BAKI, 13 iyun. TELEQRAF
Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Ünal Üstel Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cənab baş nazir, Türk Dövlətləri Təşkilatının (TDT) İqtidar Partiyaları Zirvəsinə qatılmaq üçün ölkəmizdə rəsmi səfərdəsiniz. Bu səfərin əhəmiyyəti və gözləntiləriniz barədə fikirlərinizi bölüşməyinizi istərdik.
- Öncə deyim ki, Azərbaycana Şimali Kipr Türk Cümhuriyyəti adından salam və sevgilərimi gətirdim. Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinə hər cür dəstək verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatında üç dəfə Şimali Kipr Türk Cümhuriyyətinin tanınması ilə bağlı çağırış etdikdən sonra Azərbaycan prezidentinin bu çağırışa tam dəstək verməsi bizi son dərəcə məmnun etdi. Fürsətdən istifadə edib, hər iki dövlət başçısına qəlbən təşəkkürümü çatdırmaq istəyirəm. Məhz bu dəstək sayəsində biz Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olduq.
Müşahidəçi üzv statusunu qazandıqdan sonra Türk Dövlətləri Təşkilatının bütün yüksək səviyyəli toplantılarına - istər nazirlik, istərsə də prezidentlər səviyyəsində - daim dəvət olunuruq. Bu səfər çərçivəsində bir daha Bakıya gəldik və özümüzü sanki evimizdəki kimi hiss edirik.
Yeni Azərbaycan Partiyası, Ədalət və İnkişaf Partiyası, eləcə də mənim təmsil etdiyim Şimali Kipr Türk Cümhuriyyətinin hakim Ulusal Birlik Partiyası arasında üç tərəfli əməkdaşlıq protokolu imzalamışıq. Protokol çərçivəsində artıq üç qardaş ölkənin iqtidar partiyalarının birgə fəaliyyət göstərməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, bu əməkdaşlığın hansı istiqamətlərdə və çərçivədə həyata keçirilməsi barədə razılığa gəlmişik.
Əməkdaşlıq çərçivəsində irəlilədikcə “Bir millət, üç dövlət”in övladları olaraq bütün sahələrdə əməkdaşlığı genişləndirmək üçün təşəbbüslər göstərməyə başladıq. Bütün bunları həyata keçirilərkən təhsil, turizm, iş adamlarımızın münasibətləri ilə yanaşı, digər sahələrdə də – ehtiyac olduqda sosial, mədəni və sənət mövzularunda da əlaqələri gücləndirməyə çalışdıq. Bir tərəfdən partiyalararası əməkdaşlıqdan danışdıq, digər tərəfdən isə dövlətlərarası əlaqələr mövzusunu müzakirə etdik.
Hazırda Şuşa bizim üçün xüsusi məkandır. Çünki vaxtilə Azərbaycandan qoparılmışdı, böyük mübarizələr nəticəsində, çox sayda şəhid verilərək geri qaytarıldı. Zirvənin məhz Şuşada keçirilməsi bizim üçün ayrıca əhəmiyyət daşıyır. Keçmişdə Şuşada baş verən hadisələrin bənzəri Şimali Kipr Türk Cümhuriyyətində də yaşanıb. Bizim xalqımız Türkiyənin böyük dəstəyi ilə azadlığına qovuşdu. Şuşada şəhid olanların qarşısında bir daha hörmət və ehtiramla baş əyirik.
Şimali Kipr Türk Cümhuriyyətində baş verən hadisələri və Türk Dövlətləri Təşkilatında artıq müşahidəçi yox, daimi üzv olmaq istədiyimizi həmin toplantıda bir daha dilə gətirəcəyik. Türk dövlətləri arasındakı münasibətlərin ən yüksək səviyyəyə çıxarılması üçün aparacağımız işlərlə daha yaxşı nəticələr əldə etməyi düşünürük. Bu çərçivədə həm Şuşa Zirvəsindəki toplantılarda, həm də digər türk dövlətləri ilə keçirəcəyimiz təmaslarda onları ölkəmizə dəvət edəcəyik, eyni zamanda onların ölkələri ilə daha sıx əməkdaşlıq qurmaq üçün təşəbbüslər göstərəcəyik. Bu, bizim üçün böyük bir fürsətdir.
