AZ

Deputat: Uşaq və gənclərimiz idmanla məşğul olmalıdır, sağlam həyat tərzi yaşamalıdır

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya sürətlə dəyişir və qloballaşma fonunda dəyərlərin, mədəniyyətlərin, sivilizasiyaların bir növ həm bir -birinə inteqrasiyası, həm kəskin fərqlər, qısacası xaotik bir vəziyyət göz önümüzdədir. Bu, həm siyasi palitrada, həm humanitar, mədəni dəyərlərin dəyişilməsi, yad təsirlərin, dövlətlərin, xalqların dəyərlərinə birbaşa kəskin təsiri təbii olaraq hər bir dövləti artıq düşündürməlidir.

Gənclərimiz necə olmalıdır?

Onun tərbiyəsi, milli- mənəvi dəyərlərə xas tərbiyə olunması, vətənpərvərlik ruhunun yüksək səviyyədə inkişaf etdirilməsi üçün nələr etməliyik?

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əvvəla bir fərdin yetişməsi mürəkkəb prosesdir.

Vüqar İskəndərov

“Birinci məsələ təbii ki, onun kodudur, bu çox vacib məsələdir, insanın həyatına öz təsirini göstərir. İkinci məsələ valideynlərin övladlarına verəcəyi biliklər, dəyərlərin aşılanması, sonra məktəb, cəmiyyətə sosiallaşmaq, dövlətin bu sahədəki siyasəti və bütün bunların həmin uşağın yenitmə və gəncin böyüməsində, inkişafında olan təsiridir.

Birincisi, hər bir gənc öz dövrünün, zəmanəsinin məhsuludur. Biz bugünkü gənclərdən mütləq surətdə keçmişdəki olan bir çox dəyərləri tələb edə bilmərik. “Biz necə olmuşuqsa, o da elə olmalıdır” məsələsi nəsillər arasında böyük uçurum yarada bilər. Biz gəncliyə tərəf getməliyik. Onun istəkləri, arzuları, fikirləri mütləq nəzərə alınmalıdır. Amma paralel olaraq da gənclərimizin bilikli, savadlı, milli mənəvi dəyərlərimizə xas tərbiyə alması və azərbaycançılıq məfkurəsini mütləq surətdə özündə aşılanması üçün çalışmalıyıq. Bu mənada dövlətin gənclərlə bağlı siyasətində müəyyən müddəalar aparıcı mövqe tutur və biz bu işlərin müsbət formada görülməsinin şahidi oluruq”-deyə deputat qeyd edib.

Vüqar İskəndərov bildirib ki, 2020-ci ildə Vətən müharibəsində Azərbaycan gəncləri bütün dünyaya göstərdilər ki, Vətəni sevmək və dəyərlərə bağlı olmaq necə olar və bu ali dəyəri Azərbaycan gənci ortaya qoydu.

Deputatın fikrincə, paralel olaraq deqredasiya olunan tərəfi də görürük.

“Müasir dövrün, çağdaş dövrün, sərhədsiz informasiya axını hər birimizə təsir göstərir.

Burada isə, risk altında olan uşaq, yeniyetmə və gənclərdir. Onların həssas dövrüdür. Bu mənada biz bu siyasəti incə işləməliyik. Gənc mütləq surətdə, əsasən də uşaq vaxtlarından ailədən aldığı tərbiyə ilə valideynlərin ona verdiyi dəyərlər, məktəbdə qazandıqları ilə inkişaf edir.

Məktəbin əsas missiyalarından biri öyrənmək vərdişlərinin formaladırılmasıdır.

Orada öyrənmək vərdişi ilə paralel təlim, tərbiyə məsələlərində üstün mövqe tutmalıdır.

Uşaq, yeniyetmə və gəncin ətrafında sağlam mühit olmalıdır. Bu mühitin formalaşması üçün bir çox işlər görülür və görülməlidir”-deyə deputat qeyd edib.

Deputatın fikrincə, gənclərin vətənpərvər ruhunun tərbiyə edilməsi üçün dövlətin müvafiq nazirliklərlə birlikdə “Vətənin müdafiəsinə hazıram”, “Şahin” hərbi idman oyunları, “Sərhədçi” Hərbi İdman oyunları və bir çox bu səpkidə olan hərbi idman yarışları keçirilir və onların gənc yaşlarından həm vətənpərvər, həm hərbi vətənpərvərlik ruhunda tərbiyə almaları və bir növ onların gələcəkdə Vətənin qorunması üçün ruhunu tərbiyə təmin edilir.

Eyni zamanda onların mənəvi boşluqların doldurulması üçün ədəbiyyatımızda, mədəniyyətimizə, kökümüzə, dəyərlərimizə, mədəniyyətimizə, musiqimizə, incəsənətimizə bağlı olmaları, dilimizə bağlı olmaları, özünün identik kimliyini dərk etməsi üçün mütləq surətdə həm məktəbdə, həm universitetlərdə, həm informasiya vasitələrində, televiziyalarda gənclərin ruhuna uyğun olan, maraqlarına uyğun, yorucu deyil, daha çox müasir tərzdə onları maraqlandıran formada proqramlar, verilişlər, dərsliklər hazırlanmalıdır.

“Uşaq vaxtında nağıllarımız daha keyfiyyətli yazılmalıdır. Bu, çox vacibdir. Milli nağılların da yazılmasına çox böyük ehtiyac var. Təcrübə onu göstərir ki, uşaq yaşlarından çoxlu nağıl oxuyan uşaqlar mütləq böyüyəndə intellektual olurlar. Bu, onların oxumaq vərdişlərinə çox müsbət təsir göstərir. Mütləq surətdə uşaq və gənclərimiz idmanla məşğul olmalıdırlar, sağlam həyat tərzi yaşamalıdır. Çünki yad təsirlər sürətlə axın edir və bu xaosun qarşısında bizim yeganə silahlarımızdan biri sağlam həyat tərzinin aşılanmasıdır. Çünki buna çox müsbət təsir göstərir.

Unutmamalıyıq ki, bu gün uşaq, yeniyetmə və gənclərimizin fəsadlardan qorunması üçün yalnız dövlət yox, vətəndaş cəmiyyəti də digər strukturlarda gənclərin maraq klublarının yaradılması ilə bağlı işlər görülə bilər. Həmkarlar təşkilatları, bələdiyyələr, bütün cəmiyyət bu mənada birləşməlidir. Çünki gənclər gələcəyimizin təminatçılarıdır və onların düzgün, doğru tərbiyə edilməsi, müsbət ruhda böyüməsi üçün hər birimiz məhsuldar işləməliyik və burada hər birimizin böyük məsuliyyəti var”-deyə Vüqar İskəndərov bildirib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
36
bizimyol.info

1Mənbələr