AZ

"Əbədi cavanlığın sirri": uzunömürlüləri birləşdirən bioloji amillər

"Yeni tədqiqatlar sübut edir ki, sağlam qocalığın kökü orta yaşlarda atılan addımlardadır..."
 
Dünyada 100 yaşa çatmaq artıq istisna deyil. Son onilliklərdə yüz yaşlı insanların sayı ikiqat artmaqdadır və proqnozlara görə 2050-ci ilə qədər bu göstərici beşqat artacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "earth.com" nəşri  yazıb.
 
İsveçin Karolinska İnstitutunun alimləri belə uzunömürlülüyün arxasındakı sirri araşdıraraq cavabı elə insan qanında - daha dəqiqi, biomarkerlərdə tapdıqlarını açıqlayıb.
 
Uzunömürlülərin izinə qan analizlərində rast gəlmək olar
 
Araşdırma zamanı 64-99 yaş arasında olan 44 min İsveç vətəndaşının məlumatları təhlil olunub. Bu insanlar illər öncə AMORIS adlı geniş tədqiqat çərçivəsində qan analizləri verib. Onlardan 1224 nəfəri,  yəni 2,7 fazi 100 yaşa qədər yaşaya bilib və onların 85 faizi qadınlardır.
 
Bu şəxslərin qan göstəriciləri, yaddaş və ümumi sağlamlıq səviyyələri, artıq 60 yaşlarında belə, normadan xeyli yaxşı olub. Onlar nadir hallarda xəstəxanaya düşüb, orqan funksiyaları daha stabil işləyib və bu, onların yaşlanma prosesinin daha yavaş getdiyini göstərib. Beləliklə, nəticə budur: sağlam və uzun ömür əsasən orta yaş dövründə formalaşır.
 
Qan biomarkerləri və orqan sağlamlığı: uzun ömrün göstəriciləri
 
Tədqiqatda iştirak edənlərin qanında xüsusilə 12 biomarker,  yəni qanda maddələr mübadiləsi, qaraciyər və böyrək funksiyası, iltihab səviyyəsi və qida balansını əks etdirən göstəricilər təhlil olunub. 100 yaşa çatan şəxslərin əksəriyyətində aşağı glükoza (qanda şəkər), kreatinin və sidik turşusu səviyyələri qeydə alınıb,  yəni şəkər və böyrək nəzarəti mükəmməl işləyib.
 
Ən maraqlı nəticələrdən biri isə budur: ümumi xolesterin və dəmir səviyyəsi aşağı olan şəxslər 100 yaşa çatmaq baxımından daha az şansa malikdir. Yəni bu maddələrin müəyyən qədər orqanizmdə olması da vacibdir. Xüsusilə sidik turşusu göstəricisi əhəmiyyətlidir: aşağı səviyyəyə malik olanların 4 faizi 100 yaşa çatıb, yüksək səviyyədə olanlarda isə bu rəqəm cəmi 1,5 faiz olub. Görünüşdə az fərq təsiri bağışlasa da, əhali miqyasında bu, minlərlə əlavə uzun ömürlü insan deməkdir.
 
Genetika, həyat tərzi və "mavi zonalar"ın sirri
 
Uzunömürlülük yalnız biomarkerlərlə izah olunmur, genetika, qidalanma vərdişləri, fiziki aktivlik, alkoqoldan istifadə səviyyəsi, stresin idarə olunması və hətta bəxt amili də bu göstəricilərə təsir edir. Dünyanın ən tanınmış "mavi zonaları" olan Yaponiyanın Okinava, İtaliyanın Sardiniya bölgələri məhz bu birgə amillərin uğurlu sintezidir.
 
Bu zonalarda insanların həyat tərzləri daha sabit, yemək porsiyaları kiçik, qidalar isə daha təbii və zəngindir. Onlar gündəlik aktiv həyat sürür, emosional dəstəyi güclü olan sosial şəbəkələrə malikdir.
 
Gələcəyin təbabəti: diaqnoz yox, qabaqlayıcı sağlamlıq strategiyası
 
Tədqiqatçılar gələcəkdə genetik sekvensləmə (genlərin tam analizini) biomarkerlərlə birləşdirərək, orqan funksiyalarını uzun müddət qoruyan gen variantlarını aşkarlamaq istəyir.
 
Süni intellekt və maşın öyrənməsi vasitəsilə bu məlumatların təhlili həkimlərə insanların sağlam qocalma potensialını əvvəlcədən qiymətləndirmək və fərdi sağlamlıq planları qurmaq imkanı verəcək.
 
Müasir təbabətin məqsədi yalnız xəstəliklərlə mübarizə deyil, eyni zamanda sağlam yaşlanma müddətini uzatmaqdır. Bu isə böyrəklər, qaraciyər, qan şəkəri və sidik turşusu səviyyələrini erkən mərhələdən etibarən nəzarətdə saxlamaqla mümkündür.
 
Nə etmək lazımdır?
 
Aşağıdakı sadə, lakin təsirli addımlar sizin də uzun və sağlam ömür ehtimalınızı artıra bilər:
 
- Gündəlik fiziki aktivlik - uzun gəzintilər və hərəkətli həyat;
 
- Şirin içkilərin azaldılması və şəkərin balanslı qəbulu;
 
- Müxtəlif mənbələrdən gələn zülalla zəngin qidalanma; 
 
- Stressin idarəsi - nəfəs məşqləri, meditasiya və ya psixoloji dəstək.
 
Unutmayaq ki, 100 yaşlı insanlar sadəcə şanslı deyil, onlar orta yaşdan etibarən düzgün yaşamağa başlamış insanlardır.
Seçilən
11
moderator.az

1Mənbələr