Bakıda tullantı qablarının yoxluğu yox, çoxluğu problem yaradıb.
Xezerxeber.az xəbər verir ki, Paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində 30-a yaxın tullantı qabının bir yerdə toplanması həm yığım zamanı tıxaca, həm natəmizliyə, həm də sakinlərin narazılığına səbəb olub
Tullantı qutularının çoxluğu səbəbilə yaranan ağır qoxu isə təkcə bina sakinlərini yox, bu yoldan keçənləri də narahat edir.
Sakinlərin narahat edən əsas problemlərdən biri də axşam satlarında tüfeyli həyat tərzi sürən şəxslərin sözügedən ərazidə toplanması, səs-küy salmasıdır.
Məsələ ilə bağlı Xətai rayon icra hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, tullantı qabları qoyulan zaman qutuların binaların həyətlərində qoyulmasına icazə verilmədiyi üçün tullantı qablarının demək olar hamısı bir yerdə yerləşdirilib. Söhbət Xətai 21 mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətindən gedir. Cəmiyyətin rəsmisi İsa Talıblı ilə əlaqə saxladıq. O da bildirdi ki, zibil qutularının binaların həyətində paylanılmamasına səbəb tullantı maşınlarının ora daxil ola bilməməsidir. Cəmiyyətin rəsmisi onu da qeyd etdi ki, təmizliyə daim nəzarət edilir.
Tullantıların yığılması zamanı yaranan tıxaca isə heç nə edə bilmədikləri bildirildi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.