AZ

Azərbaycan musiqisinin BÖYÜK HAMİSİ

Ulu Öndər Heydər Əliyev milli musiqi sənətimizin inkişafında mühüm rol oynayıb

Son 100 illikdə mühüm inkişaf yolu keçmiş Azərbaycan mədəniyyəti və incəsənəti, xüsusilə, musiqi sahəsi özünün spesifik uğurları ilə seçilib. İstər regional, istərsə də beynəlxalq səviyyədə peşəkarlıq və milli çalarları ilə seçilən Azərbaycan musiqi sənəti olduqca zəngin bir yol keçərək mühüm irs formalaşdırıb. Musiqi sənətimizin qazandığı bu uğurların təməlində isə Azərbaycan dövlətinin qayğısı və diqqəti dayanır.

1993-cü ilin 15 iyunu Azərbaycanın müstəqilliyini xilas etməklə yanaşı, musiqimizin, mədəniyyətimizin inkişafına da mayak oldu. Məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan incəsənətinin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Amma nəzərə almaq lazımdır ki, Ümumilli Liderimizin Azərbaycan musiqisinin inkişafına verdiyi dəstək, nümayiş etdirdiyi qayğı 1993-2003-cü illərlə məhdudlaşmır. Heydər Əliyev bütün zamanlarda Azərbaycan mədəniyyətinin BÖYÜK HAMİSİ olub...

Ulu öndər Heydər Əliyev deyirdi: “Mən bütün həyatımı xalqa xidmət etməyə həsr etmişəm”. Həqiqətən də müasir, qalib və dünya arenasında müsbət imici ilə tanınan Azərbaycanımızın inkişafının təməli məhz Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Onun Respublikamıza rəhbərlik etdiyi hər iki dönəm - istər 1969- 1982-ci illər, istərsə də 1993-2003-cü illər ölkəmizin inkişaf tarixində mühüm atributları ilə seçilir. Ulu öndər Heydər Əliyev hər iki dönəmdə müasir dövlətçiliyimizin yeni modelini yaratmaqla yanaşı, milli mənəvi dəyərlərimizin, eləcə də musiqimizin inkişafına mühüm töhfələr bəxş etmişdir.

Heydər Əliyev dahi bəstəkarımız Üzeyir Hacıbəylidən başlamış müasir musiqi xadimlərinə qədər bütün sənətkarlara yüksək dəyər vermiş, bu sahənin daha geniş miqyasda tanınması üçün böyük əmək sərf etmişdir. Bununla bağlı ümummilli liderimizin aşağıdakı sözlərini xatırlamaq yerinə düşər: “XX əsrdə mədəniyyətimiz yeni bir inkişaf mərhələsi keçirir. Xüsusən incəsənətimizin böyük sahəsi olan musiqidə professionallıq yaranıbdır. Bu sahədə də dünya miqyasında yüksək zirvələrə çatmış professional musiqi nümunələrindən istifadə edən, eyni zamanda, fitri istedada malik olan şəxsiyyətlərimiz tərəfindən böyük bir məktəb yaradılmışdır”.

Musiqi xadimlərimizin hər biri, o cümlədən dahi Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Səid Rüstəmov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Arif Məlikov və onlarla digər musiqi dünyamızın sütunları sayılan sənətkarlarımız Heydər Əliyevin Azərbaycan musiqi sənətinə yüksək diqqət və qayğısı barədə fikirlərini bildiriblər.

Hələ 1969-1982-ci illərdə SSRİ-nin digər respublikaları ilə müqayisədə böyük teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, simfonik və kamera musiqisinin uğurla səsləndirilməsi bilavasitə Heydər Əliyevin dəstəyi ilə həyata keçirilirdi. Məhz onun uzaqgörənliyi, millətinə sonsuz məhəbbəti sayəsində Azərbaycan musiqisi təkcə keçmiş SSRi-də deyil, həmçinin bütün dünyada tanındı. Dünyasını dəyişən görkəmli bəstəkarların xatirələrinin əbədiləşdirilməsi üçün ev muzeylərinin yaradılması, yubileylərinin təntənəli surətdə qeyd edilməsi, respublikamızın iri şəhərlərində onların adına küçə, məktəb, mədəniyyət ocaqları, musiqi kollektivlərinin verilməsi məhz bu dahi şəxsiyyətin adı ilə bağlıdır.

