AZ

Geosiyasi risklər fonunda Azərbaycan turizmi: Təhlükəmi, yoxsa fürsət? - ARAŞDIRMA 

Son dövrlərdə region ölkələrində müşahidə olunan siyasi və hərbi gərginliklər - xüsusilə İsrail-İran və Hindistan-Pakistan münaqişələri - turizm sektoruna birbaşa təsir göstərir. Bu proseslərdən Azərbaycan da kənarda qalmır. Hədəf bazarlar sırasında yer alan həmin ölkələrdən gələn turistlərin sayında azalma qeydə alınır.

“Report” bu kontekstdə Azərbaycan turizminin mövcud vəziyyəti və ehtimal edilən risklərə qarşı hazırlıq səviyyəsi ilə bağlı araşdırma aparıb.

"Azərbaycan Turizm Peşəkarları Təşkilatı” İctimai Birliyinin sədri Ceyhun Aşurov “Report”a açıqlamasında bildirib ki, regionda baş verən münaqişələr, gərginliklər və müharibə şəraiti ilk növbədə turizm bazarına mənfi təsir göstərir: "Çünki istənilən gərginlik zamanı insanlar səyahətlərini təxirə salır, daha təhlükəsiz yerlərdə qalmağa üstünlük verirlər və çox vaxt öz yaşadıqları ərazini tərk etməməyə çalışırlar".

Onun sözlərinə görə, bir müddət əvvəl Hindistan və Pakistan arasında yaranmış gərginlik bunun konkret nümunəsi olub:

“Həmin dövrdə bu iki ölkədən Azərbaycana olan rezervasiyalar ciddi şəkildə azalmışdı. Birbaşa uçuşlar ləğv olunduğu üçün, turist axınında da kəskin geriləmə müşahidə olunmuşdu. Halbuki Hindistan Azərbaycana ən çox turist göndərən ölkələrdən biri idi və bu ölkə 3-cü yerdə qərarlaşmışdı”, - deyə o qeyd edib.

C. Aşurov hesab edir ki, hazırda İsrail və İran arasında artan gərginlik də Azərbaycanın turizm bazarına mənfi təsir göstərə bilər:

“İsraildən Azərbaycana birbaşa uçuşlar həyata keçirilirdi və bu marşrut üzrə turist axını var idi. Eyni zamanda, İrandan da iyunun 15-dən etibarən Tehrandan və Təbrizdən birbaşa uçuşların başlayacağı gözlənilirdi. Amma son hadisələr fonunda bu reyslərin aqibəti sual altına düşüb. Hazırda hava məkanının bağlanması da turistlərin hərəkətinə maneə yaradır”.

Ekspert əlavə edib ki, qonşu regionlarda hər hansı bir gərginliyin olması, həmin ölkələrdən Azərbaycana səfərlərin dayanmasına və ya azalmasına səbəb olur. Bu da bazarda hiss olunacaq təsirlərə gətirib çıxarır.

Bununla belə, o hesab edir ki, Azərbaycan təhlükəsiz bir ölkə kimi bəzi hallarda alternativ məkan funksiyasını da yerinə yetirə bilər:

“Azərbaycan uzun müddət qalmaq istəyən turistlər üçün alternativ ola bilər. Lakin bu, asan proses deyil və əlavə təşviq tədbirləri tələb edir. Region ölkələrində baş verən hadisələr Azərbaycanın da turizm bazarına müəyyən qədər təsir edir”.

Ekspert vurğulayıb ki, Azərbaycanın turizm bazarı bir neçə regionla bağlıdır və yalnız bir istiqamətlə məhdudlaşmır:

“Azərbaycan bir neçə hədəf bazarla işləyir və turizm seqmentini daim diversifikasiya edir. Pandemiyadan sonrakı dövrdə də turist axınında artım müşahidə olunub. Bu artım əsasən hava nəqliyyatının bərpası və vizaların sadələşdirilməsi ilə bağlı idi”.

