AZ

İran-İsrail savaşı Qafqaza təsirsiz ötüşməyəcək... İzlər görünür...


Vaşinqton və Tehran arasında artan gərginlik istər təhlükəsizlik, istərsə də iqtisadi baxımdan İranın qonşuluğundakı Azərbaycana ,ümumən də Cənubi Qafqaza ciddi təsir edə bilər. İran və Amerika Birləşmiş Ştatları arasında Tehranın mübahisəli nüvə proqramı ilə bağlı danışıqlar hələ ki nəticə verməyib.

ABŞ Yaxın Şərqdəki diplomatlarının sayını azaltmağa hazırlaşdığını bildirib. Bu da səbəbsiz görünmür. Artıq İsrail iyunun 13-də İranın nüvə və hərbi obyektlərinə qabaqlayıcı zərbələr endirdiyini bildirib. Təl-Əviv xəbərdarlıq edib ki, hücumlar davam edəcək, məqsəd Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır.

İsrail Hərbi Hava Qüvvələrinin İrana endirdiyi zərbələr nəticəsində Natanzdakı uran zənginləşdirmə kompleksi zədələnib. “The Times of Israel” yazır ki, İsrail hökuməti endirilən zərbələr zamanı İranın Natanz şəhərindəki uran zənginləşdirmə obyektinə əhəmiyyətli zərər vura bildiyini hesab edir: “Müdafiə məsələlərinə nəzarət edən İsrail rəsmiləri hesab edirlər ki, hava zərbələri zamanı Natanzdakı obyektə əhəmiyyətli zərər vurulub”. “Israel National News” yazır ki, İsrail İrana hücumu bir neçə il ərzində hazırlayıb və yüksək rütbəli hərbi məmurlar və alimlər haqqında ətraflı dosyelər toplayıb. Mənbənin sözlərinə görə, İsrailin İrana qarşı həyata keçirdiyi “Yüksələn şir” əməliyyatı İsrail ordusu, MOSSAD və İsrailin müdafiə sənayesi arasında sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib: “Eyni zamanda, İranın strateji raket arsenalını neytrallaşdırmaq üçün gizli kampaniya başladılıb”. Həmçinin qeyd olunub ki, son illərdə MOSSAD İsrail ordusu ilə birgə İsrailin müdafiə sektorunun qabaqcıl texnologiyalarından istifadə edərək İranda silsilə gizli təxribat missiyaları həyata keçirib: “Bu fəaliyyət İranın hava hücumundan müdafiə və strateji raket sistemləri sahəsindəki imkanlarını zəiflədib”. Bundan əlavə, MOSSAD-ın xüsusi bölmələri əvvəlcədən Mərkəzi İrandakı zenit raket batareyalarının yaxınlığında yüksək dəqiqlikli silah sistemləri yerləşdirib. İsrail Hərbi Hava Qüvvələri havadan hücuma başlayanda bu sistemlər aktivləşdirilib və eyni vaxtda dəqiq zərbələr endirərək əsas hədəfləri vurub. İsrail Hərbi Hava Qüvvələri İrana zərbələr endirmək üçün 200 təyyarə cəlb edib, onlar 330-dan çox döyüş sursatı atıblar. Zərbələr zamanı qırıcılar təxminən 100 hədəfə 330-dan çox döyüş sursatı atıblar.

