AZ

Məşhur muğamçının birdən-birə "rep"ə keçidi hamını çaşdırıb...


Xalq artisti Alim Qasimovun bir neçə gün öncə toyların birində rep deməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xalq artistinin rep ifa etməsini normal qarşılayan da, tənqid edənlər də var. Bəziləri hesab edir ki, səhnədə yeniliklər edən A.Qasımov bu dəfə də yeni bir ilkə imza atıb.

Alim Qasımovun rep oxumasına ölkənin tanınmış ziyalıları, ictimai xadimləri necə baxır? Onlar bunu normal qəbul edirlərmi?

Tural İrfan: “Ürəyindən gəlib, qalxıb bir ağız da bu üslubda oxuyub”

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə bildirdi ki, cəmiyyətimiz nədənsə çox aqressiv, hikkəli görünür, əsasən sosial şəbəkələrdə: “Daxili gərginliyini, içindəki bütün mənfi hissləri üstünə tökməyə hədəf axtarır. Bəzən də kələfin ucunu itirir və ziyalıları, ictimai xadimləri, hətta tarixi şəxsiyyətləri təhqir edirlər. Hamıya bir qulp qoyub, hərəyə bir ad qoşurlar, hamını ləkələyirlər. Bizim cəmiyyət xəstədir. Bu, xəstəliyin əlamətləridir. Heç nəyə normal münasibət bildirə bilmirlər. Ya gərək Tanrı qədər pərəstiş etsin, ya da gərək söyüb təhqir edib ləkələsin. Normal, etik, sabit münasibət bildirməyi çoxu bacarmır. Alim Qasımov dünyada tanınmış Xalq artistimizdir. Məhz artist. Artistin peşəsi də camaatı feyziyab etmək, güldürmək, şənləndirməkdir. Amma sən demə, çoxu Alim Qasımovu İran molları obrazında görmək istəyirmiş. Bəs yaxşı, mərsiyə oxusa idi bu qədər tənqid olunacaqdımı? Xeyr. Çünki cəmiyyətə sirayət etmiş geriçi kütlə dərhal onu təqdir edib rəy yaradacaqdı. Hansısa məclisdə bir ağız başqa üslubda dilxoşluq edib, indi onu hədəfə gətiriblər. Bütün yaradıcılığını, xalqımızı dünyada tanıtmağını bir kənara qoyub, iki dəqiqəlik rep oxumağının üstündə durub kişini aşağılayırlar. Nə qədər gülünc, nə qədər absurddur.

Artistdir. İstədiyi kimi sərbəst oxuya da bilər, hələ kinoda rola da çəkilə bilər, rəqs də edə bilər. Alim Qasımova sənətdə sərhəd qoymaq, qarşısına sədd çəkmək səlahiyyəti kimə verilib? Heç kəsə.

Sanki artistlər ancaq əlində təsbeh, başında buxara papaq, zəhmli formada olmalıdır. Özlərinin isə sosial şəbəkələrdə söymədikləri söyüş yoxdur. Xalq artistindən tələb etdiklərinə özləri əməl etmir. Çox hay-küyçüdür cəmiyyətimiz. Sanki böyük bir şey olub. Alim Qasımov sənətdə də, həyatda da səmimi adamdır. Başqaları kimi süni danışmır, saxta oxumur. Təbii adamdır. Ürəyindən gəlib, qalxıb bir ağız da bu üslubda oxuyub. Dünya dağılıb? Əgər kimin xoşuna gəlmirsə baxmasın, qulaq asmasın. Gərək mütləq hay-həşir salasan? Bunun özü görməmişlik, vəhşilikdir. Adamlar artistin və artistliyin mahiyyətini dərk etmək qabiliyyətinə malik deyillər. Artisti kənd mollası obrazında görmək istəyən nadan fərdlər cahil də cəmiyyət formalaşdırır”.

İlqar Hüseynli: “Alim Qasımov "repçi olur, repə keçir" deyə bir məqam görmürəm”

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli də xalq artistinin rep ifa etməsini normal qarşılayır. “Başa düşürəm, Alim Qasımov fərqli personajdı. O, ümumiyyətlə Azərbaycan muğam, musiqi sənətinə bir yenilik, fərqlilik, bir az da dərvişlik gətirən bir sənətkardır. Böyük sənətkardır. Azərbaycan muğamlarını, dünyadakı fərqli musuqi janrlarını bir-birinə sintez edən şəxsdir.

Burda konkret olaraq Alim Qasımov "repçi olur, repə keçir" deyə bir məqam görmürəm.

Görünür, hansısa bir toyda, bir məclisdə belə bir qeyri-adi, özünəməxsus, seçilərək fərqli bir rakursda kimisə təbrik edib. Ona bədahətən belə bir hərəkətlilik gəlib. O da mikrofonu alıb maraqlı bir şey təqdim edib. Məncə, burda Alim Qasımovu qınamaqdan çox, onun sərbəstliyinə, azad ruhlu olmasına fokuslanmaq lazımdır. Alim Qasımov o qədər böyük sənətkardır ki... O, Azərbaycan musiqisini dünyada təbliğ edən, ona yeni bir nəfəs verən özünəməxsus musiqiçidir.

