
Azərbaycan cəmiyyətində ölünün yola salınması prosesi illərdir sadəcə dini ayin və ya mədəni ənənə deyil, həm də sosial statusun, hörmətin və bəzən də kollektiv təzyiqlərin göstəricisinə çevrilib. "Allah rəhmət eləsin" sözündən sonra gələn mərasim zənciri - ehsan süfrələri, yas mərasimləri, məzarüstü abidələr, yasxanalar və digər xərclər - artıq bir çox ailələr üçün ağır maliyyə yükünə çevrilib. Nəticədə, dirilər ölənə göstərilən hörmət naminə bəzən borca girir, kredit götürür, psixoloji və maddi gərginlik yaşayırlar. Bəs bu mədəniyyət haradan qaynaqlanır, nəyə xidmət edir və nə qədər davam edə bilər?
Əslində, dəfn və yas mərasimləri Azərbaycan xalqının qədim inanclarından, dini baxışlarından və kollektiv şüurundan qaynaqlanır. Lakin bu mərasimlərin sadəliyi, mərhumun ruhunun rahatlığı üçün edilən dualar, dinimizin tövsiyə etdiyi təvazökarlıq zamanla yerini təmtərağa, çoxsaylı süfrələrə, bahalı yasxanalara və nümayişə verib.
Bugünkü reallıqda bir insanın vəfatı ilə başlayan xərclər siyahısına baxanda, sanki dəfn mərasimi ailənin imkansızlığına baxmayaraq başqalarının gözündə "ayıb olmasın" prinsipi ilə təşkil olunur. Bəzən yas məclisinin necə təşkil olunması, neçə nəfərin iştirak etdiyi, hansı yeməklərin verildiyi daha çox müzakirə olunur, nəinki ölənin həyatı və xatirəsi.
Dini baxımdan da, bu tip israfçılıq qəbuledilməz sayılır. İslamda sadəlik, mərhumun ruhuna dua, Quran oxunması, ehtiyac sahiblərinə yardım əsas amillər kimi göstərilir. Lakin reallıqda bu prinsiplər çox vaxt unudulur. Ehsan süfrələri restoranlarda verilir, onlarla növ yemək sifariş olunur, yasxanalar toy səviyyəsində bəzədilir. Bu isə artıq dini ayin yox, sosial yarışa çevrilir.
Ən ağrılı məqam isə budur: bu mərasimləri təşkil etmək üçün maddi imkanı olmayan insanlar borc alır, kredit götürür, hətta bəzən əmlaklarını satmaq məcburiyyətində qalır. Ailələr, xüsusilə regionlarda, "xalq nə deyər?" qorxusundan dolayı böyük təzyiq altına düşür.
Bir tərəfdə yaxınını itirmiş ailənin yas və kədəri, digər tərəfdə isə bu kədəri "qaydalara uyğun" yaşamaq məcburiyyəti. Mərasimlərin təşkili ilə bağlı tələblər, gözləntilər, müxtəlif qohum və tanışların müdaxilələri ailə üzvlərinin psixoloji gərginliyini daha da artırır. Ölümün gətirdiyi itki ilə yanaşı, maliyyə və sosial stress də ailəni dərin depressiyaya sala bilir.
Mövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli Olaylar.az-a danışıb. İlahiyyatçı qeyd edib ki, yas mərasimləri israf və təmtərağa çevrilməməli, ölümün mənəvi dəyəri qorunmalıdır:
"Bu mövzu ilə bağlı cəmiyyətdə kifayət qədər fikirlər səsləndirilir. Xüsusilə sosial şəbəkələrdə, televiziyada, radioda və kitablarda bu barədə çox danışılır. Daha çox vurğulanan məsələ isə israfdır. Həmçinin, təmtəraqlı məclislərin keçirilməsi məsələsi də geniş şəkildə müzakirə olunur. Qurani-Kərimin Bəqərə surəsi, yəni ən uzun surələrdən biri, bu mövzuda bizə bir yol göstərir. Bu surənin 156-cı ayəsində Allah buyurur ki, insanların başına bir müsibət gəldiyi zaman nə etməli olduqları bildirilir. Ayədə deyilir: "Biz Allaha məxsusuq və yenə Ona qayıdacağıq."
