İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar fonunda Türkiyə təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə çatdırıb və bölgə ölkələri ilə diplomatik əlaqələri intensiv şəkildə davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.
Nazir qeyd edib ki, Türkiyə bölgədəki gərginliyi yaxından izləyir və milli təhlükəsizliklə bağlı bütün mümkün ssenarilərə hazırdır.
“Qəzzada humanitar fəlakətə səbəb olan, Livanı sabitsizliyə aparan və bu gün də İranı hədəf alan İsrail bölgəni xaosa aparmaq cəhdlərindən ən qısa zamanda əl çəkməlidir. Bölgəmizdə getdikcə artan gərginliyin diqqəti Qəzzadan ayırmasına imkan verməməliyik. ABŞ Prezidenti Donald Trampın nüvə müzakirələri ilə bağlı başlatdığı müzakirələrin davam etməsi nüvə mübahisəsinin səbəb olduğu münaqişənin həlli üçün yeganə üsuldur. Diplomatiya müharibənin yeganə alternatividir",- nazir bildirib.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.
Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.
İran Prezidenti Məsud Pezeşkian və Ali Rəhbər Əli Xamanei İranın İsrailə cavab zərbəsi endirəcəyini bəyan edib.