Şamaxı, 14 iyun, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxı şəhər Elşən Hüseynov adına 2 nömrəli məktəbdə “Son zəng” tədbiri keçirilib. Məktəbin həyətində təşkil olunan mərasimdə müəllim və şagird kollektivi, valideynlər, eləcə də rəsmi qonaqlar iştirak ediblər.
AZƏRTA xəbər verir ki, tədbirdə məzunlara gələcək həyat yollarında uğurlar arzulanıb, pedaqoji kollektivə isə fədakar əməyinə görə təşəkkür ifadə olunub.
Elm və Təhsil Nazirlinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ölkədə təhsil sahəsində aparılan genişmiqyaslı islahatlardan, təhsil infrastrukturunun yenilənməsi istiqamətində görülən işlərdən danışıb. O, paytaxt Bakı da daxil olmaqla ölkənin müxtəlif bölgələrində, xüsusilə də işğaldan azad edilən ərazilərdə yeni məktəblərin inşa edildiyini, bir çoxunun tikintisinin davam etdiyini bildirib.
Fərzəli Qədirov qeyd edib ki, bu, ölkə rəhbərliyinin elm və təhsilə verdiyi yüksək dəyərin, həmçinin gənc nəslin bilikli, vətənpərvər və müasir düşüncəli vətəndaşlar kimi yetişdirilməsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir. O, həmçinin Şamaxıda da təhsil sahəsinə göstərilən dövlət qayğısından danışıb və 2 nömrəli məktəbin müasir standartlara cavab verdiyini xüsusi vurğulayıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da tədbirdə çıxış edərək məzunlara gələcək həyatlarında uğurlar arzulayıb. O, Şamaxı məktəblilərinin son illərdə qazandığı uğurlardan söz açaraq, rayon məktəblilərinin yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olunmalarını təqdirəlayiq hal kimi qiymətləndirib. Tahir Məmmədov qeyd edib ki, bu nəticələr həm müəllimlərin peşəkarlığının, həm də şagirdlərin səylərinin göstəricisidir.
Məktəbin direktoru İsgəndər Həsənov təhsil ocağının fəaliyyəti və builki məzunların nəticələri barədə məlumat verib. Bildirilib ki, hazırda məktəbdə 1296 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 85 müəllim məşğul olur. Məktəbdə Azərbaycan və rus bölmələri üzrə tədris aparılır: “Bu il məktəbi 5 sinif üzrə 99 nəfər XI sinif şagirdi bitirir. Onların əksəriyyəti ali məktəblərə sənəd verib və artıq 600 baldan yuxarı nəticə göstərən şagirdlərimiz var”.
Direktor bu nailiyyətləri məktəbdə formalaşmış sistemli tədris mühiti və müəllimlərin peşəkarlığı ilə əlaqələndirib.
“Son zəng” tədbirində şagirdlər şeirlər, mahnılar, rəqslər və səhnəciklərlə çıxış ediblər. Tədbirin sonunda rəngarəng şarlar səmaya buraxılıb, məzunlar isə məktəblə vidalaşaraq yeni həyat mərhələsinə qədəm qoyublar.
Qeyd edək ki, Elşən Hüseynov adına 2 nömrəli məktəb 2020-ci ildə inşa olunub. İki korpusdan ibarət məktəbin biri 4 mərtəbəli, digəri isə 3 mərtəbəlidir. 1500 şagird yerlik təhsil müəssisəsi müasir avadanlıqlarla təchiz olunub və bütün infrastruktur yüksək səviyyədədir.