Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
İyunun 15-dən etibarən çimərlik mövsümü start götürür. Bakı küləyi yenə də papaqları uçurmaqda israrlıdır, lakin şəhər sakinləri artıq çoxdan səndəl-şort rejiminə keçiblər. Hətta iyunun ilk günündən dənizdə çimənlər var.
Oxu.Az-ın müxbirləri isti yay nəfəsinin hiss olunduğu çimərliklərin mövsümə hazır olub-olmadığını yerində yoxlamaq üçün dəniz sahillərinə yollanaraq reportaj hazırlayıblar:
İlk dayanacağımız Qızılqum çimərliyidir.

Çəkilişə başlayarkən qarşıdan atlıların gəldiyini görürük. Çörəkpulunu "dənizdən çıxarmaq" istəyənlər mövsümün başlanmasına az qalmış Xəzərin sahilinə üz tutublar, "məşq" edirlər. Dəniz kənarında at çapmaq, at üstündə şəkil çəkdirmək, yəqin ki, bu il də onların sayəsində trend olaraq qalacaq.

Faytonu ilə birlikdə sahildə dayanmış Cəlil Xəlilov qeyd edir ki, ayın 11-dən etibarən dənizə gəlməyə başlayıb:
"Vaxt elədikcə oğlumla birgə atları götürüb dənizə gəlirik. Hələ mövsüm tam açılmadığı üçün sürmək istəyənlər azdır. Atlarla bir dəfə gəzinti üç manatdır. Hazırda olduğumuz çimərlikdə də mövsümə hazırlıq işləri görülür. Bəzi çimərliklərdə ilan görülsə də, mən burada heç vaxt ilan görməmişəm. Su da yaxşıdır, təmizdir. Hər şey qaydasındadır".

Söhbətimizi burada saxlayıb, sahildə görülən işlərlə tanış olmaq üçün irəliləməyə davam edirik. Qarşıda insanların Günəş istisindən qorunması üçün çətirlər, söhbətgahlar, şezlonqlar, geyinib-soyunma yerləri, sanitar qovşaqlar hazır vəziyyətə gətirilir.

İstirahət mərkəzinin əməkdaşları bildirirlər ki, mövsümə hazırlıq işlərinə mayın 15-dən etibarən başlanılıb.
Qeyd edək ki, Qızılqum çimərliyinə giriş və dənizdə istirahət pulsuzdur.
Növbəti dayanacağımız Bilgəh çimərliyidir.

Qızılqumdan fərqli olaraq, burada dənizdən zövq almağa bir xeyli insan üz tutub. Kimisi dənizə baş vurur, kimisi voleybol oynayır, kimisi günəşlənir.

Diqqətimizi dənizdə dincələnənlərin xidmətə verilən çətirlərdən istifadə etməməsi çəkir. Təxminən üç-beş ailə xaricində heç kəs xidmətdən yararlanmır.

Sakin Rafael Ruslanov dəniz mövsümünü iyunun 11-dən "açdığını" söyləyir:
"Qumun daha da isti olmasını istəyərdim. Dəniz də hələ sərindir. Cavanlar suya girə bilirlər, bizim üçün əl vermir. Dünən yoldaşlar deyirdilər ki, qiymətlər yüksəkdir. Gəlib yarım saat, bir saat - fərq eləmir, oturdun, durdun - kölgəliklər 30 manatdır. Bəlkə də, kiməsə sərf edir, amma çoxuna əl vermir. Görürsən ki, çoxu palazını sərib yerə, dənizin kənarında oturur. Kölgəliklərin, çətirlərin altı boşdur. Ucuz olsaydı, insanlar dəniz kənarında oturmaq yerinə, onların altında oturardılar. Boş qalmaqdansa, ucuz olsa, hamı istifadə edər, kirayə verənlər də daha çox pul qazanarlar. Baxırsan ki, tək-tük adam orada əyləşir. Onlar da ailəli olanlardır, məcbur qalıb kirayə götürürlər".

Çəkiliş apardığımız ərazinin inzibatçısı Eynur İsmayılov isə bildirir ki, göstərilən xidmətdən yararlananlar tam razıdırlar:
"İyunun 15-dən etibarən artıq fəaliyyətə tam hazır olacağıq. Söhbətgahların kirayəsi 20 manat, çətirlərin - 5-10 manat aralığında dəyişir, şezlonqlar isə 3 manatdır. Kimin nəyə gücü çatır, onu ödəyib kirayə götürür. Hələ ki dənizə gələnlər çox deyil. Yəqin ki, məktəblər bağlanandan sonra gələnlərin sayı artacaq. Hazırlıq və təhlükəsizlik yüksək səviyyədədir. Ərazinin özünün polisi var. Təmizlik də göz önündədir. Gündə üç-dörd dəfə səhərdən axşama qədər, gecə növbəsində isə iki dəfə təmizlənir. Mətbəximiz də fəaliyyət göstərir".
Günəş hər keçən gün bir az daha qızır, qum daha çox isinməyə başlayır, insanlar isə yavaş-yavaş gündəlik qayğılardan qopub, dənizin qoynunda rahatlıq tapmağa çalışırlar.

Qarşıdakı günlərdə çimərliklər daha da canlanacaq. Amma bir məsələ dəyişməz qalacaq: çimərliklər, sadəcə, istirahət yeri deyil, həm də insanın özü ilə baş-başa qaldığı, təbiətin qoynunda nəfəs aldığı məkandır.

Bu nemətdən necə və hansı ərazilərdə istifadə edə biləcəyik - Səhiyyə Nazirliyinin mövsüm başlayana qədər açıqlamağa söz verdiyi istifadəyə yararlı çimərliklərin adı bəlli olanda biləcəyik.
Aygün Mirakif
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.