AZ

Narahatlıq, intiqam çağırışları və dağıntılar - Tehran küçələrində SON DURUM

İsrailin iyunun 13-də İrana endirdiyi gözlənilməz raket zərbələri nəticəsində Tehranda vəziyyət hərbi rejimə keçib.

Yerli medianın verdiyi məlumata görə, hücumlar nəticəsində paytaxtda yerləşən yaşayış binasına zərbə endirilib və nəticədə 60 nəfər həlak olub.

Hücumlar zamanı, həmçinin İranın yüksək rütbəli hərbçilərinin və nüvə mütəxəssislərinin yaşadığı komplekslər də hədəfə alınıb.

"Fox News"un məlumatına əsasən, İsrail kəşfiyyatı iranlı komandanları bir görüşə toplayaraq onları tələ şəklində birbaşa zərbə ilə öldürüb. Bu hadisədən sonra Qum şəhərində yerləşən Cəmkəran məscidinin üzərində “qırmızı qisas bayrağı” qaldırılıb.

Modern.az-ın məlumatına görə, bu bayraq İranda müqəddəs sayılan və “qanlı intiqamın başlanğıcı” kimi qəbul edilən simvolik addım hesab edilir.

Tehran küçələrində narahatlıq hiss olunur. Şəhərdə yaşayan yerli jurnalist Həyal Muəzzinin sözlərinə görə, insanlar sakitliyini qorusa da, mitinqlər və intiqam çağırışları davam edir:

“Xalq meydanlara çıxır, məscidlərə toplaşır və intiqam tələb edir. Sanki səfərbərlik ruhu canlanıb. İnsanlar qətiyyətlidir. Bu, sadəcə hücum deyil, müharibənin başlanğıcıdır.”

Tehranda dövlət müəssisələri fəaliyyətini davam etdirir, marketlər açıqdır və gündəlik ehtiyacların qarşılanması hələlik təmin olunur. İranın xüsusi xidmət orqanlarının cavab əməliyyatları başladığı və qarşı tərəfdən toplanmış məlumatlara əsaslanaraq yeni strategiyalar üzərində çalışdığı bildirilib.

İnternetə giriş məhdudlaşdırılıb, ölkəni tərk etmək çətindir

Həmçinin, ölkənin bəzi bölgələrində, o cümlədən Şiraz şəhərində də partlayış səsləri eşidilib. Orada yaşayan Rusiya vətəndaşı Anna “Kommersant”a verdiyi açıqlamada bildirib ki, hava məkanının bağlanması səbəbilə ölkəni tərk edə bilmir. Onun sözlərinə görə, gənc kişilər hərbi xidmətdə olmadan xarici pasport ala bilmədiyi üçün ölkədən çıxışları çətinləşib.

“İran öz ərzaq məhsullarını istehsal edə bilir, bu baxımdan yaxın müddətdə qıtlıq gözlənilmir. Amma hansı infrastrukturun zərər gördüyü hələ dəqiq bilinmir. İnternetin sürəti isə xeyli zəifləyib”, – deyə o bildirib.

Hazırda bölgədə vəziyyət son dərəcə gərgindir. Bəzi səfər marşrutlarının təhlükəli olması səbəbilə vətəndaşlar alternativ yollarla ölkəni tərk etməyə çalışır.

Seçilən
17
1
modern.az

2Mənbələr