ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 iyun, AZƏRTAC
Paleontoloqlar “Tyrannosaurus rex” növü ilə qohum olan yeni dinozavr növü kəşf ediblər.
AZƏRTAC ABC telekanalına istinadla xəbər verir ki, mütəxəssislər Monqolustanın Qobi səhrasında 1970-ci illərdə tapılmış iki dinozavr skeleti üzərində yenidən analiz aparıblar. Kalqari Universitetinin Təbiət Elmləri fakültəsinin dosenti Darla Zelenitskinin sözlərinə görə, bu qalıqlar əvvəllər ət yeyən “elektrozavr” adlı dinozavr növünə aid hesab olunurdu.
Sümüklər üzərində aparılmış ətraflı tədqiqat nəticəsində alimlər müəyyən ediblər ki, söhbət tamamilə yeni bir cins və növdən, yəni “Khankhuuluu mongoliensis” adlı dinozavrdan gedir. Bu, iri ayı ölçüsündə olan orta boylu bir yırtıcıdır. Onun kəllə sümüyünün uzunluğu 70 sm, bud sümüyünün uzunluğu isə 67 sm təşkil edir. Araşdırmalar göstərib ki, bu növ tirannozavroidlərə, yəni “Tyrannosaurus rex”in də daxil olduğu ailəyə aiddir. Hətta onların ən mühüm nümayəndələrindən biri sayılır.
Tanınmış tiranozavr reks təqribən 66 milyon il əvvəl baş vermiş kütləvi nəsli kəsilməyə qədər 2 milyon il ərzində Yer kürəsinin dominant yırtıcısı olub. Lakin alimləri uzun müddətdir bir sual düşündürürdü: bu nəhəng yırtıcılar necə tədricən daha kiçik əcdadlardan təkamül edib? Elmi cəhətdən bu prosesi izah edəcək orta ölçülü “boşluq” çatışmırdı. “Khankhuuluu mongoliensis” məhz bu boşluğu doldurur və tirannozavrların təkamül ağacına mühüm əlavələr edir.
Yeni növ dinozavr həm iri tirannozavroidlərlə, həm də onların daha kiçik əcdadları ilə ümumi cəhətlərə malikdir. Tədqiqatçılar hesab edirlər ki, bu dinozavrlar təxminən 90 milyon il əvvəl digər qruplardan ayrılıb. Onlar bu növü “orta ölçülü ideal keçid forması” kimi xarakterizə edirlər. Gənc tirannozavrlara bənzər cizgiləri var: nisbətən incə bədən quruluşu və daha uzun ön ətraflar. Bu xüsusiyyətlər ona bir qədər yöndəmsiz görkəm verir.
Morfoloji xüsusiyyətlərə və qalıqların coğrafi yayılmasına əsaslanan alimlər belə nəticəyə gəliblər ki, “Khankhuuluu mongoliensis” kimi orta ölçülü dinozavrlar əvvəlcə Asiyada yaranıb və buradan Şimali Amerikaya yayılıblar. Orada onlar tədricən tiranozavr reks kimi iri yırtıcılara çevrilib, daha sonra isə yenidən Asiyaya qayıdaraq yeni təkamül qolları formalaşdırıblar.
“Bu növ daha kiçik tirannozavrlardan tiranozavr reks kimi nəhəng yırtıcılara keçidi izah edən həmin “boşluqdur””, – deyə Darla Zelenitski bildirib. Yeni tapıntı tirannozavrların təkamülünü daha dərindən anlamağa imkan verir və onların mənşəyi ilə bağlı suallara cavab gətirir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.