Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Tbilisi, 14 iyun, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin sahəvi iqtisadiyyat və iqtisadi siyasət komitəsinin sədri Şota Berekaşvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri diqqət mərkəzində olub.
Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin son illərdə iqtisadi əməkdaşlığın daha da artması ilə nəticələnməsindən məmnunluq ifadə olunub.
Səfir Ş.Berekaşviliyə iki ölkə arasındakı iqtisadi münasibətlərin təməlini təşkil edən layihələr, eləcə də perspektiv təşəbbüslər barədə məlumat verib. Xüsusilə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu, eləcə də tranzit ölkə olaraq Gürcüstanın artan nüfuzu hər iki ölkənin Cənubi Qafqaz bölgəsində strateji faktor mövqeyində daha da möhkəmlənməsinə zəmin yaratdığı vurğulanıb.
Ş.Berekaşvili Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə, xüsusilə iqtisadi sahədə olan sıx əməkdaşlıq əlaqələrinin genişləndiyini qeyd edib. Bildirib ki, iki ölkənin bölgədə və daha geniş coğrafiyada strateji əhəmiyyəti daha da artıb.
O, energetika, nəqliyyat, informasiya texnologiyaları, təhsil, inşaat və turizm sahələrinin prioritet əməkdaşlıq istiqamətlərindən olduğunu və qeyd edib. Bütün sahələr üzrə Azərbaycan kapitallı şirkətlər üçün Gürcüstanda yeni fürsətlərin yarandığını deyib.
Görüş zamanı, Azərbaycan və Gürcüstanın qanunverici orqanları arasında daha da intensivləşməkdə olan təmaslara və yeni layihələrin vəd etdiyi töhfələrə dair məmnunluq ifadə olunmuş, eləcə də iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin yalnız Azərbaycan və Gürcüstanın deyil, ümumilikdə Cənubi Qafqaz bölgəsinin rifahına xidmət etdiyi qeyd edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.