BAKI, 13 iyun. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, İran Tel-Əviv hökumətinin hücumlarına cavab verərsə, Paris İsrailin müdafiəsinə töhfə verə bilər.
Teleqraf xəbər verir ki, Paytaxt Parisdə keçirilən “Paris İki Dövlətli Həll üçün Çağırış: Regional Sülh və Təhlükəsizlik” adlı konfransda çıxış edən Makron Fransanın İsrailin İrana hücumlarında heç bir iştirakının olmadığını bildirib.
Tərəfləri təmkinli olmağa çağıran Makron İranı nüvə məsələsində beynəlxalq ictimaiyyət qarşısında öhdəliklərini yerinə yetirməməkdə və bütün regionun sabitliyini pozmaqda ittiham edib.
“Biz İranın nüvə silahına malik olduğu bir dünyada yaşaya bilmərik. Bu, hamımızın təhlükəsizliyinə təhdiddir" şərhini verib. İsrailin təhlükəsizliyini dəstəkləyirik. İsrailə cavab olaraq İran tərəfindən hücum olarsa, Fransa əlində olan imkanlar daxilində İsraili qorumaq və müdafiə etməyə yönəlmiş əməliyyatlarda iştirak edə bilər. Əks halda, mən heç bir hücum əməliyyatında iştirak etmək fikrində deyiləm", - Makron qeyd edib.
O əlavə edib ki, İsrail İran ərazisindəki hədəflərdən kənara çıxarsa, bu gün heç kimin proqnozlaşdıra bilməyəcəyi nəticələr baş verə bilərdi: "Bizim İsrailə dəstəyimiz qeyd-şərtsiz və qeyri-məhdud deyil. Mən Fələstin dövlətini tanımaqda qərarlı olduğumu söylədim. Bölgədəki gərginlik beynəlxalq ictimaiyyəti Qəzzada atəşkəs məsələsindən yayındırmamalıdır. Bölgəyə humanitar yardımın qarşısının alınmasına heç bir bəraət qazandırmaq olmaz".