AZ

Milli dövlətimizin suverenliyinə və davamlı inkişafına zəmanət verən milli Qurtuluş missiyası

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

XX əsrin 60-cı illərinin sonlarından bugünədək Azərbaycanın müasir tarixində milli taleyimizi və gələcəyimizi mütərəqqi məcraya dəyişmiş elə bir hadisə yoxdur ki, o, müasir türk və müsəlman dünyasının ən möhtəşəm şəxsiyyətlərindən biri olan, Azərbaycan xalqının böyük oğlu, Ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olmasın. O, doğma xalqının xilaskarı kimi ən çətin və böhranlı vaxtlarında həyatını təhlükə altına alaraq, onun köməyinə yetişmiş və bütün çətinliklərin öhdəsindən bacarıqla gələrək qalib gəlmişdi. 1992-ci ilin iyununda Azərbaycan xalqının çox çətin və tarixi sınaq qarşısında qaldığı bir dövrdə Heydər Əliyev Azərbaycana və Azərbaycan xalqına sonsuz məhəbbətini və sədaqətini sübuta yetirərək görkəmli ziyalılar başda olmaqla xalqın çağırışına səs verdi. Bütün dahi liderlərin üslubunda cari situasiyanı təhlil etdi, “gəldi, gördü və qalib gəldi”. Bu, Ulu öndərin böyük siyasətə qayıdışı idi və o, Azərbaycan xalqının müasir milli tarixini “ona qədər” və “ondan sonra” kimi iki fərqli dövrə böldü. Beləliklə, Heydər Əliyevin böyük siyasətə qayıdışı və Azərbaycan Respublikasına ikinci dəfə rəhbərlik etməsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. Xalqın sosial-iqtisadi həyatında baş verən dinamik inkişaf templəri o dövrün pozitiv mahiyyətini müəyyən edən əsas amilə çevrildi və sosial-iqtisadi problemlərdən əziyyət çəkən molyonlarla insanın həyatına qurtuluş müjdəsi kimi daxil oldu. 1993-cü il 15 iyun tarixi isə millətin yeni mövludu kimi tarixə düşdü. Elə bir millətin ki, onun 32 il ərzində yetişdirdiyi və Heydər Əliyev ideyalarından güc aldığı yeni nəsil bu gün şanlı bir tarix yazır.

Ulu öndər Heydər Əliyev haqqında danışarkən, ilk növbədə, təhtəlşüurumuzda milli dövlətçiliklə bağlı əsrarəngiz bir mənzərə yaranır. Zəkasının və qüdrətinin sərhədləri olmayan Heydər Əliyevin xalq və tarix qarşısında ən böyük xidməti də, məhz “Azərbaycanlı” adlanan etnik-siyasi fenomenin milli dövlətçilik sahibi etməsi və onu müstəqillik və suverenlik kimi müqəddəs məqamlara çatdırmasıdır. Bütün elmlərin mahir bilicisi olan və liderlik zirvəsinin ən yüksək pilləsinə ucalan Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, xalqın dövlətçilik və siyasi suverenlik kəsb etməsi üçün onun mütərəqqi dəyərlərə sahib olması şərtdir. Buna görə də kərpic-kərpic qurduğu Yeni Azərbaycan evinin təməllərinə bu dəyərləri böyük ustalıqla yerləşdirirdi:

- Xalqın ictimai şüurunun və intellektinin yüksək həddə çatdırılması.

- Güclü insan kapitalının və intellektual elitanın formalaşdırılması.

- Cəmiyyətdə siyasi şüurun və yüksək siyasi mədəniyyətin bərqərar edilməsi.

- Vətənin azadlığı, xalqın istiqlaliyyəti və dövlətin ərazi bütövlüyü uğrunda mücadiləyə hazır olan vətənpərvərlər ordusunun yetişdirilməsi və “Torpaq uğrunda ölən varsa vətəndir” ideyasının gerçəkliyə çevrilməsi.