Belə böyük, ibrətamiz bir hadisə - ölüm - təmtəraqlı və israfla dolu məclislərlə kölgələnməməlidir. Bu, həmin hadisənin mahiyyətini və əhəmiyyətini itirmək deməkdir. Bu yanaşma nə Qurani-Kərimin ruhuna, nə də İslamın təməl prinsiplərinə uyğundur. Hər kəs bilməlidir ki, yas mərasimi ictimai rəğbət qazanmaq yeri deyil. Yas mərasimlərinə gələn insanlar başsağlığı verməyə, kədərimizi bölüşməyə, hüznümüzə şərik olmağa gəlirlər. Biz isə bu insanlara daha böyük bir "ehsan" adı ilə yeməklər verir, qonaqlıqlar təşkil edirik. Bu isə bəzən bilgisizlikdən, bəzən də qonaqpərvərliyin həddini aşmasından irəli gəlir. Hər nə səbəbdəndirsə, bu, doğru bir addım deyil".
İlahiyyatçı vurğulayıb ki, yas mərasimləri riyadan uzaq, mərhumun ruhuna dua və səmimiyyətlə yönəlməlidir.
"İslam dinində yas müddəti üç gündür. Peyğəmbərimiz (s.ə.s) səhabələrinə belə tövsiyə etmişdir: Vəfat etmiş şəxsin evinə gedin, özünüzlə yemək aparın, onun dərdinə şərik olun, onun kədərinə ortaq olun və bu şəkildə ona təsəlli verin. Üç gündən sonra isə həmin şəxsi tək buraxın. Yəni, hüzn günləri əsasən üç günlə məhdudlaşırdı. Amma bu gün isə vəziyyət dəyişib: Bu üç gün cümə axşamına, sonra "yeddisi", daha sonra "qırxı" mərasiminə çevrilib. Bu mərasimlər də bəzən o qədər təmtəraqlı və israfla keçirilir ki, artıq yasın mahiyyəti itir və bir növ yarışa çevrilir. Təəssüf ki, bu məclislərdə mərhumun ruhundan çox, məclis sahiblərinin özlərini nümayiş etdirməsi ön plana çıxır. Bəziləri deyir: "Qoy desinlər ki, yaxşı məclis qurduq. Qoy desinlər ki, qəbirüstü yaxşı bəzədilib. Qoy desinlər ki, qonaqları çox idi..." Bu "qoy desinlər" düşüncəsi insanın ixlasını, səmimiyyətini zədələyən bir yanaşmadır.
Biz müsəlmanıq. Hər kəs bu həyatda bir imtahan verir və axırda Allaha hesab verəcək. O qəbirdə yatan insanın "qoy desinlər"ə deyil, duaya ehtiyacı var. Qurandan oxunan ayələrə, onun adından edilən yaxşı əməllərə ehtiyacı var. Ən önəmli məsələ budur".
Araşdırmaçı sosioloq Məhbubə Mehdiyeva isə bildirib ki, yas mərasimləri təmtəraq və israfa deyil, səmimiyyət və mənəvi təsəlliyə əsaslanmalıdır:
"Bugünkü cəmiyyətimizdə dəfn və yas mərasimləri getdikcə daha çox maddi yükə çevrilməkdədir. Bir çox ailə yaxınını itirdikdə təkcə mənəvi sarsıntı yaşamır, eyni zamanda ciddi maliyyə sıxıntısına da düşür. İnsanlar bu mərasimləri bəzən öz istəkləri ilə yox, cəmiyyətin gözündə ayıb olmasın deyə keçirirlər. "Filankəs böyük yas verdi, biz də etməliyik" kimi düşüncələr təzyiq yaradır və ailələri istər-istəməz bu yükün altına salır.
Qurani-Kərimdə açıq şəkildə bildirilib:
"Allah heç kəsi gücü çatmadığı yükə məcbur etməz." (Bəqərə surəsi, 286-cı ayə)
Bu o deməkdir ki, insanın maddi imkanı çatmırsa, Allah onu məsul tutmaz. Amma təəssüf ki, toplumun gözləntiləri insanları borca salacaq qədər təmtəraqlı mərasimlər keçirməyə vadar edir.
