AZ

15 İyun Azərbaycan tarixində dövlətçilik iradəsinin təntənəsidir - RƏY

Bakı, 13 iyun, AZƏRTAC

15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın çağdaş tarixində dönüş nöqtəsidir. Bu gün təkcə bir siyasi hadisənin ildönümü deyil, həm də dövlətçilik təfəkkürünün, milli birliyin və vətəndaş məsuliyyətinin simvoluna çevrilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Azu Bağırova söyləyib.

QHT sədri bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqillik əldə etsə də, real dövlətçilik institutu, idarəetmə təcrübəsi və ictimai sabitliklə bağlı tam mənası ilə 1993-cü ilin 15 iyununa vurğu etməyimiz təsadüfi deyil. “Müstəqilliyimizin ilk illəri əsasən xaos, separatizm, hərbi qarşıdurmalar və iqtisadi tənəzzüllə müşahidə olunurdu. Təcrübəsiz idarəçilik nəticəsində ölkə vətəndaş müharibəsinə sürüklənmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ilin iyununda isə tarix bir daha sübut etdi ki, xalq öz xilaskarını tanıyır və ona arxalanır.

Ulu Öndər Heydər Əliyevin xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdışı yalnız bir şəxsin siyasi səhnəyə dönməsi deyildi. Bu, Azərbaycanın tarixi missiyası idi – sabitlik və hüquqi normaların bərqərar olması, hüquqi dövlət quruculuğunun başlanğıcı. Hər bir vətəndaş, xüsusilə gənc nəsil bilməlidir ki, bugünkü sabitliyin, inkişafın, beynəlxalq nüfuzun təməlində məhz o tarixi qayıdış çox önəmli yerə və rola malikdir”, - deyə o qeyd edib.

15 İyunun yalnız keçmişin deyil, həm də gələcəyin günü olduğunu diqqətə çatdıran A.Bağırova vurğulayıb: “Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə məhz həmin ideoloji-siyasi xətti uğurla davam etdirir. Qalib dövlət, Zəfər qazanmış xalq olaraq biz bu siyasi irsin gerçək nəticələrini yaşayırıq. Qarabağ, Zəngəzur torpaqlarında üçrəngli Bayrağımızın dalğalanması, Böyük Qayıdış prosesinin başlaması və Azərbaycanın beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi çıxış etməsi bu siyasi xəttin davamlı uğurlarıdır.

Milli Qurtuluş Günü hər bir Azərbaycan vətəndaşı üçün həm tarix dərsi, həm də milli birlik çağırışıdır. Bu günün mənəvi və siyasi dəyəri gələcək nəsillərə vətən sevgisini, dövlətçilik məsuliyyətini və liderliyin önəmini aşılayan dəyərli örnəkdir”.

Seçilən
41
azertag.az

1Mənbələr