"ABŞ müdafiə naziri Heqset mümkün işğal planlarından danışıb..."
ABŞ müdafiə naziri Pit Heqset Konqresin Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı Qrenlandiya və Panamanın mümkün hərbi yolla ələ keçirilməsi ilə bağlı Pentaqonun planlarının mövcudluğunu təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə Nv.ua yazıb.
Məlumatda deyilir ki, demokrat konqresmenlərin israrlı suallarına birbaşa cavab verməkdən çəkinən Heqset hərbi əməliyyatlar barədə "Signal" messencerində müzakirələr apardığına dair ittihamlara da cavab verməkdən boyun qaçırıb.
Komitənin demokrat üzvü, Vaşinqton ştatından olan konqresmen Adam Smit soruşub: "Pentaqonun Qrenlandiya və Panamanı hərbi yolla işğal etməyə dair planı varmı?". Hegsetin cavabı belə olub: "Bizim işimiz planlara sahib olmaqdır. Hər cür fövqəladə vəziyyət üçün planlarımız var. Bizim bir binamız plan tərtib edənlərlə doludur və onlar lazım gəldikdə tövsiyə verməyə hazırdır".
Smit əlavə edib ki, bu fövqəladə hallara "əsasən Danimarkaya hücum" kimi ssenarilər daxildirmi? Heqset isə cavabında "sizə lazım olan istənilən fövqəladə vəziyyət üçün planlarımız var" deyə bildirib.
Qrenlandiyaya və Panamaya artan maraq: Çin amili və Trampın təzyiqləri
Heqsetin çıxışında diqqət çəkən digər məqam isə ABŞ-ın Grenlandiya və Panamadakı Çin təsirindən narahatlığı olub: "Panama çox mühüm strateji regiondur, Qrenlandiya da həmçinin". Bununla belə, suallar qarşısında Heqset Trampın bu təşəbbüslərdə rolu barədə açıq fikir bildirməkdən yayınaraq, məsələni təhlükəsizlik planlarına yönəldib.
ABŞ prezidenti Donald Tramp isə məsələ ilə bağlı açıq danışıb. 2025-ci ilin yanvarında o, Panamanın və Qrenlandiyanın "hərbi və ya iqtisadi yolla ələ keçirilməsini" istisna etmədiyini bəyan edib. İyirmi gün sonra keçirilən inauqurasiya çıxışında isə Tramp ABŞ-ın Panama kanalını geri alacağını və ölkənin ərazisinin "genişlənəcəyini" elan edib. Müşahidəçilər bu bəyanatın Qrenlandiyaya və bəlkə də Kanadaya işarə etdiyini deyir.
Danimarka və Qrenlandiyanın reaksiyası: Suverenlik uğrunda mübarizə
Danimarka parlamenti ABŞ-a ölkədə hərbi baza yaratmaq hüququ verən qanun layihəsini qəbul edib. Bu qərar tənqidçilər tərəfindən Danimarkanın suverenliyindən imtina kimi dəyərləndirilib. Qrenlandiyanın baş naziri Jens Frederik Nilsen isə ABŞ-ın adaya nəzarət etməsinə qarşı çıxıb.
Trampın təzyiqləri fonunda Qrenlandiyada martın 11-də keçirilən seçkilərdə "Demokraatit" müxalifət partiyası 29,9 fauz səslə qələbə qazanıb. Bu, adanın daha çox muxtariyyət və bəlkə də gələcək müstəqillik arzusunun göstəricisi kimi qiymətləndirilir.
Kəşfiyyat fəallığı və gələcək ssenarilər
May ayında "The Wall Street Journal" nəşri yazıb ki, ABŞ administrasiyası Qrenlandiya ilə bağlı kəşfiyyat fəaliyyətlərini gücləndirməyi tapşırıb. Bununla paralel, Tramp bəyan edib ki, Kanada ilə bağlı hərbi əməliyyat planları yoxdur, lakin Qrenlandiya məsələsində bu variantı istisna etmir. Martın 4-də Konqresə illik müraciətində Tramp bildirib ki, ABŞ Qrenlandiyanın öz müqəddəratını təyin etmək hüququnu dəstəkləyir və adanın xalqı istəsə, onu ABŞ-a birləşdirməyə hazırdır.