Arzuxan Əlizadə: "O ikili siyasət yürüdə bilər, çünki artıq Vuçiç də fərqindədir ki, Rusiya öz əvvəlki mövqelərini itirməkdədir"
Serbiya Prezidenti Aleksandr Vuçiç Ukrayna-Cənub-Şərqi Avropa sammitində iştirak etmək məqsədilə Odessaya gəlib.
Bu, Vuçiçin hakimiyyətdə olduğu 12 il ərzində Ukraynaya ilk səfəridir. Bundan əvvəl Viçiç Moskvada 9 May paradına qatılmışdı və buna görə Avropa Komissiyası ona ciddi irad bildirdi.
Serbiya Prezidenti Aleksandr Vuçiç sammitdə çıxışı zamanı deyib ki, Vladimir Zelenski ilə Odessada ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
"Mən Serbiya və Ukrayna arasında əməkdaşlığın yeni sahələrini təklif etdim, Prezident Zelenski ilə ikitərəfli danışıqları planlaşdırdıq. Düşünürəm ki, iqtisadi dövriyyə ilə bağlı bəzi məsələlərimizi həll edə biləcəyik. Ümid edirəm ki, əməkdaşlığımız inkişaf edəcək", - deyə Serbiya prezidenti qeyd edib.
Bu, Serbiyanın Rusiyanın yanından çəkilib Ukraynaya dəstək verəcəyi anlamına gəlirmi?
Baki-xeber.com saytına məsələ barədə danışan AMİP lideri, deputat Arzuxan Əlizadə bildirdi ki, Serbiya prezidenti Vuçiç Avropa liderləri içərisində uzun illər rusiyapərəst mövqeyi ilə seçilib: "Onun Moskvada keçriilən 9 May paradında iştiraki ciddi qınağa tuş gəldi. Həm özünün, həm də komandasının Rusiyaya yönəlik isti münasibəti Avropa liderləri tərəfindən tənqid edilib. Müharibənin başlanmasından bəri o ilk dəfədir Ukraynaya səfər edir.
Hesab edirəm ki, onun Ukraynaya səfəri Rusiyadan birmənalı olaraq qopması, Moskvaya arxa çevirməsi demək deyil. Sadəcə olaraq, Avropa liderlərinin qınağı onun Ukraynaya səfərinin reallaşmasına səbəb olub. Amma istənilən halda, rusiyapərəst mövqeyi ilə seçilən Vuçiç çox qısa müddətdə Rusiya ilə münasibətləri korlayıb üzünü digər tərəfə tutmayacaq. O ikili siyasət yürüdə bilər, çünki artıq Vuçiç də fərqindədir ki, Rusiya öz əvvəlki mövqelərini itirməkdədir. Amma istənilən halda onun Rusiyaya sevgisi, ümumiyyətlə, Serbiya hakimiyyətinin Kremllə isti münasibətləri hələ davam edəcək. Vuçiç öz siyasətində ciddi dönüş etməyəcək. Lakin onun Ukraynaya səfər etməsi və Avropa liderləri ilə çiyin-çiyinə dayanması ən azı Serbiyanın da bu cəbhədə səf tutmaq, cərgəyə qoşulmaq istəyi kimi qəbul edilə bilər. Bu da təqdirəlayiq məsələdir".
Dəniz NƏSİRLİ