaqələrə müsbət mənada təsir göstərən amillərdən biridir.
Son vaxtlar Azərbaycanla Dağıstan arasında əlaqələrin daha da genilənməsi müşahidə edilir ki, bu da özünü birgə forum və tədbirlərin keçirilməsində, qarşılıqlı səfərlərin artmasında daha bariz göstərir.
Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin bu məsələdə sərgilədiyi aktivlik də qeyd olunması gərəkən vacib nüanslardan biridir. Xatırladaq ki, məhz Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə cari ilin 17 aprel tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Dağıstanda Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsi ilə birgə forum təşkil etmişdir. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80-ci ildönmnə həsr edilən Forum uğurla başa çatmış, həm Azərbaycan, həm də Dağıstan mətbuatında geniş şəkildə işıqlandırılmışdır.
Hazırda Azərbaycanla Dağıstan arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin sürətlə genişlənməsi müşahidə edilir ki, bu da ümumilikdə Azərbaycan-Rusiya dostluğunun, strateji müttəfiqlik əlaqələrinin tərəqqisi deməkdir.
Seymur ƏLİYEV