C. Aşurov qeyd edib ki, Azərbaycan gələcəkdə bu cür riskləri azaltmaq üçün yeni bazar axtarışlarını genişləndirməlidir:

“Bu günlərdə Çin bazarı ilə bağlı müzakirələr artmaqdadır və həmin istiqamətdən turist axınının artacağı gözlənilir. Azərbaycan yalnız 2-3 ölkəyə bağlı olmamalı, bazarlarını diversifikasiya etməlidir. Əks halda, bir neçə ölkədəki gərginlik ümumi turizm sektoruna ciddi zərbə vura bilər”.

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri, həmçinin “Azərbaycan Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi "Report"a açıqlamasında bildirib ki, İsrail–İran münaqişəsi regionda riskləri artırsa da, Azərbaycanın turizm sektoru üçün həm təhdid, həm də fürsət yarada bilər.

Onun sözlərinə görə, belə geosiyasi gərginliklər təkcə münaqişə tərəflərinə deyil, bütün regiona, o cümlədən Cənubi Qafqaz və Azərbaycan kimi qonşu və yaxın ölkələrə dolayı təsirlər göstərə bilər.

“İsrail vətəndaşlarının səyahətlərində azalma mümkündür. Bu ölkə Azərbaycan üçün mühüm turist bazarlarından biridir və yaranmış vəziyyət səbəbilə oradan gələn turistlərin sayında müvəqqəti azalma müşahidə oluna bilər. Regiondakı gərginlik fonunda bəzi turistlər Azərbaycanı qonşu ölkə kimi təhlükəli hesab edə bilər”, - deyə o qeyd edib.

Bununla yanaşı, ekspert hesab edir ki, bölgədə sabit və neytral ölkə olaraq Azərbaycan bu şəraitdə alternativ turizm istiqaməti kimi də önə çıxa bilər:

“Yaxın Şərq və Asiyadan olan turistlər İsrail və İran əvəzinə daha sabit və təhlükəsiz ölkələrə - məsələn, Azərbaycana səfər etməyə üstünlük verə bilərlər. Azərbaycanın neytral mövqeyi və yüksək təhlükəsizlik səviyyəsi onu bölgədə alternativ və etibarlı istiqamətə çevirə bilər”.

S. Dübəndi qeyd edib ki, münaqişə səbəbindən hava məkanlarında məhdudiyyətlərin yaranması da mümkün ssenarilər sırasındadır:

“İsrail–İran gərginliyi hava məkanlarının bağlanmasına və ya təhlükəli elan olunmasına səbəb ola bilər. Bu isə beynəlxalq aviaşirkətlərin marşrutlarını dəyişməsinə, uçuş vaxtlarının uzanmasına və bəzi hallarda reyslərin ləğvinə gətirib çıxarır. Azərbaycanın Heydər Əliyev Beynəlxalq Aeroportu regional hava nəqliyyatı üçün mühüm tranzit mərkəzidir. Əgər İran və İsrail hava məkanından keçən reyslər alternativ yol kimi Azərbaycan üzərindən yönləndirilərsə, bu, tranzit və turizm axınına müəyyən qədər müsbət təsir edə bilər”.

Bununla belə, o, ehtiyatlı yanaşmağı da vacib hesab edir:

“Təhlükə ehtimalı səbəbilə bəzi xarici turistlər ümumilikdə regiondan uzaq durmağa çalışa bilərlər. Bu baxımdan, Azərbaycanın özünü təhlükəsiz turizm məkanı kimi düzgün tanıtması və beynəlxalq səviyyədə fəal kommunikasiya aparması vacibdir”.

S. Dübəndi əlavə edib ki, Gürcüstanda mövcud daxili siyasi gərginlik və Ermənistandakı təhlükəsizlik riski fonunda Azərbaycan daha stabil və cəlbedici turizm ölkəsi kimi seçilə bilər:

“Əgər Azərbaycan geosiyasi neytrallığını qoruyarsa, turizm təhlükəsizliyi ilə bağlı beynəlxalq kanallarda - diplomatik səviyyədə, sosial şəbəkələrdə və səfirliklər vasitəsilə real və sabit vəziyyəti izah edərsə, bu, ölkənin imicini gücləndirəcək. Əsas məsələ - operativlik, düzgün kommunikasiya və çevik turizm planlamasıdır”.

Seçilən
40
50
report.az

10Mənbələr