Neçə-neçə bəstəkarımız SSRİ xalq artisti adına layiq görüldü. SSRİ-nin ən yüksək orden və medalları ilə təltif olundular. Elə onu demək kifayətdir ki, üç böyük bəstəkarımız - Qara Qarayev, Niyazi, Fikrət Əmirov Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.

Heç kimə sirr deyil ki, həmin fəxri adların verilməsi xalqımızın böyük oğlu, milli və professional musiqimizin təəssübkeşi və xeyirxahı Heydər Əliyevin təqdimatı və onun şəxsiyyətinə olan ehtiram və hörmət əsasında mümkün olmuşdur.

Ulu Öndərin musiqi sənətinə verdiyi yüksək qiymət bu sahədə çalışanları yaradıcılığa ruhlandırmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan bəstəkarlarının və musiqişünaslarının əməyini təqdir etməsi, onların yaradıcılığını yüksək fəxri adlar və mükafatlarla dəyərləndirməsi bilavasitə Bəstəkarlar Ittifaqının fəaliyyətinə verdiyi qiymətin bariz təzahürüdür. Elə 1995-2003-cü illər ərzində Prezident Heydər Əliyevin fərmanı ilə görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Arif Məlikov, Müslüm Maqomayev ən yüksək mükafata - “İstiqlal” ordeninə, Azərbaycan Respublikasının xalq artistləri Cövdət Hacıyev, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Azər Rzayev, Ramiz Mustafayev, Tofiq Bakıxanov, Aqşin Əlizadə, Musa Mirzəyev, Ramiz Mirişli daha bir yüksək Dövlət mükafatı - “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Bu müddətdə Şəfiqə Axundova, Oqtay Zülfüqarov, Emin Sabitoğlu Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşlər.

Başqa sənət adamları kimi Azərbaycan bəstəkarları da dərin hörmət və ehtiram əlaməti olaraq cənab Heydər Əliyevə həsr olunmuş istər iri həcmli, istərsə də kiçik həcmli bir-birindən dəyərli əsərlər yazmışlar. Bu əsərlər arasında görkəmli bəstəkarlardan Cövdət Hacıyevin 8 saylı simfoniyasını, Arif Məlikovun 8 saylı “Əbədiyyət” adlı simfoniyasını, Vasif Adıgözəlovun “Azərbaycan” kantatasını, Ramiz Mirişlinin “Məşəl kimi yanan ürək” adlı odasını, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında oda”sını, gənc bəstəkar Vasif Allahverdiyevin “Ömür yolu” simfonik poemasını və bəstəkarlarımızın geniş yayılmış onlarla mahnılarını qeyd etmək olar.

Xüsusilə 1993-cü ildən başlayaraq müstəqillik dövründə bəstəkarlarımız bütün janrlarda olduğu kimi, simfonik musiqi janrlarındakı əsərlərində də müasir zamanın aktual problemlərinə, respublikamızda baş verən hadisələrə öz münasibətini izhar etmiş, məhz dövrün məziyyətlərini musiqi dili ilə açmağa nail olmuşlar. Heydər Əliyevin apardığı mübariz siyasət musiqi ruhumuzda da öz əksini tapmışdır. Məhz Vətən və Qarabağla bağlı mövzular simfonik və vokal-simfonik iri həcmli proqramlı əsərlərdə öz dolğun təzahürünü tapmışdır. Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi”, “Qəm karvanı” oratoriyaları, Ramiz Mustafayevin “Haqq səninlədir, Azərbaycan” kantatası, Tofiq Bakıxanovun “Qarabağ harayı” simfoniyası, Aqşin Əlizadənin “Ana torpaq” odası, Sevda İbrahimovanın “Vətən şəhidləri” kantatası, Azər Dadaşovun “Şuşa” adlı 11 saylı simfoniyası, Nəriman Məmmədovun “Xocalı” adlı 7 saylı simfoniyası və s. parlaq səciyyəli proqramlı simfonik və vokal-simfonik əsərləri Ulu öndərimizin parlaq siyasi xəttinin ictimai-mədəni təbliğat vasitəsinə çevrilmişdir.

Beləliklə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mədəniyyətə, xüsusilə də musiqiyə göstərdiyi diqqət və qayğı, onun zəngin irsinin ayrılmaz tərkib hissəsidir. Musiqi xalqın ruhunun ifadəsidirsə, Heydər Əliyev bu ruhu həm qorumağı, həm inkişaf etdirməyi, həm də dünya miqyasında təbliğ etməyi dövlət siyasətinə çevirdi.

