AZ

Donald Tramp daxili və xarici siyasətdə istədiyini əldə etməkdə çətinlik çəkir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Los-Ancelesdə federal hakimiyyət orqanlarının təşkil etdiyi immiqrasiya reydlərinə qarşı kütləvi etirazlar bir neçə gündür ki, davam edir. Deportasiya siyasətinə qarşı çıxan nümayişçilər küçələri bağlayır, sürücüsüz taksiləri yandırır və prezident Donald Trampın təsviri olan kuklaları məhv edirlər. Polis izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz, qumbaraatan və rezin güllələrdən istifadə edir və mərkəzi polis idarəsi iğtişaşların artması ilə əlaqədar xəbərdarlıq elan edib. Los-Ancelesdə vəziyyət gərgin olaraq qalır. 300 hərbçi ilə gücləndirilmiş Milli Qvardiya miqrantlar üçün saxlanma mərkəzi və federal binalar da daxil olmaqla şəhərin əsas yerlərində yerləşdirilib.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞda Donald Trampın miqrantlarla bağlı qərarına qarşı Los Ancelesdə başlayan xaos digər ştatlarda özünü göstərməyəcək: “Sadəcə qvardiya və orduda müəyyən müdaxilələr olur. Bundan istifadə edən “demokratlar” və müəyyən mərkəzlər olacaq”.

Məhəmməd Əsədullazadə

Politolqun fikrincə, Donald Trampın bu siyasətinə görə, 2026-cı ildə konqresə seçkilərdə Respublikaçılar Partiyası zərbə alacaq.

“Amerika miqrant ölkəsidir. Donald Trampın miqrantlara qarşı sərt davranışı onun nüfuzuna zərbə vurur. Bu proseslər ümumiyyətlə ABŞ-da respublikaçılar və demokratlar arasında davam edən siyasi rəqabətdə də özünü əks etdirir. Göründüyü kimi, konqres seçkilərində demokratların nüfuzu daha da artacaq. Respublikaçıların Konqresdə üstünlük qazanması Donald Trampın belə sərt qərarlar qəbul etməsinə gətirib çıxarır. Donald Tramp öz qərarından geri çəkilməyəcək və miqrantlarla bağlı sərt qərarlar verməyə davam edəcək”-deyən Məhəmməd Əsədullazadə bildirib ki, Donald Tramp əgər geri çəkilsə, zəif prezident kimi görünə bilər.

Politoloq hesab etmir ki, Donald Tramp hakimiyyətdən gedə bilər.

“Sadəcə olaraq miqrantlarla bağlı siyasətinə görə, Donald Tramp növbəti seçkilərdə zəif mövqe sərgiləyə bilər. Yəni proseslər ona doğru gedir. Həm xarici, həm də daxili siyasətdə Donald Trampın planları müsbət nəticələnmir və onun qərarları ölkə üçün ciddi şəkildə problemlər yaradır”-deyə Məhəmməd Əsədullazadə qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
bizimyol.info

1Mənbələr