Azərbaycana qurtuluş müjdəsi gətirən, Yeni Azərbaycan binasını öz əlləri və əməlləri ilə inşa edən Ulu öndər Heydər Əliyev milli dövlətçiliyin dəqiq və qüsursuz işləyən düsturunu yaratdı və bu düstura əbədiyyət möhürü vuraraq gələcək nəsillərin azadlığına və xoşbəxtliyinə zəmanət verdi. 1993-cü il iyun ayının 15-də Ulu öndər Heydər Əliyevin Böyük siyasətə qayıdışı milli dövlətçilik düsturunda liderliyin necə mühüm əhəmiyyət kəsb etməsini bir daha sübuta yetirdi. Məhz bu vacib amil müasir milli tariximizdə daim yüksələn xətt üzrə gedən dayanıqlı inkişaf və böyük qələbələr dövrünü, qürurumuzu özümüzə qaytaran Zəfər erasını başlatdı. Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, onun xalq və Vətən qarşısında xidmətlərinin apogeyi sayılır. Ulu öndər xalqın və dövlətin ən çətin məqamlarında mübarizə meydanına atılaraq, hadisələri xalqın və milli dövlətin maraqlarına uyğun şəkildə dəyişdirdi. Yeganə inanc yeri kimi ona ümid bəsləyən insanları ixlas yoluna çıxartdı. Tərəddüd etmədən düzgün və qətiyyətli qərarlar qəbul etdi. Əməlləri ilə özünə əbədi heykəl ucaldan Ulu öndər nəsillərin qəlbində heç vaxt sönməyəcək məhəbbət alovu yandırdı. Azərbaycan xalqının milli qurtuluşunu öz üzərinə götürən Ulu öndər Heydər Əliyevin milli lider kimi özünəməxsusluğu ondan ibarətdir ki, o, ümumdünya tarixinə öz adını qızıl hərflərlə yazdırmış şəxsiyyətlərdən fərqli olaraq xilaskarlıq missiyasını iki dəfə - 1969-cu il iyul ayının 14-də və 1993-cü il iyun ayının 15-də həyata keçirmiş və liderlik zirvəsini iki dəfə şərəflə fəth etmişdir.

Doğma xalqının və məmləkətinin taleyi, rifahı, istiqbalı və gələcəyi haqqında daim və dərindən düşünən o dahi insan milli toplumun hərtərəfli inkişafı və onun dünya xalqları sırasında layiqli yer tutması üçün durmadan çalışırdı. O, yaxşı bilirdi ki, şanlı keçmişi, zəngin dövlətçilik ənənələri və davamlı insan potensialı olan bir xalqın iqtisadi, siyasi və mədəni həyatını müasir dövrün tələblərinə uyğun nizamlamaq üçün onun təhlükəsizliyini təmin etmək və intellektual imkanlarını dünya standartları səviyyəsinə qaldırmaq lazımdır. Məhz elə bu səbəbdən ümummilli liderin Azərbaycana həm birinci, həm də ikinci rəhbərliyi dövründə intellektual resursların yeni inkişaf mərhələsinə çıxarılması, elmi-texniki tərəqqinin milli insan kapitalı əsasında təmin edilməsi prioritet məsələ idi. Danılmaz faktdır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla çağdaş milli dövlətimizin möhtəşəm intellektual sütunlarının memarı məhz ulu öndər Heydər Əliyev olmuşdur.

Heydər Əliyev ekzistensiyası təkcə onun fenomen olmasına, harizmasına və varlığının fövqəlunikallığına əsaslanmırdı. O, həm də millətinin hər bir nümayəndəsinə qəlbən yaxın olan, onlara əsl atalıq qayğısı göstərən ümumxalq sevimlisi idi. Köksündə mərhəmətli ürək daşıyan Ulu öndərin dühasının və zəkasının qüdrəti məkana və zamana sığmırdı. Ulu öndər reformist şəxsiyyət idi. Belə şəxsiyyətlər möhkəm siyasi iradəyə, bir ordunun qarşısında tab gətirməyə qadir olan yenilməz qətiyyətə sahib insanlardır. Onlar mövcud situasiyaya heç vaxt müşahidəçi qala bilmir, onu toplumun maraqları, ümumbəşəri dəyərlərin təntənəsi naminə dəyişməyə can atır və buna yüksək səviyyədə nail olurlar.

