BAKI, 14 iyun. TELEQRAF
Avropada həftəlik iş saatları azalır. Mütəxəssislər bunu yarımştat iş yerlərinin artması və qadınların əmək bazarına daha çox iştirakı ilə izah edirlər.
Teleqraf xəbər verir ki, son 10 ildə Avropa İttifaqında (Aİ) həftəlik orta iş saatı 1 saat azalıb. 34 ölkənin təxminən yarısında bu azalma daha çox – 1 saatdan artıq olub. Həftəlik iş saatları qitə üzrə əhəmiyyətli dərəcədə fərqlənir.
“Eurostat”ın 2024-cü il üzrə məlumatına görə, 20–64 yaş arası tam və yarımştat işləyənlərin əsas işində həftəlik real iş saatı Niderlandda 32,1, Yunanıstanda 39,8 saat olub. Türkiyədə (43,1 saat) isə həm Aİ-yə namizəd, həm də Avropa Azad Ticarət Assosiasiyası (EFTA) ölkələri və Birləşmiş Krallıq arasında ən yüksək göstərici qeydə alınıb.
Cənubi və Şərqi Avropa ölkələrində iş saatları daha uzundur. Türkiyədən sonra Serbiya (41,3 saat), Bosniya və Herseqovina (41,1 saat) və əvvəlki illərin məlumatına əsasən Monteneqro (2020-ci ildə 42,8 saat) gəlir. Siyahıda növbəti sıralarda Yunanıstan (39,8 saat), Bolqarıstan (39 saat) və 2020-ci ilin məlumatına görə Şimali Makedoniya (39 saat) qərarlaşıb.
Bu ölkələrdə adətən, maaşlar aşağı, qeyri-rəsmi məşğulluq yüksək, yarımştat işlər isə azdır.
Qərbi və Şimali Avropa ölkələrində isə iş həftəsi daha qısadır. Niderland (32,1 saat), Norveç (33,7 saat), Avstriya və Danimarka (33,9 saat) kimi ölkələrdə həftəlik iş saatı əhəmiyyətli dərəcədə azdır. Bu regionlar güclü əmək hüquqları, yüksək məhsuldarlıq və çevik, yarımştat iş modellərinin geniş yayılması ilə seçilir.
Avropanın əsas iqtisadiyyatlarından Böyük Britaniya və İspaniyada (hər ikisi 36,4 saat), İtaliyada isə (36,1 saat) orta iş saatı Aİ göstəricisindən yüksəkdir. Qeyd edək ki, Birləşmiş Krallıqla bağlı məlumat 2019-cu ilə aiddir və ümumi azalma tendensiyası nəzərə alınaraq real rəqəm hazırda daha aşağı ola bilər.
Son 10 ildə iş saatları necə dəyişib?
2014–2024-cü illər arasında 34 ölkədən yalnız 4-də həftəlik iş saatı artıb. Litva və Kiprdə artım cəmi 12 dəqiqə, Maltada isə 6 dəqiqə təşkil edib. Əhəmiyyətli artım yalnız Serbiyada qeydə alınıb – 1 saat 42 dəqiqə.
34 ölkədən 16-da həftəlik iş saatı 1 saatdan çox azalıb, bəzi ölkələrdə bu azalma 2 saatı da keçib.
Həftəlik iş saatının ən çox azaldığı ölkələr sırasında Türkiyə (3,8 saat) və İslandiya (3,5 saat) ilk yerləri bölüşür. Belçika və Lüksemburqda da əhəmiyyətli azalma qeydə alınıb – hər iki ölkədə iş vaxtı 2,5 saat azalıb.
Daha yeddi ölkədə həftəlik iş saatı 1,5 saat və ya daha çox azalıb. Bunlara Danimarka və Avstriya (hər ikisi 1,9 saat), Almaniya (1,8 saat), Estoniya (1,7 saat), Çexiya (1,6 saat), Portuqaliya və Xorvatiya (hər biri 1,5 saat) daxildir.
İş saatlarının azalmasının səbəbləri
Mütəxəssislər bu azalma ilə bağlı bir sıra amilləri önə çəkirlər. Avropa Komissiyasının dərc etdiyi son araşdırmaya görə, 1992–2022-ci illərdə altı Aİ ölkəsində iş vaxtı tendensiyaları təhlil edilib. Tədqiqat müəllifləri – Serxio Torrexon Peres və həmkarları belə nəticəyə gəliblər ki, iş vaxtının azalması əsasən qeyri-standart iş formalarının, xüsusilə yarımştat işlərin yayılması ilə bağlıdır. Qadınların əmək bazarında daha fəal iştirakı və xidmət sektorunun genişlənməsi yarımştat işlərin artmasına səbəb olub. Tamştat işləyənlərin həftəlik iş saatı 1980-ci illə müqayisədə demək olar ki, dəyişməyib.
Tədqiqatçıların araşdırmaları həmçinin göstərib ki, fərdi sahibkarlar zamanla daha az işləyir, çünki onların arasında da yarımştat işləyənlərin sayı artır. Buna baxmayaraq, orta hesabla hələ də ən çox işləyən qrup olaraq qalırlar.