AZ

Paşinyan Ankaraya sülh üçün gedir, ya öz hakimiyyətini bərkitmək üçün?...


Ceyhun Məmmədov: “Xüsusən də Ermənistan üçün Türkiyə ilə münasibətlərin normallaşması önəmlidir”

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 20-də Ankaraya səfər edəcək. Məlumata görə, səfər çərçivəsində baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Əsas məsələlərdən biri Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması məsələsinin müzakirəsi olacaq. Hər iki lider Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcək.

Maraqlıdır, Paşinyanın Türkiyəyə yönəlik reveransları sülh prosesində nə kimi rol oynaya bilər? Türkiyə ilə münasibətlərin normallaşdırması Paşinyanın öz mövqelərini qorumasında nə dərəcədə faydalı ola bilər? Nəzərə alsaq ki, bu səfər kilsə ilə revanşist müxalifət onun üzərinə getdiyi bir dövrdə olacaq.

“Bu da öz növbəsində Paşinyanın ölkə daxilində mövqelərini gücləndirməsi demək olacaq”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Ceyhun Məmmədovun fikrincə, nəzərə almaq lazımdır ki, səfər Ermənistanda gərginliyin mövcud olduğu dövrə təsadüf edir: “Nikol Paşinyanın üzərinə həm revanşist müxalifət, həm də kilsə gəlir. O, öz mövqeyini möhkəmləndirmək üçün müxtəlif addımlar atır, tədbirlər görür. Bəli, bu gün xüsusən də Ermənistan üçün Türkiyə ilə münasibətlərin normallaşması önəmlidir. Türkiyə Ermənistan üçün Avropaya açılan bir qapı olacaq. Ancaq məsələ ondadır ki, qardaş Türkiyə Azərbaycanla vahid mövqedən çıxış edir. Münasibətlərin normallaşması üçün Ermənistan Azərbaycanın şərtlərini qəbul etməlidir. Bu da hamıya məlumdur. Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır və rəsmi İrəvan ATƏT-in Minsk qrupunun baraxılmasına qərar verməlidir. Çünki bu iki məsələ Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına əngəldir. Türkiyə yalnız bu şərtlər daxilində Ermənistanla sərhədləri aça bilər. Sərhədlərin açılması Ermənistanın inkişafına müsbət təsir edəcək. Bu da öz növbəsində Paşinyanın ölkə daxilində mövqelərini gücləndirməsi demək olacaq. Nəticədə bu, 2026-cı ilin iyununda Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyanın yenidən uğur qazanmasına müsbət təsir edə bilər. Bütün bunlar, təbii ki, Paşinyanın kilsənin və müxalifətin təzyiqlərinə müqavimət imkanlarını artıracaq. Fikrimcə, Paşinyanın Ankara səfəri ikitərəfli münasibətlərə öz müsbət təsirini göstərə bilər. İstənilən halda, Paşinyan ölkə daxilində ona yönələn təzyiqləri neytrallaşdırmaq üçün müxtəlif manevrlər edir. Ankara səfəri də bunlardan biridir. Çünki erməni kilsəsinin müxalifətlə birləşib vahid mövqedən çıxış etməsi Paşinyanı ən çox narahat edən məsələlərdən biridir”.

Vidadi ORDAHALLI

Seçilən
48
baki-xeber.com

1Mənbələr