Qazaxıstanın Kostanay vilayətində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM, Orta Dəhliz) çıxışı olan “Mərkəz-Qərb” avtomobil yolu dəhlizinin tikintisinə başlanılıb.
Bu barədə “Report” Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Layihə ölkə Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən həyata keçirilir və hökumətin ölkənin nəqliyyat infrastrukturunun və tranzit potensialının inkişafı planlarının bir hissəsidir.
Arkalık şəhərində və Kostanay vilayətinin Jangeldinski rayonunun Torqay kəndində də eyni vaxtda iş başlayıb. Tikinti ümumi uzunluğu 865 km olan Astana-Janteke-Yegindikol-Arkalık-Torqay-İrgiz marşrutunu əhatə edir.
“Yeni avtomobil dəhlizi ölkənin mərkəzi ilə qərbi arasında birbaşa əlaqəni təmin edəcək, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna çıxış yaradacaq. Layihənin icrası sayəsində Astana ilə İrgiz kəndi arasında məsafə 573 km azalacaq”, - məlumatda deyilir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
2024-cü ildə TBNM üzrə yük daşımaları həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrut iştirakçısı olan ölkələr xətti ilə keçəcək. Bu həcmdən 2,5 milyon ton quru yüklər (96 min TEU ekvivalenti), 1,7 milyon ton isə neft təşkil edəcək.
Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün dayanıqlı zəmin yaradacaq.