AZ

Əlilliyi olan şəxslərin sosial iştirakçılığının təşviqi məqsədilə məktəblərdə maarifləndirmə sessiyaları keçirilib

“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 1 iyun 2025-ci il tarixindən etibarən 3 ay müddətində “Əlilliyi olan şəxslər üçün sosial dəyişiklik – İnklüziv Forum Teatr” layihəsi çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Bakı şəhərində maarifləndirici tədbirlər təşkil olunub.
 
10–11 iyun 2025-ci il tarixlərində Bakı şəhərində yerləşən Alı Mustafayev adına 202 və Zakir Yusifov adına 194 saylı tam orta məktəblərdə “Əlilliyi olan şəxslər üçün sosial dəyişiklik – İnklüziv Forum Teatrı” mövzusunda maarifləndirici sessiyalar təşkil olunmuşdur.
 
Sessiyaların əsas məqsədi yeniyetmələr və gənclər arasında inklüzivlik dəyərlərinin təşviqi, əlilliyi olan şəxslərin sosial həyatda üzləşdiyi çətinliklərin dərk olunması və bu maneələrin aradan qaldırılması yollarının birgə müzakirəsi olmuşdur.
 
Təlimlər zamanı məktəb şagirdləri kiçik qruplara bölünərək, forum teatr metodologiyası əsasında əlilliyi olan yeniyetmə və gənclərin cəmiyyətdə qarşılaşdıqları çətinlikləri səsləndirmiş və bu problemlərin aradan qaldırılması üçün yaradıcı və praktik təkliflər irəli sürmüşlər. Sessiyalar zamanı müşahidə olunan fəallıq, mövzuya olan yüksək maraq və empatik yanaşma xüsusi qeyd olunmalıdır.
 
Hər iki məktəbdə şagirdlər belə maarifləndirmə tədbirlərinin ilboyu davamlı olaraq keçirilməsi arzusunu ifadə etmişlər. Bu isə inklüziv düşüncənin erkən yaşlardan təşviqinin və təhsil mühitində sosial ədalətə əsaslanan yanaşmaların tətbiqinin nə qədər vacib olduğunu bir daha göstərir.
 
“Əlilliyə Erkən Yardım Portec Şəbəkəsi” İctimai Birliyi olaraq bu cür təşəbbüslərin davam etdirilməsi və inklüziv cəmiyyətin qurulmasına töhfə vermək istiqamətində fəaliyyətimizi davam etdirməyə sadiq qalırıq.
Seçilən
16
moderator.az

1Mənbələr