ain.az, Azertag portalına istinadən məlumat verir.
Qahirə, 14 iyun, AZƏRTAC
Misirin Baş naziri Mustafa Mədbulinin sədrliyi ilə keçirilən iclasda yay aylarında və İsrail-İran qarşıdurması fonunda neft-qaza olan tələbin artması və ölkənin bu ehtiyaclarının təmin edilməsi ilə bağlı fəaliyyət planı müzakirə olunub.
AZƏRTAC “əl-Əhram” qəzetinə istinadla xəbər verir ki, iclasda Mərkəzi Bankın sədri, elektrik enerjisi və bərpa olunan enerji naziri, neft və mədən sənayesi naziri iştirak edib.
Qeyd olunub ki, iyulun əvvəlindən etibarən gündəlik 2250 kubmetr tutumunda üç maye qaz gəmisi işə salınacaq. Keçən il cəmi 1000 kubmetr qaz mayeləşdirilirdi. Ehtiyat olaraq dördüncü mayeləşdirmə gəmisi üzərində də iş gedir.
Bundan başqa, bildirilib ki, Misir yarana biləcək yanacaq çatışmazlığının qarşısını almaq üçün qaz alışı ilə bağlı müqavilələri və dizel ehtiyatı vardır. Elektrik Stansiyalarını lazım olan qaz və ya dizellə təmin etmək üçün nazirliklər arasında koordinasiyalı iş aparılır.
İclasda bildirilib ki, elektrik enerjisi paylayıcı şirkətlərin rəhbərlərinə hazırlıq səviyyəsini yüksəltmək, enerji təchizatının dayanıqlığına nəzarət etmək, müxtəlif təyinatlı elektrik enerjisinin verilməsini təmin etmək tapşırılıb.
İclasda regionda baş verən hadisələri nəzərə alaraq, zəruri yanacaq ehtiyatının təmin edilməsinin vacibliyi vurğulanıb.
“Əl-Arabiyyə” telekanalının məlumatına görə, İsrail-İran qarşıdurması fonunda təhlükəsizlik məqsədləri ilə İsrailin Aralıq dənizindəki iri Leviatan qaz yatağının işi müvəqqəti dayandırılıb. Nəticədə İsraildən Misirə ixrac edilən təbii qaz həcmlərində böyük azalma baş verib.
Qeyd edək ki, Misir enerji dayanqılığına nail olmaq üçün bərpa olunan enerji layihələri həyata keçirir. Bundan başqa, Misirdə ilk Atom Elektrik Stansiyasının (AES) yaradılması barədə Misir-Rusiya hökumətlərarası sazişi üzrə işlər yerinə yetirilir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.