AZ

“Arsenal” onlardan imtina etdi

Beş futbolçu növbəti mövsümdə “Arsenal”a gərək olmayıb. İngiltərə klubu onlarla yolları ayırıb.

“Topçular”ın rəsmi saytının yaydığı xəbərə görə, Rahim Sterlinq, Kiran Tirni, Jorjinyo və Neto ilə müddəti sona çatan müqavilələr yenilənməyib. “Arsenal”da icarə əsasında oynayan Sterlinq müqavilə ilə məxsus olduğu “Çelsi”yə qayıdacaq. Paytaxt klubunu tərk edən oyunçuların sırasında Nunu Tavareş də var.

“Latsio” “Arsenal”ın futbolçusunu birdəfəlik transfer edib. London və Roma klublarının mətbuat xidmətinin məlumatına görə, portuqaliyalı müdafiəçi ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. 25 yaşlı futbolçu ötən mövsüm “Latsio”da icarə əsasında çıxış edib. Tavareş bu status ilə əvvəllər “Benfika”, “Marsel” və “Nottingem Forest”də də oynayıb.

Yeri gəlmişkən, rəhbərlik Tomas Parti ilə danışıqları davam etdirir. Qanalı futbolçu ilə razılaşma əldə olunarsa, yeni müqavilə imzalanacaq. Qeyd edək edək ki, “Arsenal” premyer-liqada son mövsümü 2-ci yerdə başa vurub. Rəhbərlik mövsüm titulsuz başa vurulduğu üçün heyətdə az-çox dəyişiklik etmək qərarına gəlib.

Seçilən
21
football-plus.az

1Mənbələr