Heydər Əliyevin tərənnüm etdiyi unikal həyat fəlsəfəsi həm də milli dəyərlərimizin, milli ruhumuzun intibahı üzərində köklənmişdi. O, XX əsrin 20-ci, 30-cu illərində bolşevik irticasının və sovet repressiv maşınının qurbanı olmuş milli genofondu bərpa etmək istiqamətində həyati vəzifəni şərəflə yerinə yetirmək kimi möhtəşəm bir tarixi məsuliyyəti də öz üzərinə götürmüşdü. Heydər Əliyev XX əsrin ikinci yarısında yenidən təzahür edən və fövqəladə fəallığı ilə seçilən Azərbaycan və türk passionarlığının ən parlaq nümunəsi təzahür edirdi. Heydər Əliyevin qısa müddət ərzində planetar miqyasda siyasət ulduzu kimi parlaması, müdrikliyin və uzaqgörənliyin etalonu kimi özünü təsdiq etməsi isə tarixi zərurət idi.

Heydər Əliyevin Azərbaycan Respublikasına 10 illik rəhbərliyinin sonunda beynəlxalq miqyasda ölkəmizin həm siyasi, həm də iqtisadi xəritəsində yeri, mövqeyi və perspektivləri müəyyən olundu. Bu gün yaşadığımız və xalqımızın qürur mənbəyi olan tarixi gerçəklikləri XX əsrin 90-cı illərində ölkəmizin üzləşdiyi çətinliklərlə müqayisə edəndə belə məlum olur ki, Ümummilli lider Heydər Əliyevin möhtəşəm dühası sayəsində Azərbaycanı nəinki çox dərin sosial-iqtisadi və hərbi-siyasi böhrandan xilas etmək, həmçinin ölkəmizin bugününü və gələciyini etibarlı şəkildə zəmanət altına almaq mümkün olmuşdur. Bu gün artıq xalqımız və dövlətimiz ümummilli lider Heydər Əliyevin formalaşdırdığı yeni siyasi kursun və uğurlu gələcəyə hesablanmış milli doktrinanın sayəsində ölkəmiz mövcud beynəlxaq münasibətlər sistemində “tanıtım fazasından” bütün sahələrdə öz qəti sözünü deyən və yenilməz siyasi iradə nümayiş etdirən “fəal siyasi aktor” fazasına keçmişdir. XX yüzilliyin 90-ci illərinin əvvələrində çox böyük əzablardan və çoxsaylı itkilərdən keçərək istiqlaliyyətini qazanmış Azərbaycan yalnız siyasi kuluarlarda tanınan və təşəkkül dövrünü yaşayan bir etnik-siyasi subyekt idisə, bu gün ölkəmiz həm Şərqdə, həm də Qərbdə baş verən siyasi və iqtisadi proseslərə bu və ya digər tərzdə öz təsirini göstərə bilən bir dövlətə çevrilmişdir. Dövlətimizin adı, bayrağı və himni indi ən mötəbər təşkilatlarda təmsil və tərənnüm olunur. Heydər Əliyev siyasətinin bəhrəsidir ki, bir zamanlar fövqəldövlətlərin həyata keçirdiyi yeni qlobal siyasətin qəti diqtəsi ilə oturub-duran Azərbaycan artıq geosiyasətin müəyyən olunmasında və hərbi-siyasi proseslərin Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarına uyğun şəkildə tənzimlənməsində olduqca vacib rol oynayır və dünyanın fövqəlgüclərinin qurduqları böyük planlarda müvafiq korrektivlər edir. Beləliklə, bu gün dünya xəritəsində “Azərbyacan” adlı nüfuzlu bir dövlət, Ulu öndər Heydər Əliyevin möhtəşəm əməyi sayəsində özünün bütün təbii resurslarını və insan potensialını səfərbər etməyi bacarmış qüdrətli qürurlu bir xalq var. Bu xalq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında milli tariximizə şanlı səhifələr yazır. 1988-ci ldən başlayarq, dövlətçiliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüz üçün ciddi problemlər yaradan Qarabağ məsələsi tam şəkildə həll olunmuş, suverenliyimiz və ərazi bütövlüyümüz mütləq şəkildə təmin edilmişdir. 2023-cü il 19-20 sentyabr tarixində həyata keçirilən antiterror əməliyyatlarından sonra Azərbaycanın necə bir qüdrətli dövlət və onun milli lideri cənab İlham Əliyevin necə bir qətiyyətli şəxsiyyət olması bir daha sübuta yetirildi. Sözügedən möhtəşəm tarixi hadisə ilə bağlı Azərbaycan Respublikasının Prezidsenti İlham Əliyev 2024-cü il sentyabr ayının 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Həmin Sərəncama əsasən 2024-cü ildən başlayaraq, hər il 20 sentyabr tarixinin “Azərbaycan Respublikasının Suverenliyi Günü” kimi qeyd edilməsi qərara alındı.

