ain.az bildirir, Footbal-plus portalına istinadən.
“Mançester Siti”nin ünlü çalışdırıcısı Xosep Qvardiola uğursuz və titulsuz mövsümün ardından məşqçilər korpusunda radikal dəyişikliklərə getmək qərarına gəlib. "Football-plus.az" xəbər verir ki, o, birdən-birə üç köməkçisi ilə vidalaşıb! Əslində dəyişikliklər çoxdan başlayıb. Son mövsümün gedişində 2012-ci ildən “Siti”də idman direktoru kimi çalışan Çiki Beqiristayn sürpriz şəkildə istefa verdi. Onun yerinə Uqo Vyana təyin olunsa da, portuqaliyalı rəsmi şəkildə işə məhz bu yay başlamalıydı. Görünür, Qvardiola məhz onunla da məsləhətləşərək köməkçilərinin – Xuanma Lilyo, Karlos Visens və İnyiqo Domingesin “kitabını bağlamaq” qərarına gəldi. Ayrılığın rəsmi səbəbi kimi Visensin “Braqa”nın başına keçmək, Lilyonun isə İspaniyaya qayıtmaq istəyi göstərilib. Ancaq Qvardiolanın oyunların gedişində tez-tez məsləhətləşdiyi Lilyo onun üçün elə-belə adam deyildi. Onlar bir-birini 30 ilə yaxındı tanıyır. Qvardiolanın məşqçi kimi formalaşmasında bu şəxsin mühüm rolu olmuşdu. Lilyo hətta Qvardiolanın futbol oynadığı dönəmdə sonuncu məşqçisi də olmuşdu. Onların yolu Meksika təmsilçisi “Dorados”da kəsişmişdi. 59 yaşlı Lilyo 2020-də Mikel Artetanın ayrılmasından sonra “Siti”yə gələrək Qvardiolanın köməkçisi kimi işləməyə başlamışdı. 2023-də ÇL-də qələbənin ardından onların yolu qısa müddətə ayrılsa da, Qətər macərası uğursuz alınan Lilyo yenidən “Siti”yə qayıtmışdı. Visens 2017-dən, Dominges isə 2020-dən klubda idi. Qvardiolanın yeni köməkçiləri isə çox maraqlı simalardı. İlk növbədə Pep Leyndersi qeyd etmək lazımdı. “Liverpul” fanatları, yəqin ki, onların sevimli klubunda 10 il işləmiş bu mütəxəssisi gözəl tanıyır. Leynders hələ Brendan Rocersin dönəmindən “qırmızılar”da işləyirdi və sonradan Yürgen Kloppun da sağ əlinə çevrilmişdi. 2018-də o, qısa müddət vətəni Niderlandda müstəqil məşqçi kimi işləsə də, “Neymegen” macərası uğursuz alınmış və Kloppun dəvəti ilə yenidən Liverpula qayıtmışdı. Hətta ötən yay Kloppun istefasından sonra çoxları onu məhz Leyndersin əvəzləyəcəyini düşünürdü. Amma o da Kloppla birlikdə ayrılaraq Avstriya nəhəngi “Zaltsburq”un başına keçməyə üstünlük verdi. Burda isə işlər o qədər uğursuz alındı ki, məşqçi artıq dekabrda istefaya göndərildi. Maraqlıdı ki, Leynders “Liverpul”dan ayrılarkən “bundan sonra Klopp”dan başqa heç kimin köməkçisi kimi çalışmayacam” açıqlamasını vermişdi. Göründüyü kimi, o, cəmi bir ildən sonra vədinə xilaf çıxdı. Qvardiolanın digər köməkçisi isə böyük ehtimalla Kolo Ture olacaq. Futbolçu kimi “Arsenal”, “Siti” və “Liverpul”da top qovmuş 41 yaşlı Turenin buna qədər Qvardiola ilə heç vaxt yolu kəsişməyib. O daha öncə “Seltik” (2017-19) və “Lester”də (2019-22) Brendan Rocersin köməkçisi kimi çalışıb. 2022-ci ildə çempionşip təmsilçisi “Uiqan” ilə 3,5 illik müqavilə imzalasa da, uğursuz nəticələr üzündən cəmi iki ay sonra qovulmuşdu. Həmin vaxtdan bəri Ture, demək olar, heç yerdə işləməyib. 3-cü köməkçinin də adı bəlli olandan sonra onların hamısının birdən təyinatı açıqlanacaq. “Siti”nin klublararası DÇ-yə yenilənmiş məşqçilər korpusu ilə yollanacağı gözlənilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.