Mən inanıram ki, bu təmaslardan sonra Türk Dövlətləri Təşkilatı daxilində daha güclü şəkildə yerimizi alacağıq.
- Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud siyasi münasibətləri və bu əlaqələrin hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?
- YAP, AKP və bizm Ulusal Birlik Partiyasının imzaladığı protokol çərçivəsində təşkilatlarımız arasında əməkdaşlığı davam etdiririk. Əvvəlcə qərar aldıq ki, gənclər təşkilatlarımızı, yəni gənclərimizi bir araya gətirək. Onları öz mədəniyyətlərimizlə tanış edək. Çünki keçmişə nəzər saldıqda görürük ki, tariximiz birdir, eyni duyğuları yaşamış insanların köklərindən gələn gənclərimiz - övladlarımız var.
Bir ay əvvəl üç partiyanın gənclərini bir araya gətirdik. Bir sıra tədbirlər keçirildi, seminar və elmi toplantılar təşkil olundu. Həmin çalışmalar çərçivəsində bu görüşlərin daha tez-tez keçirilməsi üçün bir təqvim müəyyən olundu. Hazırda həmin təqvimə uyğun fəaliyyət davam edir. Təbii ki, bu, yalnız ilk addımdır. Bu addımdan sonra qadınlarımızla da eyni görüşləri təşkil edəcəyik. Bəzən Bakıda, bəzən Türkiyədə, bəzən də Şimali Kipr Türk Cümhuriyyətində toplantıı keçirəcək və insanlarımızın bir-birilə daha çox yaxınlaşmasını və əlaqələrinin möhkəmlənməsini təmin edəcəyik.
Bu gün Bakıda olmağımızın əsas səbəblərindən biri də II Türk Ticarət Sərgisində iştirak etmək idi. Şimali Kipr Türk Cümhuriyyətinin iş adamlarının yüksək səviyyədə sərgiyə qatılması təmin olunub. Təxminən 20-dən çox Şimali Kipr Türk Cümhuriyyəti iş adamı ölkəmizin istehsal etdiyi məhsulları sərgilədilər. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələri və digər ölkələrdən gəlmiş iştirakçılarla birlikdə sərgi mühiti bir tanışlıq və əlaqə platformasına çevrildi.
Sərgidə bizim əsas məqsədimiz Türk Dövlətləri Təşkilatı ilə birlikdə həm istehsal etmək, həm də birlikdə qazanmaqdır. Bu baxımdan, öz daxili bazarlarımızda istehsal etdiklərimizi Türk Dünyasına təqdim etmək və ya bu məhsulları Türk Dünyasında bir marka halına gətirməklə bizdən daha güclü və daha böyük dövlətlər olmayacağına inanırıq.
Buna görə də bu cür tədbirlərə böyük önəm veririk və gələcəkdə də önəm verməyə davam edəcəyik. Tarixə nəzər saldıqda görürük ki, Şimali Kipr Türk Cümhuriyyətində yaşayan insanlarımızın keçmişdə yaşadığı hadisələr, Azərbaycanın və digər Türk dövlətlərinin yaşadıqları ilə eyni mahiyyətdə olub. Eyni soyqırımlar, eyni ədalətsizliklər bizim də başımıza gəlib. Tarixi bağlarla bir-birinə bağlı olan ölkələrimizin daha sıx bir araya gəlməsi, xalqlarımızın daha çox yaxınlaşması üçün yeni addımlar atırıq.
Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasında hava yolu xətti qurmaq təşəbbüsümüz var. Təhsil sahəsində artıq əməkdaşlığa başlamışıq, indi isə turizm sahəsində əməkdaşlığa start vermək ərəfəsindəyik.
- İki ölkə arasında iqtisadi əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?
