BAKI, 13 iyun. TELEQRAF
Ötən gecə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman iləABŞ Prezidenti Donald Tramp arasında telefon danışıqları olub.
Teleqraf xəbər verir ki, hər iki telefon danışığında regional hadisələr, İsrail-İran münaqişəsi müzakirə edilib.
Ərəb ölkələrinin liderləri münaqişə tərəflərinin təmkinli olması və gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar.
Liderlər Qərbi Asiya regionunda təhlükəsizlik, sülh və sabitliyə nail olmaq üçün əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.
Tramp öz növbəsində ölkəsinin bu böhranı həll etməyə, regionda təhlükəsizlik və sabitliyi qorumağa hazır olduğunu da vurğulayıb.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İrana zərbələr endirib. Hücum zamanı ölkənin nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb.
Hava əməliyyatları nəticəsində İranın bir neçə yüksək rütbəli ordu zabiti və altı nüvə fizikası mütəxəssisi həlak olub.
İranın buna cavab olaraq həyata keçirdiyi əməliyyat çərçivəsində İsrail ərazisinə çoxlu sayda ballistik raket atılıb.