BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq TurkicWorld üçün
2025-ci ilin iyun ayında İsrail və İran arasında baş verən raket qarşıdurması son onilliklərin ən birbaşa və riskli silahlı qarşılıqlı zərbələrindən biri kimi qiymətləndirilir. Bu hadisə təkcə hərbi sahədə deyil, eyni zamanda diplomatik, texnoloji və psixoloji səviyyələrdə də mühüm nəticələr doğurdu. Maraqlı məqam ondan ibarətdir ki, obyektiv şərtlər baxımından xeyli əlverişsiz mövqedə olan İran buna baxmayaraq İsrail üçün əhəmiyyətli strateji problem yaratmağı bacardı.
1. Obyektiv Fərqlər: Sistemlər və Dayaq Mühitləri
İran və İsrailin geosiyasi dayaq nöqtələri və müttəfiq sistemləri ciddi fərqlər göstərir. İsrail ABŞ başda olmaqla Qərb dünyasının güclü dəstəyi, yüksək texnoloji imkanlar və modern hava hücumundan müdafiə sistemlərinə malikdir. ABŞ-ın hər il ayırdığı milyardlarla dollar yardım, müdafiə sənayesinə edilən investisiyalar və beynəlxalq diplomatik dəstək İsrailin hərbi-strateji sabitliyini təmin edir.
İran isə bu mənzərənin tam əksidir: ciddi sanksiyalar, qlobal izolyasiya, müasir texnologiya və komponentlərə çıxışın məhdudluğu, daxili iqtisadi gərginlik və qeyri-rəsmi müttəfiqlərlə məhdudluq. Regionda İran əsasən qeyri-dövlət aktorları üzərindən öz təsirini göstərməyə çalışır.
2. İranın Strateji Gedişi: Asimmetrik Gücün Real Təhdidi
Bütün bu obyektiv çatışmazlıqlara rəğmən, İranın raket zərbələri İsrail üçün ciddi psixoloji və hərbi təhdid yaratdı. İki əsas cəhət burada xüsusilə diqqətəlayiqdir:
Zərbələrin kütləviliyi və koordinasiyası: İran yüzlərlə raket və pilotsuz uçuş aparatını sinxron şəkildə istifadə edərək İsrailin hava müdafiə sistemini yüklədi. Bu, texniki baxımdan "doğurma strategiyası" (saturation strategy) adlanır və ən müasir sistemlər üçün belə təhlükəlidir.
Hədəf seçimi və simvolik mesajlar: İranın seçdiyi hədəflər – hərbi bazalar və strateji obyektlər – rəmzi və praktiki təsir yaratmağa hesablanmışdı. Bəzi raketlərin müdafiə sistemlərini keçməsi və real zərər vurması İranın texnoloji səviyyəsinin gözləniləndən yüksək olduğunu göstərdi.
Bütün bunlar İranın zəif nöqtələrinə baxmayaraq, "asimmetrik güc" olaraq nə qədər təhlükəli ola biləcəyini bir daha sübut etdi. Texnoloji və struktur baxımdan geri qalmasına baxmayaraq, İranın strateji təhlil qabiliyyəti, hücum vaxtlaması və psixoloji effekt gücü onu regionda önəmli təhlükə kimi saxlayır.
3. İsrailin Reaksiyası: Müdafiə Qabiliyyəti və Qlobal Səfərbərlik
İsrailin “Iron Dome” və digər müdafiə sistemləri böyük ölçüdə effektiv çalışsa da, bu hadisə onların da resurslarının sonsuz olmadığını göstərdi. İranın zərbələri təkcə müdafiəni deyil, həm də İsrailin ictimai rəyini, təhlükəsizlik inamını və diplomatik koordinasiyasını sınağa çəkdi.
Həmçinin, bu hadisə zamanı İsrailin Qərb ölkələrindən, xüsusilə ABŞ-dan əlavə texniki və siyasi dəstək alması, İranın yaratdığı təhlükənin nə qədər ciddi qəbul edildiyini göstərir.
4. Nəticə: Zəiflərin Təşkilatlı Gücü və Güclülərin Müttəfiqləri
İsrail və İran arasında baş verən bu qarşıdurma bir daha göstərdi ki, müasir münaqişələrdə obyektiv şərtlər – texnologiya, müttəfiqlər və iqtisadi dayanıqlıq – həlledici rol oynasa da, planlama, çeviklik və siyasi iradə çatışmazlığı olmayan bir tərəf hərbi tarazlığı müvəqqəti də olsa poza bilər.
İranın təcrid olunmuş vəziyyətdə belə, İsrailin təhlükəsizlik sisteminə bu qədər ciddi problem yaratması regional münaqişələrin necə sürətlə genişlənə biləcəyini və texnoloji üstünlük olan tərəfin belə həmişə dominant olmayacağını göstərdi.