AZ

Respublika Qan Bankında Ümumdünya Qan Donoru Günü münasibətilə tədbir keçirilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 14 iyun, AZƏRTAC

Səhiyyə Nazirliyi Respublika Qan Bankında 14 iyun - Ümumdünya Qan Donoru Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev bu günün mahiyyəti, qan donorluğunun əhəmiyyəti barədə danışıb. Bildirib ki, son illər ölkəmizdə səhiyyə sahəsində mühüm nailiyyətlər əldə olunub.

“Bu gün ölkəmizdə səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların əsasında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı dayanır. Səhiyyənin bütün istiqamətləri üzrə, o cümlədən qan donorluğu sahəsində mühüm addımlar atılıb”, – deyə icraçı direktor qeyd edib.

O vurğulayıb ki, donor qan banklarının maddi-texniki bazasının gücləndirilməsi, müasir tibbi avadanlıqlarla təmin olunması, yeni texnologiyaların tətbiqi bu sahədə keyfiyyətin və təhlükəsizliyin artırılmasına xidmət edir.

Ümumdünya Qan Donoru Gününün əhəmiyyəti barədə danışan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Quliyev bu günün təhlükəsiz qan və qan komponentlərinə olan tələbata ictimaiyyətin diqqətini cəlb etmək, bu sahədə maarifləndirmə işini genişləndirmək, eyni zamanda, öz qanı ilə ehtiyacı olan şəxslərin həyatını xilas edən donorlara hörmət və ehtiram nümayiş etdirmək məqsədi daşıdığını diqqətə çatdırıb.

Tədbirdə könüllü qanvermə hərəkatına göstərilən dəstəyə görə fəxri fərmanlar, təşəkkürnamələr təqdim edilib, qan xidməti sahəsində əməkdaşlıq edən qurumlara və fərdi donorlara minnətdarlıq ifadə edilib.

Qeyd edək ki, tədbirdə bir sıra dövlət və özəl təşkilatların əməkdaşları, fərdi donorlar iştirak ediblər.

Xatırladaq ki, 14 iyun - Ümumdünya Qan Donoru Günü 2005-ci ildə təsis edilib. Həmin ilin mayında Cenevrədə Dünya Səhiyyə Təşkilatı Assambleyasının 88-ci sessiyasında 14 iyunun könüllü qan verən donorların şərəfinə Ümumdünya Qan Donoru Günü kimi qəbul olunması barədə qərar qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
azertag.az

1Mənbələr