AZ

Sahibkarlar dövlət güzəştlərindən yararlana bilirlərmi?

Zəngin sahibkarlar ordusu ona görə güclü iqtisadiyyat və yüksək rifah deməkdir ki, burada orta təbəqə ciddi şəkildə formalaşır. Orta təbəqə isə əhalinin sosial durumunu balanslaşdıran önəmli amildir. Bəs sahibkar ordusunu formalaşdırmaq və uğurlu biznes qurmaq üçün  nə etmək lazımdır? İlk növbədə uğurlu biznesin əsasında zamanında atılmış cəsarətli addım dayanır. Bu yolda hər bir sahibkarın arzusu - öz təşəbbüsünü reallaşdırmaq, kiçik biznesini rəqabətədavamlı və gəlirli müəssisəyə çevirməkdir. Ancaq bu yol nə qədər ümidverici və asan görünsə də ilkin mərhələdə sahibkarlar bir sıra çətinliklərlə üzləşirlər. Bu, maliyyə çatışmazlığı, bahalı avadanlıqların alınması, vergi və gömrük öhdəlikləri, texniki və hüquqi tələblərdir. Məhz belə bir zamanda dövlətin dəstəyi mühüm rol oynayır. Ona görə ki, yeni yaradılan bizneslər təkcə sahibkara deyil, bütövlükdə iqtisadiyyat və cəmiyyət üçün əhəmiyyət daşıyır: regionlarda sosial-iqtisadi canlanma baş verir, işsizlik azalır, yerli istehsal güclənir və ölkənin ixrac potensialı artır. Dövlət bu prosesdə sahibkarın yanında olmaqla onun risklərini azaldır və inkişaf yolunu açır.

Bu dəstəyin mühüm alətlərindən biri də investisiya təşviqi sənədidir. Bu sənəd sahibkara real və dəyərləndirilə bilən güzəştlər təqdim edir. Sahibkar dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində investisiya layihəsini həyata keçirməyə hazır olduğu halda vergi və gömrük öhdəliklərindən azad olunur. Bu da həm ilkin yükün azalmasına, həm də müəssisənin daha tez rentabelli olmasına şərait yaradır. Təəssüf ki, bəzi sahibkarların bu imkandan xəbərsiz olması və ya ondan necə faydalanacaqlarını bilməmələri, təşviq mexanizminin tam potensialda işləməsinə mane olur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin  (KOBİA) saytından əldə etdiyimiz məlumata görə, cari ilin ötən 5 ayı ərzində  Azərbaycanda 502 sahibkarlıq subyektinə 606 investisiya təşviqi sənədi təqdim olunub. Bildirilir ki, bu layihələrin reallaşması nəticəsində 7,3 milyard manatdan çox investisiya yatırılacaq, 43,7 mindən artıq iş yeri yaradılacaq. Təşviq edilmiş layihələrin 13,2  faizi Bakı şəhəri və ətraf qəsəbələrin, 86,8 faizi isə regionların payına düşür. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 62,5 faizi sənaye, 34 faizi kənd təsərrüfatı, 1,8 faizi logistika, 1,7 faizi isə turizm sahələrində icra olunacaq layihələri əhatə edir. Hazırda bu sənədi almış 550-dən artıq layihə fəaliyyətə başlayıb, qalanları isə icra mərhələsindədir. Bu müəssisələrin istehsal etdiyi məhsullar MDB, Avropa və ərəb ölkələri də daxil olmaqla bir sıra xarici bazarlara ixrac olunur.

Bəs investisiya təşviqi sənədi nədir? Bu, hüquqi şəxslərə və fərdi sahibkarlara müəyyən edilmiş vergi və gömrük güzəştlərindən istifadə imkanı yaradan rəsmi sənəddir. Azərbaycanda bu mexanizm 2016-cı ildən tətbiq olunur. Hökumət bu sənədi təqdim etməklə sahibkarı stimullaşdırır. Yəni,  sahibkar yeni müəssisə qurur və investisiya qoyur, qarşılığında isə bir sıra vergi və gömrük rüsumlarından azad olunur.  Sahibkarların xüsusilə bilməli olduğu əsas məqam budur ki, investisiya təşviqi sənədi sahibkara 7 il müddətinə güzəştlər verir. Onlar məhz 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50 faizindən azad olurlar. Bundan başqa, torpaq və əmlak vergisindən tam azad edilirlər.

Bundan başqa, müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların gömrük rüsumu və ƏDV-dən də tam azad edilirlər. Bu güzəştlər yalnız layihə çərçivəsində idxal olunan avadanlığa şamil olunur. Xammal və ehtiyat hissələri bu güzəştlərə daxil deyil.

Bu gün belə bir məqamı da xatırlatmaq lazımdır ki, sahibkar üçün investisiya təşviqi sənədinin əldə olunması mütləqdir. Onun əldə edilməsi üçün isə şərtlər belədir.  İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, layihənin həcmi ilə bağlı minimal məbləğ, layihənin həyata keçiriləcəyi ərazilər və zonalar, habelə strateji investisiya layihələrinin meyarları araşdırılıb təsdiq edilməlidir. Həmçinin sənədi əldə etmək üçün isə,  ilk növbədə, sahibkar vergi orqanında vergi ödəyicisi kimi uçota alınmalıdır.

İnvestisiya layihəsi meyarlara cavab verdiyi, sənədlərdə çatışmazlıq, eləcə də sahibkarın vergi və digər dövlət ödənişləri üzrə vaxtı keçmiş öhdəlikləri olmadığı halda və dövlət rüsumu ödənildikdən sonra investisiya təşviqi sənədi 2 iş günündən gec olmayaraq sahibkara verilir. Bu sənəd üçün dövlət rüsumu isə 70 manat təşkil edir. Sahibkar ayrı-ayrı layihələrinin hər birinə ayrıca investisiya təşviqi sənədi ala bilər.

Qeyd edək ki, sahibkarların dövlət güzəştlərindən yararlanmasından sonra onların sayında xeyli artım başa verib. Belə ki,  Dövlət Vegi Xidmətinin məlumatına əsasən, bu ilin may ayının 1-nə respublika üzrə uçotda olan 1 621 818 vergi ödəyicisi var. Bu vergi ödəyicilərinin 86,9 faizi fiziki şəxslər, 13,1 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,3 faiz, hüquqi şəxslərin sayı isə 7,7  faiz artıb. Bütün bunlara rəğmən demək olar ki.  investisiya təşviqi sənədi - dövlətlə sahibkar arasında əməkdaşlığın real nümunəsidir. Bu sənəd vasitəsilə sahibkar üçün biznesə başlamaq daha əlverişli və risk baxımından daha təhlükəsiz olur. Dövlət isə bununla həm sahibkarı stimullaşdırır, həm də regional inkişafı, qeyri-neft sektorunun genişlənməsini və dayanıqlı iqtisadi artımı təşviq edir. Dövlətin təqdim etdiyi bu mexanizmdən istifadə etməklə, onlar daha sürətlə istehsala başlaya, xarici bazarlara çıxış əldə edə bilərlər. Bütün bunlardan  o nəticəyə gəlmək olar ki, hər yeni müəssisə - yeni başlanğıcdır. İnvestisiya təşviqi sənədi isə bu başlanğıcı reallığa çevirən mühüm dəstək amilidir.

Elçin Zaman, «İki sahil»

Seçilən
17
ikisahil.az

1Mənbələr