Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Binəqədi rayonunun Sulutəpə qəsəbəsi, Xocalı küçəsində yaşayan sakinlər çoxtonnajlı yük maşını sürücülərinin yaratdığı tıxacdan narazıdırlar.
Oxu.Az-a müraciət edən sakinlərin sözlərinə görə, sürücülər küçənin kənarına irihəcmli avtomobillərini park edərək yolun hərəkət hissəsini zəbt edirlər, bu isə ərazidə nəqliyyatın hərəkətini iflic edir.
Şikayətçilər bildiriblər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara yazılı və şifahi formada müraciət etsələr də, problem aradan qaldırılmır:
"Evlərimizə rahat gəlib-gedə bilmirik. Hər gün müvafiq qurumlara müraciət edirik, lakin nəticə yoxdur. Hətta ərazidə dayanma-durma nişanı olsa da, ona əməl edən yoxdur. Qanunsuz dayanma hallarına qarşı real tədbir görən birini görməmişik".
Oxu.Az məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlasa da, qurumdan bildirilib ki, sözügedən məsələ onların səlahiyyətlərinə aid məsələ deyil.
Məsələyə münasibət bildirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında qeyd edib ki, həmin ərazidə mütəmadi nəzarət tədbirləri görülür.

"Yük avtomobili sürücülərinin yol kənarında maşınlarını saxlaması yolun buraxıcılıq qabiliyyətini azaldır. Qayda pozan sürücülər müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülür", - deyə R.Əhmədli qeyd edib.
Qeyd edək ki, Oxu.Az daha əvvəl də sözügedən problem barədə material dərc edib. Lakin görünən odur ki, hələ də problem öz həllini tapmayıb. Sakinlər məsələnin tezliklə aradan qaldırılması üçün aidiyyəti qurumlardan qətiyyətli addımlar gözləyirlər.
Aləmdə Nəsib
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.