AZ

Donald Tramp biznesmen kimi hakimiyyətə gələ bilirsə, İlon Maskın da prezident olma ehtimalı var

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ milyarderi Elon Musk bu həftə keçmiş müttəfiqi Prezident Donald Trampla davam edən mübahisəsini potensial olaraq gücləndirərək yeni siyasi partiya yaratmaq ideyasını irəli sürüb. Trampı davamlı tənqid edən Musk, "X"-də 220 milyon izləyicisindən “Amerikada əslində ortada 80%-i təmsil edən yeni siyasi partiya yaratmağın vaxtı gəlib çatmadığını” soruşan bir sorğu yayımladı. Onun sorğusuna cavab verənlərin 80%-nin bu ideyanı dəstəklədiyini vurğulayan Tesla CEO-su cümə günü axşam etdiyi paylaşımda “Bu, qismətdir” dedi. Musk daha sonra bir tərəfdarının yeni partiyanı “Amerika Partiyası” adlandırmaq təklifini dəstəklədi.

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Maskla Trampın mövcud vəziyyətinə baxanda münasibətlərin gərgin olduğu müşahidə edilir.

Samir Hümbətov

"Əslində görünən budur. Amma pərdə arxasında burada bir danışılmış oyun ola bilər. Digər tərəfdən Musk hakimiyyətə gələ bilərmi? Bu ehtimal varmı? Əlbəttə ki, var. Əgər Tramp biznesmen olaraq, hakimiyyətə gələ bilirsə, Maskın da hakimiyyətə gəlmə ehtimalı var. Amma bu da Trampın devriləndən sonra yerinə Maskın gələcəyi anlamını daşımır. Ola bilsin ki, Trampdan sonrakı dövr üçün Maskın hakimiyyətə gəlmə ehtimalı üzərindən bəlkə də keçə bilərlər”-deyə politoloq qeyd edib.

Samir Hümbətov bildirib ki, Amerika siyasi tarixinə nəzər saldığımız zaman Amerikada hakimiyyətə gələn şəxslərin hər birinin birmənalı şəkildə siyasətçi olduğunu deyə bilmərik.

“Orada aktyorlar da vardı, hakimiyyətə gələn biznesmenlər də, siyasətçilər də. Eyni zamanda hakimiyyətə gələn müxtəlif yeni zümrədən olan inqilabçılar vardı. Əvvəl döyüşçülər vardı. Bu günə qədər olan 47 prezidentin hamısı siyasətçi olmayıb. Yəni prinsip etibarilə siyasətlə məşğul adam olmayıblar. Müxtəlif dövrlərdə Amerika dərin dövlətinin, Birləşmiş Ştatların maraqlarına xidmət edəcək kimlər vardısa, onlar hakimiyyətə gəliblər”-deyə Samir Hümbətov qeyd edib.

Politoloq hesab edir ki, İlon Maskın kifayət qədər vəsaiti var və siyasətin təməl özəlliklərindən biri siyasi hakimiyyət formalaşdırmaq üçün maliyyə vəsaitinin olmasıdır.

“Partiya yaratmaq üçün maliyyə vəsaiti lazımdır. Eyni zamanda bu gün üçün tələb olunan əsas vasitələrdən biri olan sosial media bazası var. İlon Maskın böyük transmilli şirkətə sahib olması onun iqtisadi üstünlüklərindən biridir. Bu baxımdan Maskın şansı Trampdan da çoxdur. Çünki maliyyə vəsaiti yüksək səviyyədədir”-deyə Samir Hümbətov vurğulayıb.

Bəs indiki halda Amerika dərin dövləti İlon Maska bu şəraiti yaradacaqmı?

Politoloqun fikrincə, bu mövzu müzakirə predmeti ola bilər.

İlon Maskın partiya yaratması məsələsi ilə bağlı politoloq bildirib ki, Amerikada oturuşmuş ənənəvi iki partiya - respublikaçı və demokratlar var: “Bəlkə də Maska partiya yaratmağa imkan verməyə bilərlər. Amma onun hansısa bir partiyaya üzv olmaq ehtimalı var. Çünki Amerika siyasi sistemində partiya rəhbərinin seçkidə mütləq namizəd olmaq şərti yoxdur. Yəni partiya daxilində keçirilən seçkilərdən sonra bəlli olur ki, kim namizəd olacaq”.

“Növbəti Amerika prezident seçkiləri 2028-ci ildə olacaq. Fors-major vəziyyət olarsa, dəyişiklik ola bilər. Əks halda 2028-ci ilə qədər bu məsələ bir az fərqli ola bilər. Yəni onun siyasi fəaliyyətinin alt bazası formalaşmalıdır”-deyə Samir Hümbətov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
icma.az

1Mənbələr