- Türk iş adamlarının iştirak etdiyi II Türk Ticarət Sərgisi iqtisadi sahədə bir ticarət layihəsidir. Bu sərgidə biznes dünyasındakı iş adamlarının bir araya gəldiyini görmək və ən əsası, Şimali Kipr Türk Cümhuriyyətindən gələn iş adamlarının hazırladığı sərgidə Türk Dünyasının bir-birinə daha çox inteqrasiyası, birgə istehsalın təşviqi, ortaq markalaşma və birgə inkişaf kimi hədəflərin ortaya qoyulması oldu.
Biz bu məsələlərə böyük önəm veririk, çünki inandığımız əsas prinsip budur. İstər iqtisadiyyatda olsun, istər nəqliyyatda, istərsə də idmanda - türkün türkdən başqa dostu yoxdur. Bu səbəbdən də biz Türk Dövlətləri Təşkilatına böyük məna yükləyirik, Türk Dünyasına dərin önəm veririk.
İqtisadiyyatın bütün sahələrində əməkdaşlıq yaratmaq üçün həm ticarətlə məşğul olan iş adamlarını, həm də digər sahələrdə fəaliyyət göstərən şəxsləri bir araya gətirmək istiqamətində ciddi səy göstəririk. Bu cür əlaqələr sayəsində iş adamlarımızın da bir-birilə əməkdaşlıq etməyə başlayacağına inanırıq.
Azərbaycanla yanaşı, Şimali Kiprdən də investisiyalar qoyularaq daha çox iş adamını bir araya gətirəcəyik. Onlar həm istehsal edəcək, həm də investisiya yatıracaqlar. Bununla da Türk Dünyasında haqq etdiyimiz yeri tutmuş olacağıq.
- Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi siyasi və diplomatik dəstəyi hansı aspektlərdən qiymətləndirirsiniz və bu dəstəyin gələcəkdə hansı istiqamətlərdə inkişaf etdirilməsi mümkündür?
- Biz artıq bunu hər platformada və bütün sahələrdə görürük ki, Azərbaycan bizə böyük dəstək verir. Sonuncu dəfə Antalyada keçirilən Diplomatiya Forumunda cənab İlham Əliyevin mətbuata verdiyi açıqlama ölkəmiz üçün çox önəmli idi.
Artıq Şimali Kipr Türk Cümhuriyyətinin tanınması üçün bizə dəstək verəcəklərini bildirdi və bu, bizi çox sevindirdi. Türkiyədən sonra bizə ən böyük dəstəyi verən Azərbaycan Prezidenti İlham Əliyevdir. İnanıram ki, hər platformada belə dəstəklərlə Şimali Kipr Türk Cümhuriyyəti daha möhkəm mövqeyə sahib olacaq.
- Şimali Kipr Türk Cümhuriyyətinin digər türk dövlətləri ilə siyasi və inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?
- Biz, təbii ki, türk dünyasının ölkələriylə əməkdaşlığımızı və qarşılıqlı əlaqələrimizi ən yüksək səviyyəyə çatdırmaq istəyirik. Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv olmağımız isə bəzi dövlətləri narahat edir. Onlar türk dünyası içərisindəki dövlətlərə qarşı yerli-yersiz təzyiqlər tətbiq edirlər. Bu isə, əlbəttə, bizi narahat edir.
Ancaq bizim müşahidəmiz ondan ibarətdir ki, nə qədər təzyiq göstərilsə və nə qədər önləyici addımlar atılsa da, Türk Dövlətləri Təşkilatı daxilində həm simpatiya, həm də əməkdaşlıq günü-gündən güclənir. Necə ki, bəzi təzyiqlərin nəticəsi olaraq türk dövlətləri əleyhinə Cənub Kipr Yunan Administrasiyasında müəyyən ofislər açmaq təşəbbüsləri olub, biz də buradan bütün Türk dövlətlərinə bir daha çağırış edirik: Əlbəttə, siz Cənub Kiprdə ofis aça bilərsiniz. Amma inanırıq ki, eyni zamanda Şimali Kiprdə də diplomatik nümayəndəliklərin açılması lazımdır.
Çünki Şimali Kipr Türk Cümhuriyyətində türk dövlətlərindən gələn çoxlu sayda tələbə təhsil alır və bu əlaqələrin daha da gücləndirilməsi vacibdir. Şimali Kiprdə işləmək və turizm məqsədilə səfər edən azərbaycanlı qardaşlarımız da var. Onların ehtiyaclarını qarşılamaq üçün biz, ölkəmizdə də bir nümayəndəlik - ofis açılmasını istəyirik.