Bunlar uzun illərdən bəri müşahidə etdiyimiz, ailədən ailəyə ötürülən adətlərdir. Lakin İslam dini israfı açıq şəkildə qadağan edir: "Yeyin, için, amma israf etməyin. Həqiqətən, Allah israf edənləri sevməz." (Əraf surəsi, 31-ci ayə)
Deməli, dəfn mərasimi məqsədini aşaraq israfa çevrilməməlidir. Ən gözəl mərasim, səmimi dualarla, Quran oxunuşu ilə və sadəliklə yerinə yetirilən mərasimdir.
Yas mərasimləri bəzən sosial status göstəricisinə çevrilir. Kimin nə qədər adam çağırdığı, hansı yeməkləri verdiyi və kimlərin iştirak etdiyi daha çox diqqət mərkəzində olur. Yas mərasimi insanların üzərinə yük yox, rahatlıq və mənəvi təsəlli gətirən sadə bir ibadət olmalıdır".
Sosioloqun sözlərinə görə, ehsan mərasimləri təmtəraq üçün deyil, mərhumun ruhuna dua və ehtiyacı olanlara yardım üçün edilməlidir.
"Ehsan - İslamın gözəl və mənalı ənənələrindən biridir. İlk dəfə olaraq Peyğəmbər (s.a.s.) dövründə, uzaqdan gələnlər üçün yemək təşkil edilmiş və bu, qonaqpərvərlik və mərhumun adından xeyirxahlıq niyyəti ilə həyata keçirilmişdir. Bu bir təmtəraqlı ziyafət yox, yardım və paylaşma ruhu daşıyan bir davranış idi. Ehsanın əsas məqsədi möhtaclara yardım etmək, yetimə, kimsəsizə əl tutmaq, vəfat edən insanın adından savab qazanmaqdır. Bu, həm dini baxımdan savab qazandırır, həm də cəmiyyət içində yardımlaşmanı gücləndirir.
Bugünkü bəzi ölkələrdə - məsələn, Türkiyə, Almaniya və Skandinaviya ölkələrində - dəfn və yas mərasimləri çox sadə və mənalı şəkildə keçirilir. İnsanlar mərhum üçün dua edir, qısa çıxışlar olur, çay süfrəsi açılır, bəzən heç yemək verilmir. Əvəzində sədəqə verilir, yetimlərə yardım edilir, Quran xətmi oxutdurulur. Belə yanaşma həm dini baxımdan doğrudur, həm də ailələri əlavə yük altına salmır".
Bu vəziyyətdən çıxış yolu yalnız hüquqi və inzibati tənzimləmələrlə deyil, həm də cəmiyyətin düşüncə tərzinin dəyişməsi ilə mümkündür. İlk növbədə, din xadimləri və ictimai şəxslər bu mövzuda maarifləndirmə aparmalı, dəfn və yas mərasimlərinin mahiyyətini izah etməlidirlər. Əgər insanların böyük əksəriyyəti bu mərasimlərin sadə və səmimi şəkildə keçirilməsinin həm dini, həm də sosial baxımdan daha faydalı olduğunu anlasa, bu ənənə tədricən dəyişə bilər.
Digər tərəfdən, media və sosial şəbəkələrdə bu mövzuya dair müzakirələrin aparılması, real hekayələrin paylaşılması cəmiyyətdə düşüncə dəyişikliyinə təkan verə bilər. Artıq bəzi insanlar arasında bu dəyişikliklər hiss olunur - bəzi ailələr sadə yas mərasimləri ilə kifayətlənir, yemək əvəzinə xeyriyyə işləri görürlər.
Mərhumun ruhuna hörmət, ailəsinə dəstək, kollektiv paylaşım bizim cəmiyyətin dəyərli xüsusiyyətləridir. Ancaq bu dəyərlərin bahasına diriləri borc içində, psixoloji təzyiq altında qoymaq bu ənənənin mahiyyətinə ziddir. Dəfn mədəniyyəti sadəliyə, təmkinə və mənəvi dəyərə əsaslanmalıdır, süfrənin bolluğuna yox.
SƏİDƏ RAMAZANOVA