Ulu öndər Heydər Əliyevin bütün gücünü və siyasi istedadını səfərbər edərək ərsəyə gətirdiyi milli dövlətimizin qüsursuz işləyən mexanizmləri bu gün cəmiyyət həyatının bütün sahələrində - iqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, biznes sahəsində, sosial və mədəni sahələrdə dayanıqlı inkişafın və ictimai tərəqqinin qarantı kimi çıxış edir. Heydər Əliyev dühasının şah əsəri sayılan suveren Azərbaycan Respublikası nəinki Qafqaz regionunda, həmçinin bütün dünyada öz siyasi kursu və dəyişilməz mövqeyi olan bir dövlət kimi yeni dünya nizamının qurulmasında fəal iştirak edir. Müasir Azərbaycan Respublikası XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində hərbi təcavüzə məruz qalmış və ərazilərinin 20%-ni itirmiş dövlətdən, haqqı-ədaləti bərqərar etmiş, suverenliyini və təhlükəsizliyini qəti şəkildə təmin etmiş, regional və qlobal ticarət-iqtisadi layihələrə imza atmış qüdrətli dövlətə çevrilmişdir. Bu gün artıq Azərbaycan Respublikası Dövlət sərhədlərinin müəyyən edilməsi (demarkasiya və demilitasiya tədbirləri), kommunikasiyaların qurulması, ermənilər tərəfindən Qarabağda və Şərqi Zəngəzurda dağıdılmış yaşayış məntəqələrinin və infrastrukturun bərpası istiqamətində irimiqyaslı tədbirləri uğurla həyata keçirir. Azad edilmiş və infrastrukturu bərpa olunmuş ərazilərə Azərbaycan əhalisinin köçürülməsi isə sürətli templərlə davam edir. Artıq Xankəndinin məskunlaşdırılması prosesinə də start verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılması və həmin ərazilərin ölkənin iqtisadi və inzibati sisteminə inteqrasiyası ilə bağlı məsələlərə xüsusi diqqət ayırması dövlətin və hökumətin ardıcıl həyata keçirdiyi milli strategiyanın prioritetləri kontekstində Azərbaycan vətəndaşlarında güclü motivasiya və ruh yüksəkliyi yaradan faktor kimi ortaya çıxır.

Hazırda Azərbaycan Respublikasında sürətli templərlə baş verən sosial-iqtisadi və milli- mədəni yüksəliş, etnik-siyasi və ictimai birlik və həmrəylik dinindən, dilindən, etnik, milli və irqi mənsubiyyətindən asılı olmayaraq, ölkə ərazisində yaşayan xalqları Ulu öndər Heydər Əliyevin formalaşdırdığı “Azərbaycançılıq” ideyası altında mehriban ailədə sıx birləşdirir. Bu ideya Azərbaycan millətinin əxlaqi-mədəni və etnik-siyasi doktrinasına çevrilərək, dialoqa, tolerantlığa, kompromisə, qarşılıqlı yardıma, mərhəmətə, vətənpərvərliyə və birgəyaşayış qaydalarına əsaslanan yüksək mənəvi dəyərlər sistemi kimi təzahür edir.

Bu gün Ulu öndər Heydər Əliyevin Qurtuluş missiyasına başlamasından 32 il keçir. Bu 32 ildə adını və şöhrətini tarixə qızıl hərflərlə yazan Azərbaycan böyük və uğurlu addımlarla daha parlaq və uğurlu gələcəyə istiqamət götürüb. Ümid edirik ki, bu yolda dövlətimiz tarixin bütün sınaqlarına yenə də ləyaqətlə tab gətirəcək və sütunlarında Heydər Əliyevin əbədiyaşar möhürü vurulmuş Yeni Azərbaycan binası dünya durduqca duracaq!

Anar Nadir oğlu İsmayılov

Mingəçevir şəhər bələdiyyəsinin sədri

Tarix üzrə fəlsəfə doktoru, müəllim

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
sesqazeti.az

2Mənbələr