Mən inanıram ki, xarici dünyadan nə qədər təzyiq gəlsə də, türk dünyasının bizə göstərdiyi simpatiya və dəstək gücü daim davam edəcək.
- Azərbaycan şirkətləri üçün Şimali Kipr Türk Cümhuriyyətində investisiya qoyuluşu baxımından mövcud imkanlar və perspektiv sahələr hansılardır?
- Bakıda keçirilən ticarət sərgisinin əsas mövzularından biri də iş adamlarını bir araya gətirməkdir. Bir müddət əvvəl Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab Ersin Tatarla birlikdə Bakıya gəldik. Burada iş adamları ilə görüşdük və onlara müraciət etdik: Şimali Kiprə gəlin, sizə dəstək olaq və orada lazımi sərmayələri yatırın.
Biz dövlət olaraq, Azərbaycandan gələn və gələcək iş adamlarına istənilən sahədə investisiya qoymaq istədikləri mövzularda, dövlətin imkanları çərçivəsində onların qarşısındakı maneələri aradan qaldırmaq üçün çalışırıq. Bir daha çağırış edirik: gəlin, Şimali Kiprdə birlikdə istehsal edək, birlikdə toplanaq.
Hər zaman Azərbaycan qardaşlarımıza çağırış etdik. Biz bu çağırışları əvvəllər etdiyimiz kimi, bu gündən sonra da etməyə davam edəcəyik. Harada və hansı sahədə investisiya qoyulacaqsa, bizim artıq həmin sahələr üçün tətbiq etdiyimiz dəstək və təşviq sistemləri mövcuddur.
Həmin təşviq sistemləri çərçivəsində istənilən sahədə sərmayə qoyacaq iş adamlarına uyğun güzəştlər və imkanlar təqdim edilir. Xüsusilə Türk Dövlətləri Təşkilatından bir iş adamı Şimali Kipr Türk Cümhuriyyətinə sərmayə yatırmaq üçün gələrsə, ona bütün qapıların açılacağına mən Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri olaraq şəxsən söz verirəm.
- Az əvvəl qeyd etdiniz ki, iki ölkə arasında təhsil sahəsində müəyyən əməkdaşlıq qurulub. Bu əməkdaşlığın konkret istiqamətləri və gələcək inkişaf perspektivləri barədə fikirlərinizi bölüşə bilərsinizmi?
- Əvvəllər Azərbaycandan Şimali Kiprə gələn tələbələrimizin sayı çox idi. Böyük bir hissə əsasən incəsənət sahəsində təhsil alırdı. Hazırda Şimali Kipr Türk Cümhuriyyətində 23 universitet fəaliyyət göstərir və bu ali təhsil müəssisələri demək olar ki, bütün sahələr üzrə təhsil imkanı təqdim etdiyindən, tələbələr üçün Şimali Kipr cəlbedici seçimə çevrilir. Buna baxmayaraq, biz Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə bir araya gəldikdə, iki ölkə arasında tələbə sayının artırılması ilə bağlı danışıqlar apardıq.
Bu istiqamətdə iki ölkənin təhsil nazirləri arasında bir sıra əməkdaşlıq işləri həyata keçirildi. Nəticədə müşahidə etdik ki, Azərbaycan xaricə çoxsayda tələbə göndərən ölkələrdəndir. Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələrin sayı nisbətən az olsa da, ötən il bu sahədə müsbət dinamika müşahidə olundu və 23 universitetdə tələbə sayı artmağa başladı.
Əgər bizim gənclərimiz də Azərbaycanda təhsil almaq istəyirlərsə, biz bu istiqamətdə də işlər aparırıq. Hətta zaman-zaman bildiririk ki, bizim universitetlərimiz Azərbaycanda keçirilən təhsil sərgilərində iştirak edərək, öz tədris sahələrini təqdim edə bilərlər.
Hər iki ölkənin təhsil nazirləri arasında görüşlər davam etdirilir.