Heydər Əliyev Azərbaycan musiqisini milli kimliyimizin ayrılmaz parçası kimi dəyərləndirirdi. Onun təşəbbüsü və dəstəyi ilə muğam sənəti, aşıq yaradıcılığı, klassik musiqi və xalq mahnıları sistemli şəkildə qorunmağa və inkişaf etdirilməyə başlandı. Ulu Öndərin səyləri nəticəsində muğam sənəti təkcə yerli yox, beynəlxalq səviyyədə də tanındı. 1970-80-ci illərdə muğam ifaçılarının konsertləri Sovet İttifaqının müxtəlif şəhərlərində təşkil olunurdu, bu isə milli musiqimizin tanıdılmasında mühüm addım idi.

Ulu Öndər musiqi təhsilinin inkişafına da xüsusi önəm verirdi. Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Konservatoriyası kimi təhsil müəssisələrinin inkişafı və dünya musiqi məktəbləri ilə inteqrasiyası üçün konkret addımlar atıldı. O, gənc istedadların üzə çıxarılması və onların xarici ölkələrdə təhsil almasına şərait yaradılması istiqamətində də böyük təşəbbüslərlə çıxış edirdi.

Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın musiqi kollektivləri - Dövlət Simfonik Orkestri, Xalq Çalğı Alətləri Orkestri, Opera və Balet Teatrı, muğam ifaçıları, xor kollektivləri müxtəlif beynəlxalq festivallarda iştirak edərək və ölkəmizi layiqincə təmsil etdi. Onun təşəbbüsü ilə keçirilən mədəniyyət günləri, sərgilər və konsertlər Azərbaycanın zəngin musiqi mədəniyyətini dünyaya tanıtdı.

Nəticə olaraq, Heydər Əliyevin musiqiyə verdiyi dəyər yalnız bir dövlət başçısının mədəniyyətə münasibəti deyildi. Bu, musiqi vasitəsilə milli ruhun qorunması, gələcəyə ötürülməsi və dünyaya tanıdılması missiyasının bir hissəsi idi. Onun irsi bu gün də Azərbaycan musiqisinin inkişafında yol göstərici işıq olaraq qalır.

Sevindirici haldır ki, Azərbaycanın musiqi irsinin qorunması və inkişaf etdirilməsi istiqamətində atılan addımlar, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Prezident İlham Əliyev hər zaman bəyan edir ki, mədəniyyət xalqın ruhudur və bu ruhu yaşatmaq dövlətin ali vəzifələrindən biridir. Bu baxış bucağından yanaşaraq, o, Azərbaycanın zəngin musiqi irsinin - muğamın, xalq mahnılarının, klassik və müasir bəstəkarlıq məktəbinin, aşıq sənətinin və digər janrların inkişafına böyük diqqət ayırır.

Heydər Əliyevin muğama olan xüsusi sevgisi və yanaşması onu Azərbaycanın milli kimliyinin rəmzinə çevirdi. O, muğamın təkcə musiqi deyil, milli-mənəvi yaddaş olduğunu vurğulayırdı. Bu baxış sonradan davam etdirildi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə muğam sənətinə verilən beynəlxalq dəyər, keçirilən muğam festivalları, muğam mərkəzlərinin yaradılması, gənc ifaçıların yetişdirilməsi və musiqi məktəblərinin yenidən qurulması bu siyasətin real nəticələridir. Muğamın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi də bu səylərin zirvəsi kimi tarixə düşüb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyət və musiqi siyasəti yalnız paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir. Qarabağın azad olunmasından sonra Şuşada - Azərbaycan mədəniyyətinin paytaxtında - “Xarıbülbül” musiqi festivalının bərpası və orada milli musiqimizin səslənməsi bu siyasətin həm rəmzi, həm də strateji təcəssümüdür. Bu, həm musiqimizin əzəmətini, həm də xalqımızın mənəvi qələbəsini dünyaya bəyan edən hadisədir.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin milli musiqiyə göstərdiyi qayğı və diqqət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Bu yol - milli ruhun, musiqi mədəniyyətimizin və mənəvi irsimizin yaşadılması yoludur. Və bu yol Azərbaycanın sabaha inamla addımlayan mədəniyyət salnaməsinə qızıl hərflərlə yazılır.

Nurtac Ağayeva,

Bakı Musiqi Akademiyasının tələbəsi

Seçilən
29
1
yeniazerbaycan.com

2Mənbələr