Cəmiyyətin müxtəlif kəsimləri buna fərqli prizmadan yanaşa bilərlər. Hər halda mənim mövqeyim bundan ibarətdir”-deyə İ.Hüseynli bildirdi.

Elyar İslamoğlu: “Belə eksperimentlər, xüsusilə Alim Qasımov kimi düşüncəli sənətkar tərəfindən edilirsə...”

Filologiya üzrə fəlsəfə doktoru, ictimai fəal Elyar İslamoğlu da bildirdi ki, A.Qasımovun rep ifa etməsində təəccüblü nəsə görmür: “Alim Qasımov kimi dünya şöhrətli bir muğam ustasının "rep" deməsi həm sənət dünyasında, həm də ictimai rəy içində müxtəlif reaksiyalara səbəb oldu.

Alim Qasımov kimi sənətkarın eksperiment etməsi əslində təəccüblü deyil. O, sadəcə muğam oxuyan deyil, daim muğamın sərhədlərini aşmağa çalışan, onu dünya səhnəsinə çıxaran və fərqli üslublarla sintez edən bir sənətkardır. Onun repə müraciəti də bir növ yenilik axtarışı, ifadə imkanlarının genişləndirilməsi kimi başa düşülə bilər.

Bir ziyalı kimi baxdıqda, məsələyə ənənə və müasirliyin qovuşduğu bir nöqtə kimi yanaşmaq lazımdır. Ənənəvi sənət sahələri yalnız keçmişin yadigarı deyil, həm də yaşayan və inkişaf edən bir mədəniyyətin hissəsidir. Bu baxımdan, əgər bu keçid keyfiyyətli şəkildə, muğamın dəyərlərinə hörmətlə həyata keçirilirsə, bu müsbət haldır.

Gənc nəslin bir hissəsi bu addımı müasirlik, təqdirəlayiq yenilik kimi qarşıladı, amma ənənəyə bağlı insanlar isə bunu muğamın "ticariləşdirilməsi" və ya "bayağılaşdırılması" kimi gördülər.

Əgər bu sadəcə populyarlıq qazanmaq, sosial mediada gündəm olmaq üçündürsə, bu müsbət hal deyil. Düşünürəm ki, Alim Qasımov kimi bir muğam ustasının sosial mediada gündəm olmasına ehtiyac yoxdur.

Belə eksperimentlər, xüsusilə Alim Qasımov kimi düşüncəli sənətkar tərəfindən edilirsə, ciddiyə almağa və anlayışla yanaşmağa dəyər”.

Aydın Xan Əbilov: “Alim Qasımov rep ifaçılığını...”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net-Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, Alim Qasımov yaradıcılığının müxtəlif vaxtlarında həmişə maraqlı eksperimentlər edib: “O, müxtəlif musiqi janrlarını, istiqamətlərini, dünya, Avropa, Qərb bəstəkarlıq məktəbi ilə Azərbaycan muğam sənətini, bəstəkarlıq əsərləri ilə sintez edib və bunu öz yaradıcılığında nümayiş etdirib. Alim Qasımovun rep deməsində təəccüblü heç nə yoxdur, bu, böyük sənətkarımızın repə keçdiyi anlamını vermir. O vaxtilə gənclərlə birgə muğamla pop musiqisinin sintezini edib, mahnı yazdırıb, klip çəkdirib. Eyni zamanda istər Cənubi Amerika, istər Norveç, istər digər xalqların musiqiçilərindən ibarət ən böyük konsertlərin iştirakçısı olub. Onu dünyanın bir sıra ölkələrində səsləndirib. Alim Qasımovun muğam ifaçılığı xarici ölkələrdə də sevilir, qəbul edilir...Alim Qasımov bir sıra xalqların dilində oxuyub. Onun toyda göstərdiyi rep ifası ümumiyyətlə unikal idi. Mən bunu onun yaradıcılığında yeni bir çevriliş elan edərdim. Heyf ki, bu ifa musiqi zövqü 0 olan insanlar tərəfindən qınağa səbəb oldu. O insanlar ki, heç iki cümlə Azərbaycan dilində normal danışa bilmirlər, muğamdan anlayışları yoxdur, onlar Alim Qasımov kimi ulduz sənətkar haqqında ağzına gələni danışır, mənasız fikirlər söyləyirlər. Azərbaycan sosial şəbəkələrində deyilən sözlərin heç biri mənim üçün maraqlı deyil, Alim müəllim özü də buna əhəmiyyət vermir. Mən arzu edərdim ki, Alim Qasımov rep ifaçılığını davam etdirsin, gənclərə yaxın getsin...”

İradə SARIYEVA

Seçilən
66
baki-xeber.com

1Mənbələr