AZ

Müsəlmanlar dünyada ən yüksək əhali artım tempinə sahibdirlər...

ABŞ-da yerləşən “Pew Research Center” müsəlmanların 2010-2020-ci illər arasında 347 milyon nəfər artaraq dünyada ən sürətlə böyüyən dini qrup olduğunu bildirib.

SİA-nın məlumatına görə, təşkilat siyahıyaalmalar, rəsmi qeydlər və sosioloji sorğular da daxil olmaqla 2700 mənbədən əldə edilən məlumatları təhlil edən hesabat dərc edib.

Hesabatda iştirakçıların dini mənsubiyyətlə bağlı suallara cavabları da nəzərə alınıb. Hesabata görə, müsəlmanların sayı 347 milyon nəfər artaraq bütün dinlər arasında ən sürətli artım olub.

Bunun əsas səbəbinin İslam cəmiyyətlərində əhalinin təbii artımı olduğu bildirilir.

Müqayisə üçün qeyd edək ki, xristianların sayı 122 milyon artıb, lakin onların dünya əhalisinin payı azalıb.

Hesabatda xristianların payının 1,8 faiz azalmasının dinsiz insanların sayının artması və bəzi xristianların öz inanclarını tərk etməsi ilə bağlı olduğu bildirilib.

Belə ki, dünya əhalisinin tərkibində müsəlmanların payı 2010-cu ildəki 23,9 faizdən 2020-ci ildə 25,6 faizə yüksəlib, eyni dövrdə xristianların payı isə 30,6 faizdən 28,8 faizə düşüb.

Xristianların sayında ən böyük azalma Avropa və Şimali Amerikada baş verib.

Hesabatda müsəlmanların əsasən Asiya, Sakit okean, Yaxın Şərq və Şimali Afrika bölgələrində cəmləşdiyi də bildirilib. Eyni zamanda Şimali Amerikada müsəlmanların sayı 52,3, Saharadan cənubda Afrikada 33,8, Yaxın Şərq və Şimali Afrikada isə 23,9 faiz artıb. Eyni zamanda Şimali Amerikada xristianların sayı 10,8, Avropada isə 8,8 faiz azalsa da, Saharadan cənubda Afrikada 31,2 faiz artıb.

Hesabatda qeyd edilir ki, Asiya, Sakit okean, Yaxın Şərq və Şimali Afrika regionları istisna olmaqla, xristianlıq dünyada ən geniş yayılmış din olaraq qalır.

...Həmçinin bildirilir ki, heç bir dinə mənsub olmayan insanlar əhalinin 24,2 faizini təşkil edərək, xristianlar və müsəlmanlardan sonra üçüncü ən böyük qrupdur.

Bundan əlavə, hesabatda 2020-ci ildə buddistlərin sayının 2010-cu illə müqayisədə 19 milyon nəfər azaldığı, yəhudilərin sayının isə 6 faiz artaraq təxminən 15 milyon nəfərə çatdığı müəyyən edilib.

Qeyd edək ki, 2017-ci ildə “Pew Research Center” İslamın dünyada ən sürətlə böyüyən din olduğunu və İslamın 2075-ci ilə qədər dünyanın ən böyük dini ola biləcəyini proqnozlaşdırıb.

Əli Babayev

Seçilən
27
1
sia.az

2Mənbələr