AZ

Tehranda vəziyyət nəzarətdən çıxır? – İranlı analitikdən SON DƏQİQƏ AÇIQLAMASI

Hazırda Yaxın Şərqdə gərginlik pik həddə çatıb. İsrail və İran arasında uzun illərdir davam edən siyasi və hərbi qarşıdurma bu dəfə açıq müharibə müstəvisinə keçib. Son məlumatlara görə, İsrailin İrana endirdiyi genişmiqyaslı raket zərbələri nəticəsində azı 78 nəfər həyatını itirib, 320-dən çox insan yaralanıb. Hücumlar zamanı  İranın yüksək rütbəli hərbçiləri və nüvə sahəsində çalışan mütəxəssisləri həlak olub.  İranın cavab zərbələri də gecikməyib – İsraildə onlarla yaralının olduğu, bir neçə nəfərin isə həlak olduğu xəbərləri yayılıb. Hazırda regionda vəziyyət son dərəcə gərgindir və qarşıdurmanın daha da dərinləşəcəyi ehtimal olunur.
Son vəziyyət barədə Moderator.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert, iranlı analitik Farşid Bağerian bildirib ki, İsrailin İrana hücumu əvvəlcədən planlaşdırılmış və sinxronlaşdırılmış şəkildə həyata keçirilib. 
Onun sözlərinə görə,  bu tip münaqişəni “beşinci nəsil müharibə” adlandırırıq:
 “Burada diversiyalar, kiberhücumlar, bombalar, raketlər, dronlar, hava zərbələri və digər müasir texnologiyalar yer alır. Buna görə də bu hadisələr kompleks və yüksək səviyyədə planlanmış bir hücum kimi qiymətləndirilir.  Hazırda da ictimaiyyətdə belə fikirlər səslənir: İran bu hücuma hazır deyildi. Həqiqətən də İran bu hücuma hazır deyildi.  Həmin gecə 23 yüksək rütbəli  şəxslər,  nüvə və elm adamı həlak oldu. İran xalqı iki yerə bölünüb: bir hissəsi Amerikanın, hətta İsrailin tərəfindədir, digər hissəsi isə dövlətlə eyni mövqedə dayanır. Hazırda dövlət tərəfdarı olan bu kütlə intiqam hissi ilə yaşayır.  Dünən dini lider Əli Xamenei bir video paylaşdı. Təhlükəsizlik baxımından canlı yayım onun yerinin dərhal müəyyən olunmasına səbəb ola bilərdi. Buna görə də o, öncədən hazırlanmış bir video yayımladı. Həmin videoda isə açıq şəkildə intiqam alınacağı və cavab veriləcəyi mesajları yer alırdı. Dini liderin çıxışından sonra cəmiyyətdəki panik havası əhalinin bir qismi üçün tamamilə aradan qalxdı. Başqa sözlə, dövlətə olan inam yenidən bərpa olundu. İnsanlar düşündülər ki, dövlətimiz bu vəziyyəti idarə etmək qabiliyyətinə malikdir, güclüdür və lazım gəldikdə cavab verməyi bacarır. Bu savaşın nə qədər böyük və ciddi olduğu barədə cəmiyyətdə yeni, daha dərin bir düşüncə formalaşmağa başladı. Artıq insanlar başa düşür ki, bu, sadə bir qarşıdurma deyil,  tammiqyaslı və mürəkkəb bir müharibədir. Əgər bu hadisələrin içində hərbi əməliyyatlar, təxribatlar, hücumlar varsa, demək ki, bu artıq savaşdan da ağır bir vəziyyətdir. İran hələ də təbii gücünü və mövcudluğunu qoruyur. 
Daha açıq və bariz şəkildə iki güclü cəbhə – iki böyük tərəf bir-birinə qarşı çıxıb. Vəziyyətin nə qədər ciddi olduğu həm daxildə, həm də beynəlxalq səviyyədə daha aydın görünür. Dini lider bu hücumların lazım olduğu qədər davam edəcəyini bildirdi. Nə bir gün, nə də bir saat təyin olundu – sadəcə vurğulandı ki, zəruri olduğu müddətdə bu əməliyyatlar davam edəcək. Hətta dini lider bir ifadə də işlətdi: “İsrail bizim əlimizdən qurtula bilməyəcək”. Bu çıxışdan sonra İran cavab zərbələrinə başladı və təxminən 150 raket atdı. 
İsrail mediasıda da göründüyü kimi,  əhali arasında isə ciddi panika müşahidə olunurdu. Hücumdan əvvəl də insanlar arasında təşviş var idi. Demək olar ki, bütün təbəqələrdə narahatlıq yaranmışdı. Bu səbəbdən yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr əmələ gəldi, insanlar ərzaq, içməli su və digər ehtiyat məhsullarını almağa başladılar. Beləliklə, ölkədə ümumi bir panik atmosferi formalaşdı”.
 
İranlı analitik qeyd edib ki, dünən axşam saatlarında  İranda vəziyyət daha da gərginləşdi: 
“Hücumların miqyası genişləndirildi və hava limanlarına zərbələr endirilməyə başlandı. Hətta Real TV-yə müsahibə verən vaxtdı  güclü partlayış səsləri eşidilirdi. Bu, artıq təhlükənin nə qədər yaxın və real olduğunu göstərirdi. Bu partlayışlar və ümumiyyətlə bu savaş artıq insanların gündəlik həyatının bir parçasına çevrilib. Dövlət tərəfindən internetin məhdudlaşdırılması gözlənilirdi və hətta müəyyən bölgələrdə bu məhdudiyyətlərin tətbiq olunduğu da bildirilir. Amma elektrik kəsintisi olmadı. Halbuki normal şəraitdə – yəni daha əvvəlki dövrlərdə – bəzi yerlərdə su, elektrik və digər infrastrukturla bağlı problemlər tez-tez yaşanırdı, həftəlik qəza halları olurdu, enerji kəsilirdi. Lakin hazırda belə bir hal müşahidə olunmur. Bu da göstərir ki, dövlət vəziyyəti nəzarətdə saxlamağa və sabitliyi qorumağa xüsusi diqqət yetirir.  Bu gün həyat bir qədər normallaşmağa başlayıb. Yenə də təkrar edirəm, dövlətə dəstək verən kütlə hətta daha da güclənib, hökumətə daha çox arxa durur.
Bu gün  Qədir-Xum dini bayramıdır və bu, həm də bir hakimiyyət bayramı, siyasi güc nümayişi kimi qəbul olunur. Düşünürdük ki, bəlkə dövlət bu bayram tədbirini ləğv edər. Lakin dövlət bu tədbiri ləğv etmədi, əksinə, bütün gücü ilə, qətiyyətlə bu bayramı keçirməyə qərar verdi.  Çünki küçələrə axın edənlərin, toplananların sayı çox idi – bəlkə də bir, bir milyon yarım insan. Yəni bu rəqəm bütün xalqı təmsil etməsə də, kütləvi iştirak hiss olunurdu. Bu isə bir hakimiyyət mesajı idi: “Bizdə hər şey qaydasındadır, heç nə dəyişməyib, həyat normal axarında davam edir”.
 Amma bununla yanaşı, hələ də şübhə ilə yanaşan bir kütlə var – onlar düşünürlər: “Bundan sonra nə olacaq?”. Mən inanıram ki, İran yenə də gücünü göstərərək masa arxasında oturacaq və ABŞ-la ən azından minimal bir razılığa gəlmək üçün addım atacaq”.
 
Mehin Mehmanqızı
 
Seçilən
29
moderator.az

1Mənbələr