AZ

Qızıl dünya bazarını çalxalayır – 41 dollar bahalaşma?..


Dünya bazarında qızılın qiyməti kəskin surətdə bahalaşır. Qızılın bahalaşmasına səbəb dünya iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlikdir. Ekspertlərin fikrincə, dünya iqtisadiyyatındakı problemlərdən ehtiyatlanan investorlar pullarını qızıla və digər aktivlərə qoyur. Elə bu fonda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 41,6 dollar artaraq 3 444 dollar təşkil edib.

Bununla yanaşı, investorların bu metala marağı azalmır. Qızıla fiziki tələbatın artması böhranla nəticələnə bilər. Bu barədə Avropa Mərkəzi Bankının ekspertləri xəbərdar ediblər. Onlar böhran ehtimalını əmtəəlik qızıl ehtiyatlarının fiziki yerdəyişməsi ilə izah edirlər.

Ekspertlər bildirirlər ki, bir neçə ay əvvələdək qızıl alışı virtual həyata keçirilirdi. Sarı metalı alan investor onu aldığı bankda saxlayırdı. İndi isə alıcılar qiymətli metalın fiziki yerdəyişməsini də tələb edirlər. Son aylarda ABŞ və Britaniyadan kənara tonlarla qızıl daşınıb. Avropa Mərkəzi Bankının mütəxəssisləri bildirirlər ki, bu vəziyyət qızıl bazarında logistika zəncirinin pozulması ilə nəticələnə bilər. Bu təqdirdə bazarlar ciddi zərər görəcək. Ən pis ssenaridə isə, bu şok bütün maliyyə sisteminə zərbə vura bilər. Mütəxəssislər qeyd edir ki, yaxın zaman üçün qızılın qiyməti dünya iqtisadiyyatında baş verəcək proseslərdən asılı olacaq. Dünya bazarında böhran meyillərinin səngiyəcəyi, səhm bazarında müşahidə edilən böhranın real sektora keçməyəcəyi halda qızılın qiymətinin yenidən stabilləşməsi, müəyyən qədər azalması baş verəcək. Amma bunun əksi də tamamilə gözləniləndir. Hələlik isə qızıl qiymətlərinin bahalaşması dünya iqtisadiyyatında, siyasi və hərbi-strateji məkanda baş verən qeyri-müəyyənliklərlə əlaqədardır. Ümumiyyətlə, ilin əvvəlində qızılın bu il 3500 dollara qədər bahalaşacağı ehtimalları mövcud idi. Həmçinin bu ehtimalları 3700 dollara qədər yüksəldən beynəlxalq təşkilatlar da var. Hesab olunur ki, qızıl qiymətlərində artım davam edəcək. Burada əsas səbəb ondan ibarətdir ki, xüsusilə 2025-ci ildə qızıl qiymətini artıran əsas amil – Amerikanın dünyaya, xüsusilə də Çinə qarşı apardığı ticarət müharibəsidir. Bu iki nəhəng ölkə arasında baş verən ticarət müharibəsi bütün dünyada ciddi qeyri-müəyyənliklər yaradır. Qeyri-müəyyənliklər dövründə qızıl investorların sevimli investisiya alətinə çevrilir. Qızılın uzun illər sonra son bir neçə ayda bahalaşması da məhz bu qeyri-müəyyənliklərlə bağlı kəskin yüksəlişi idi. Çünki Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya ilə Qərb arasında qarşıdurma, ölkələrin bir-birinə sanksiyalar tətbiq etməsi və eyni zamanda, dünyanın təbəqələşməsi kimi məsələlər qızılın qiymətini artırırdı. Bundan başqa, pandemiyadan sonra müşahidə olunan inflyasiyanın aşağı düşməsi də qızıl qiymətlərinə artırıcı təsir göstərirdi. 2025-ci ildə bu amillər qüvvədə qalır. Proqnozlara əsasən, Amerikanın tarif siyasəti dünyada qeyri-müəyyənlikləri artıracaq və bu müharibə ciddi şəkildə dönərli valyutalar üçün problem yarada bilər. Eyni zamanda, bu ziyanverici prosesdə baş verə biləcək ssenarilərin proqnozlaşdırılması çətin olduğuna görə investorlar təbii olaraq qızıla yatırım edirlər. İqtisadçı ekspert Xalid Kərimli də qeyd edir ki, burada, dolların ucuzlaşması da rol oynayır. Dollar əmtəələrin ölçü vahididir: “Dolların son bir neçə ayda dəyərini itirməsi qızılın qiymətlərinə artırıcı təsir göstərir. Bu artımda inflyasiya göstəricilərinin kifayət qədər aşağı olması da rol oynayır”.

Qızılın bahalaşmasının Azərbaycana təsirlərini təhlil edən iqtisadçı ekspert deyib: “Təbii ki, bunun Azərbaycana necə təsir edə biləcəyi böyük maraq doğurur. Qızıl yığım valyutasıdır. Azərbaycan üçün indiki məqamda biz ancaq bunun müsbət təsirlərini qeyd edə bilərik. Çünki ölkəmizin, yəni Azərbaycan Respublikası Dövlət Neft Fondunun ehtiyatlarının 22 faizi qızıldadır və 2023-cü ilin hesabatına nəzər saldıqda görürük ki, burada Fond əhəmiyyətli alışlar həyata keçirib. 2024-cü ildə Fond 44,8 ton qızıl alıb və öz ehtiyatını 11-12 faizdən 21,6 faizə qədər qızıla keçirib. Bu prosesin bu ildə də davam edəcəyi elan olunub. Belə ki, Dövlət Neft Fondu ehtiyatlarının 25 faizə qədərini qızılda saxlayacaq və bu göstərici 29 faizə qədər arta bilər. Azərbaycan Dövlət Neft Fondunun son ehtiyat strategiyasında bu rəqəmlər qeyd olunub.

Bundan başqa, Azərbaycanda qızıl çıxaran şirkətlər – “Azərgold”, “Anglo Asian Mining PLC” mövcuddur ki, bu şirkətlərin də qızıl qiymətinin artması nəticəsində satışdan gəlirləri artacaq. Mənfi tərəfi isə qızılı zinət əşyası kimi əldə edən və ya hədiyyəlik kimi alan vətəndaşlar üçün olacaq. Yəni bazarda qızıl almağa məcbur olan vətəndaşlar zinət əşyalarını daha baha qiymətə almaq məcburiyyətində qalacaqlar”. Qeyd edək ki, Azərbaycan bazarında qızılın qiyməti dünya bazarındakı qiymətlərlə paralel olaraq dəyişir. Indilikdə qızılın qiymətinin artması alıcılar və satıcılar üçün ciddi çətinliklər yaradır.

Ramil QULİYEV

Seçilən
21
baki-xeber.com

1Mənbələr