Bildiyiniz kimi, ötən gün İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bu məsələnin niyə başlaması, necə planlandığı və sair kimi məsələlər barədə deyil, əməliyyatın niyə məhz “Aslan Milləti” (Am Kelavi) adlandırılmasıyla əlaqəli bir neçə məqama toxunmaq istəyirəm.
Əslində bu hərbi əməliyyatın adı ivrit dilində “Mitva Am ke-Lavi”dir. Tam mənası “Aslan kimi xalqın əməliyyatı” deməkdir. Lakin bu hərbi əməliyyat ingilis dilində “Operation Risinig Lion”, yəni “Yüksələn Aslan” əməliyyatı kimi tərcümə edilib.
Lakin bu əməliyyatın adı yəhudilərin müqəddəs kitab olaraq qəbul etdikləri Tanaxın (Tora, müsəlmanlar Tövrat, xristianlar Əhdi-Ətiq = Ветхий Завет adlandırırlar) 4-cü kitabı olan “Saylar”dan (ba-Midbar) götürülüb. Orada belə qeyd edilir:
“Bu xalq aslan kimi qalxır,
Aslan kimi pəncəsi üstdə durur.
Öz şikarını yeməyincə,
Öldürülənlərin qanını içməyincə rahatlaşan deyil” (Tanax, Saylar, 23/24).
Bundan başqa, Tanaxda (Tövratda) 2 yerdə yəhudi xalqı aslana oxşadılır. Biri qeyd etdiyim, digəri isə yenə Tanaxın 1-ci kitabı olan Təkvində (Yaradılış = Bereşit) Yəqub peyğəmbərin 4-cü oğlu İsrail oğullarının özlərini nisbət etdikləri Yəhuda aslana oxşadılır (Tanax, Yaradılış, 49/9).
Tövrat (Tanax) təfsirlərində aslanın ov ətini, şikarını yeməsi İsrailin düşmənlərini məhv etməsini, qanını içməsi isə onların var-dövlətlərini ələ keçirməsinin rəmzi olduğu qeyd edilir. (Saadya Gaon, Təfsirut-Təurat bil-Arabiyyə = Tövrat Təfsiri, II, 1472).