İranın Ali dini lideri Ayətulla Əli Xameneyi xəbərdarlıq edib ki, İsrail bu hücumların ağır nəticəsi ilə üzləşəcək: “Sionist rejim bu cinayətlə özünə acı və ağrılı bir tale yazdı və bunu mütləq alacaq”. İsrailin müdafiə naziri İsrael Kats İrandan mümkün cavab zərbəsi gözlənildiyi üçün ölkəsində “xüsusi vəziyyət” elan edib. İsrailin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir də bildirr ki, İranın cavab zərbələri nəticəsində İsrail çox güman, itkilərlə üzləşəcək. Onlar israillilərin vərdiş etdiyindən fərqli olacaqlar: “İsrail vətəndaşları, mən mütləq uğur vəd edə bilmərəm. İran cavab olaraq bizə hücum etməyə çalışacaq və gözlənilən itkilər bizim öyrəşdiyimizdən fərqli olacaq”. Benyamin Netanyahu da israil xalqını İranın zərbələrinə hazır olamağa çağırıb. Təbii ki, İsrail və İran arasında savaşa digər dövlətlər, o cümlədən region ölkələrinin və ABŞ-ın, Avropanın da müdaxiləsi qaçılmaz hesab olunur. Bu, artıq Yaxın Şərqdə tamamilə yeni vəziyyət demək olacaq. Prosesin Cənubi Qafqaza da təsiri qaçılmazdır. İran və İsrail arasında artıq qaçılmaz görünən genişmiqyaslı müharibənin başlaması bütün Yaxın Şərqdə artıq şok dalğaları yaradıb. Hesab olunur ki, İran-İsrail müharibəsi Yaxın Şərqdə uzun müddətdir davam edən geosiyasi rəqabəti daha da gücləndirəcək. İran tarixən Livandakı “Hizbullah”, Yəməndəki Husilər, Qəzzadakı HƏMAS, Suriya və İraqdakı müxtəlif silahlı qruplaşmaları dəstəkləyib. Bu qruplaşmalara son vaxtlarda ciddi zərbələr endirilsə də, İranın yenidənonları səfərbər edərək İsrailə qarşı yönləndirməsi proqnozlaşdırılır. Son illərdə bir çoxu “İbrahim sazişləri” kimi təşəbbüslər vasitəsilə İsraillə əlaqələri normallaşdıran və ya yaxşılaşdıran ərəb dövlətləri indi təhlükəli vəziyyətdədirlər. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Səudiyyə Ərəbistanı kimi ölkələr geniş regional müharibəyə cəlb olunmaq təhlükəsi ilə üz-üzə qalıblar. Artıq illərlə davam edən müharibə və daxili çəkişmələr nəticəsində zəifləmiş İraq və Suriya yenidən israilin və İranın döyüş meydanına çevrilmək riski ilə üzləşir. Livan da daha ağır vəziyyətlə üzləşir, çünki “Hizbullah”ın İsraillə savaşı sonda ölkəni Təl-Əvivlə açıq münaqişəyə sürükləyir. İran-İsrail münaqişəsi həm də Cənubi Qafqazda vəziyyəti yenidən formalaşdıra bilər. Son zamanlar İran-Azərbaycan diplomatik münasibətlərində yaxınlaşma müşahidə olunur. Apreldə İran prezidenti Məsud Peşezkian Azərbaycana səfər edib. Azərbaycan diplomatik nümayəndəliyinə iki il öncə hücum edən şəxs edam edilib. İkitərəfli təyyarə reysləri artırılıb. Azərbaycanla İran Araz üzərindən nəqliyyat körpüsü tikirlər.Amma bütün bunlarla belə, Bakı və Təl-Əvivin münasibətləri daha stratejidir, Azərbaycan İsrailin neftə ehtiyacının 40 faizini təmin edir. Əvəzində isə 2016–2021-ci illərdə silahlarının 69 faizini İsraildən alıb. Hazırda müharibə nəticəsində İranda mərkəzdənqaçma meylləri güclənə bilər. İsrailin istəklərindən biri də budur. Azərbaycan isə İrandakı hadisələrin müxtəlif ssenariləri üzrə inkişafına hazır olmalıdır. İrandakı soydaşlarımız müharibədən qorunmaq üçün Türkiyə və Azərbaycana üz tuta bilərlər. Eyni zamanda Azərbaycanda təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac yaranıb.

Nahid SALAYEV

Seçilən
75
50
baki-xeber.com

10Mənbələr